525.Az

Habil Məmmədovun 60 illik yubileyi qeyd edilib


 

Habil Məmmədovun 60 illik yubileyi qeyd edilib<b style="color:red"></b>

19 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının təşkilatçılığı ilə YAP Kürdəmir rayon təşkilatında tanınmış alim, tarix elmləri doktoru, professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdən öncə professor Habil Məmmədov və qonaqlar Kürdəmir rayon Şəhidlər xiyabanını ziyarət etdilər. Sonra Kürdəmir rayon İcra  Hakimiyyətinin Başçısı Elşən Həsənli qonaqları qəbul edib və qonaqlarla çay süfrəsi ətrafında Habil Məmmədovun və digər kürdəmirli ziyalıların elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında fikir mübadiləsi ediblər.

Qəbuldan sonra YAP Kürdəmir rayon təşkilatında yubiley tədbiri davam edib. Tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı professor Habil Məmmədovun həyatı və elmi fəaliyyətindən bəhs edərək onun 2 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 kitab (tərcümə), 80-dən çox elmi məqalə və konfrans materialları, 20-dək proqram və 2 metodik vəsaitin müəllifi olmasından, elmi məqalələrinin Rusiya Federasiyasında, Ukraynada, Polşada, Qazaxıstanda və Bolqarıstanda çap edildiyini, Habil müəllimin Azərbaycanda Bolqarıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tarixinə dair ana dilində ilk dərslik və dərs vəsaitləri nəşr etdirərək respublikamızda slavyanşünaslığın tədrisi və öyrənilməsi işinə mühüm töhfə verməsindən danışıb.

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov çıxış edərək Bakı Slavyan Universitetinin “Sosial elmlər və Regionşünaslıq” fakültəsinin dekanı Habil Məmmədovun 30 ildən artıq ali təhsil müəssisələrində təcrübəsi olan bir pedaqoq, alim kimi zəngin təcrübəsindən, Azərbaycan,  Avropa və Şərq ölkələrinin tarixi, Dünyanın siyasi tarixi, Yeni dövr tarixi, Etnologiya, Beynəlxalq münasibətlər tarixi, Geosiyasət və s. fənləri gənc nəslə tədris edən cəfakeş alim kimi yüzlərlə mütəxəsislər yetişdirməsindən, neçə-neçə elm yoluna qədəm qoyan doktorant və dissertantlara elmi rəhbər olmasından, dəyərli tövsiyələri ilə gənc mütəxəsislərin yoluna çıraq tutmasından söhbət açıb.

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, AMEA Arxeologiya Antropologiya İnstitutunun şöbə müdiri, professor Qafar Cəbiyev çıxışında Habil Məmmədovun ölkəmizdə tarix elminin inkişafına, ali təhsilin yüksəlişinə və gənc nəslin yetişdirilməsinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə söz alan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Ağəli Kərimli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon Təşkilatının sədri Ayaz Cəbrayılov, Habil Məmmədovun orta məktəb müəllimi Həcər Məmmədova, Kürdəmir rayon tarix-diyarşünaslıq muzeyinin müdiri Altay İslamzadə, gənc tədqiqatçı Nuralı İsmayılov, ailə üzvlərindən qardaşı Fikrət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Simuzər Bağıyeva çıxışlarında yubilyarın zəngin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətləri, vətənpərvərliyi, doğma yurduna bağlılığı və ictimai fəallığını da xüsusi vurğulayaraq onun həm alim, həm pedaqoq, həm də ziyalı kimi cəmiyyətdə böyük nüfuz qazanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Monitor vasitəsilə tədbirə qoşulan “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü, Ukrayna Dövlət Regionlararası İdarəetmə Akademiyasının professoru Azad Ömərov, Tarix Elmləri doktoru, professor Nərgiz Əliyeva, Habil Məmmədovun müəllimi İradə Ömərova yubilyar haqqında dəyərli fikirlərini söyləyərək, ona xoş arzularını bildiriblər.

Tədbirin sonunda professor Habil Məmmədov ona göstərilən diqqət üçün tədbirin təşkilatçısı – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Xaqani Şirvani adına Aran Regional filialına, qonaqlara və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 





20.06.2026    çap et  çap et