525.Az

"Bunun təməli isə universitet partasından qoyulmalıdır" - Nəqliyyat eksperti


 

"Bunun təməli isə universitet partasından qoyulmalıdır" - <b style="color:red">Nəqliyyat eksperti</b>

“Nəqliyyat sahəsində təhsil müasirləşməli, istehsalatda və praktikada tətbiq olunan yeniliklər universitet auditoriyalarına daşınmalıdır.Tələbələr yalnız yolların və körpülərin layihələndirilməsini deyil, magistral nəqliyyat dəhlizlərinin qitələri necə əlaqələndirdiyini, daşınan yükün növünün marşrut və infrastruktur seçimlərinə təsirini, müxtəlif hərəkət iştirakçılarını bir araya gətirən çoxfunksiyalı küçələrin əhəmiyyətini və şəhər mobilliyinin iqtisadiyyatdakı rolunu öyrənməlidirlər. Bununla yanaşı, müasir layihə idarəetməsi, FIDIC standartları, ətraf mühitə təsirlərin qiymətləndirilməsi, icmalarla iş, tikinti dövründə bütün hərəkət iştirakçıları üçün alternativ şəraitin yaradılması və təhlükəsizlik mədəniyyəti tədrisin ayrılmaz hissəsinə çevrilməlidir”.

Bunu 525.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev söyləyib. Onun sözlərinə görə, xüsusilə rəqəmsal əkizlər (Digital Twin), makro və mikro nəqliyyat simulyasiyaları nəqliyyatla əlaqəli bütün ixtisasların proqramlarına daxil edilməlidir. Bu alətlər nəqliyyat sistemlərini daha yaxşı anlamağa, əməliyyatları optimallaşdırmağa, səmərəliliyi artırmağa və mürəkkəb proseslərin qarşılıqlı əlaqəsini görməyə imkan verir:

“Azərbaycanın nəqliyyat qurumlarına “proseslər fabriki” lazımdır. Nəqliyyat modelləşdirilməsi sayəsində yeni yolların, qovşaqların, metro və dəmir yolu layihələrinin təsiri əvvəlcədən qiymətləndirilə, risklər aşkarlana və daha əsaslandırılmış qərarlar qəbul edilə bilər.  İlk baxışdan maket kimi görünən bu sistem əslində nəqliyyat axınlarının, idarəetmə alqoritmlərinin, dispetçer qərarlarının və infrastruktur elementlərinin qarşılıqlı əlaqəsini nümayiş etdirən canlı laboratoriyadır. Burada qatarlar və avtomobillər müəyyən edilmiş alqoritmlərlə hərəkət edir, sistem mümkün toqquşmaları və gecikmələri idarə edir, texniki nasazlıqlar və əməliyyat riskləri isə real vaxtda müşahidə olunur. Belə layihələr göstərir ki, nəqliyyat modelləşdirilməsi sadəcə hesablama deyil. Bu, davranışın, texnologiyanın, idarəetmənin və infrastrukturun vahid sistem kimi işləməsini öyrənmək üçün ən effektiv vasitələrdən biridir. Gələcəyin nəqliyyat mühəndisi yalnız layihə çəkməyi deyil, həm də sistemi bütöv şəkildə görməyi bacarmalıdır. Bunun təməli isə universitet partasından qoyulmalıdır”.

Sevinc Qarayeva 
 

 





19.06.2026    çap et  çap et