Hər həyat bəzən görünməz bir xətlə bölünür. Bir tərəfdə ümidlər, xəyallar, ailə nisgili... Digər tərəfdə isə susdurulan fəryadlar, işığa çıxmayan həqiqətlər və yarımçıq, uğursuz talelər...
525.az xəbər verir ki, bütün bunlar gənc müəllif Furqan Əliyevin yeni çap edilmiş “Kəsr” romanının əsasını təşkil edir. “Kəsr” təxminən yarım əsr öncənin ziddiyyətli ictimai mühitində günahsız yerə həbs olunmuş, arvadını qətlə yetirmək ittihamı ilə edam cəzasına məhkum edilmiş müəllim Sükutun taleyinə güzgü tutur.
Həbsxananın soyuq divarları arasında o, həm keçmişini, həm də həyatının ən qiymətli parçalarını – bacısı Səkinəni və yeniyetmə qızı Arzunu həsrətlə, peşmanlıqla xatırlayır.
Azadlıqda isə Arzu atasının hədiyyə etdiyi qrammofon valları ilə yaşayan xatirələrə sığınır. Onun üçün musiqi sadəcə səs deyil – itirilmək üzrə olan bir ailənin son ümididir.
Sükutun nüfuzlu və qəddar qayınatası ədaləti öz gücü ilə əvəz etməyə çalışarkən, talelər daha da parçalanır. Həqiqət və ədalət isə bəzən çox qatı, dözülməz sükutun arxasında gizlənir...
“Kəsr” yalnız bir insanın faciəsi deyil. Bu roman ədalət və güc qarşıdurmasını, ailə bağlarının sarsılmazlığını, sevginin və yaddaşın zaman qarşısında necə müqavimət göstərdiyini sarsıdıcı emosional təsvirlərlə oxucuya təqdim edir.
Gənc müəllif burada psixoloji dram və detektiv janrını, sosial ədalət mövzuli mətnləri və insan talelərinin pərdəarxası cizgilərini öyrənməyi sevən oxucular üçün unudulmaz bir oxu təcrübəsi ortaya qoyur. Gərgin süjet xətti, canlı obrazlar və dərin emosional atmosfer oxucunun diqqətini ilk səhifədən sonuncuyadək öz cazibəsində saxlayır.
“Kəsr” öz oxucusunu əsasən bir sualla üz-üzə qoyur: Bəzən həqiqəti tamam susdurmaq mümkündürmü, yoxsa sükutun özü də ən böyük etirafdır?...
Furqan Əliyev son zamanlar mətbuatda və elektron mediada şeirləri, hekayələri ilə çıxış edib, yazı müsabiqələrində fərqlənib. Ədəbiyyata, musiqiyə, kinoya böyük marağı var. İncəsənətin çox sayda parlaq nümunəsi ilə yaxından tanışlığı onun zövqünə, dünyagörüşünə ciddi təsir edib və onda yaradıcılığa dərin həvəs oyadıb. Təsadüfi deyil ki, “Kəsr”in qapağında F.Əliyev özünü qısa, amma diqqətçəkən formada belə təqdim edir:
“2010-cu ildə dünyaya gəldi. Musiqidə “The Beatles”ı, kinoda Tarkovskini, ədəbiyyatda isə Qoqolu tanıdığı gündən onlardan ayrıla bilmədi. 12 may 2024-cü ildə bu romanı yazıb tamamlamaqla qaranlıqdan işığa çıxdı. Bioqrafiya davam edir...”
Gənc müəllifin davam edən bioqrafiyasında ona yeni uğurlar arzulayırıq.
çap et