525.Az

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

“TEAS Press” Nəşriyyat Evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi 3”ün nəticələri bəlli olub.

APA xəbər verir ki, mükafatlandırma mərasimi “LIBRAFF”ın “Park Akademiya” filialında keçirilib.

Mərasimdə ədəbiyyat və incəsənət adamları, media mənsubları iştirak edib.

Tədbirdə çıxış edən ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli bildirib ki, həm dilimizin üslubi imkanları, həm qrammatik normaları, həm də ədəbi-bədii üslubun müxtəlif çalarları burada kifayət qədər geniş şəkildə öz əksini tapır: “Bu əsərlərin bəziləri təkcə toxunduqları mövzulara, verdikləri mesajlara görə deyil, həm də Azərbaycan dilinin bədii ədəbiyyatda işlənmə səviyyəsini nümayiş etdirmələrinə görə seçilirlər.

Müsabiqənin təşkilatçılarına təşəkkür edir, iştirakçılara minnətdarlığımı bildirirəm ki, bir-birilərinə diqqət və dəstək göstərirlər. Eyni zamanda, bu müsabiqənin yekun tədbirinə toplaşan qələm adamlarına, oxuculara və ədəbiyyat təəssübkeşlərinə də təşəkkür edirəm ki, bu müsabiqəyə maraq göstərir, onun əhəmiyyətini bir daha vurğulayır və yekun mərhələdə iştirak etməklə bunu əməli şəkildə ifadə edirlər”.

Ədəbiyyatşünas Mətanət Vahid bu müsabiqənin uzunömürlü olacağına ümid etdiyini bildirib: “Məndən tez-tez “indi hansı kitabı oxuyaq?” deyə soruşurlar. Mən çox rahatlıqla bu müsabiqədə qalib olmuş romanların adını verə bilirəm.

Bəzən müsabiqəyə göndərilən romanlarda süni intellektdən istifadə edildiyini gördük. Əvvəlki illərdə yazılarda bu qədər süni intellektdən istifadə olunmurdu”.

Filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli deyib ki, bu müsabiqədə bir çox istedadlı gəncləri tanıyıblar, yeni imzaları görüblər: “Düşünürəm ki, belə müsabiqələrin olması gənc müəlliflər üçün motivasiyadır. Bundan əvvəlki iki müsabiqədə də maraqlı imzalar gördük. Ümid edirəm ki, bu müsabiqə davamlı olacaq”.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, bu gün Azərbaycanda mütaliə vərdişinin formalaşdırılması və yazıçılığa marağın artırılması istiqamətində təkcə dövlət qurumları deyil, eyni zamanda, ictimai birliklər və özəl təşkilatlar da fəal iştirak edirlər: “Bu qurumlar arasında “TEAS Press” nəşriyyatını xüsusilə qeyd etmək lazımdır. Bu müsabiqə gənc yazarlar üçün ciddi stimul yaradır. Birinci, ikinci və üçüncü yerlərin qalibləri üçün xüsusi pul mükafatları təsis edilib. Eyni zamanda, onların əsərləri kitab şəklində nəşr olunur. Ötən illərin qaliblərinin kitablarının yüksək poliqrafik keyfiyyətlə çap olunmasının şahidi olmuşuq. Burada həmçinin etibarlı, peşəkar və savadlı münsiflər heyəti fəaliyyət göstərir”.

Çıxışlar yekunlaşdıqdan sonra qaliblərin adları elan olunub.

Qalib Vasif Zahidovun “Qaracağların köklərindəki pıçıltı” romanı, II yerin qalibi Seymur Həmzəyevin “Gələn dəfə kral sənsən” romanı, III yerin qalibi isə Namiq Səfərlinin “Əncir ağacı” romanı olub.

Qalib romanın müəllifinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1500 manat mükafat verilib.

Həmçinin qalib roman “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.

 

 





19.06.2026    çap et  çap et