525.Az

“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada elmi və mədəni ictimaiyyətə təqdim olunur


 

“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada elmi və mədəni ictimaiyyətə təqdim olunur<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın tarixi-mədəni irs obyektlərinin tanıdılması” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin italyan dilində nəşr olunmuş “Patrimonio Archeologico dell'Azerbaigian” (“Azərbaycanın arxeoloji irsi”) kitabının İtaliyada təqdimatı və yayımı uğurla davam edir.

525.az xəbər verir ki, layihə çərçivəsində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Assosiasiyası arasında əldə olunmuş razılığa əsasən, kitabın yayımı ilk növbədə mədəni irsin öyrənilməsi, qorunması, konservasiyası, bərpası və təbliği sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrini, universitetləri, muzeyləri, kitabxanaları, bərpa laboratoriyalarını və ixtisaslaşmış mədəniyyət təşkilatlarını əhatə edir. Bu məqsədlə Azərbaycandan 200 nüsxə kitab İtaliyaya gətirilib və onların ölkə üzrə paylanması üçün YOCOCU Assosiasiyasına təhvil verilib.

Kitabın beynəlxalq təqdimat proqramı 15-16 iyun tarixində Florensiya şəhərində başlanıb. Bu çərçivədə kitabın nüsxələri Florensiya Arxeologiya Muzeyinə, Florensiya Milli Mərkəzi Kitabxanasına və Florensiya Universitetinin Arxeologiya Departamentinə təqdim edilib. Müəllifin sufizm və mənəvi arxeologiya istiqamətində apardığı tədqiqatlar nəzərə alınaraq kitabın bir neçə nüsxəsi Certosa del Galluzzo monastırına da təqdim edilib. Monastırın elmi mühiti və burada fəaliyyət göstərən tədqiqatçıların nəşrdən faydalana biləcəyi vurğulanıb.

17 iyun tarixində kitabın təqdimatı Turin şəhərində yerləşən Chorus Design Centerdə keçirilib. Tədbirdə Camilla Biancotto, Cristiano Tosco və kitabın italyan dili üzrə filoloji redaktoru professor Luigi Scrinzi iştirak ediblər. Müəllif kitabın ərsəyə gəlmə məqsədi, hazırlanma prosesi, strukturu və əsas bölmələri haqqında ətraflı məlumat verib, Azərbaycanın arxeoloji irsi, kitabda əks olunan arxeoloji materiallar və muzey kolleksiyaları, həmçinin MİRAS və YOCOCU arasında son illərdə həyata keçirilmiş birgə layihələrdən bəhs edib. Tədbirin sonunda iştirakçılara müəllif tərəfindən imzalanmış kitablar hədiyyə edilib.

18 iyun tarixində kitabın təqdimatı Milan şəhərində yerləşən A.R.C. Arte Restauro e Conservazione Srl bərpa laboratoriyasında və Studio Ippogrifo peşəkar fotoqrafiya studiyasında davam etdirilib. Tədbir zamanı Prof.Dr. Elena Astolfi başda olmaqla laboratoriya və studiyanın əməkdaşlarına kitabın əsas məqsədi, Azərbaycanın arxeoloji və mədəni irsinin İtaliya ictimaiyyətinə tanıdılması istiqamətində əhəmiyyəti və nəşrin elmi məzmunu barədə ətraflı məlumat verilib. Professor Luigi Scrinzi kitabın elmi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan ilə İtaliya arasında elmi və mədəni əməkdaşlığın inkişafına verəcəyi töhfələri xüsusi vurğulayıb. Təqdimatın sonunda müəllif tərəfindən imzalanmış kitablar iştirakçılara hədiyyə edilib, oxuculardan kitabı oxuduqdan sonra rəy və təkliflərini bölüşmələri xahiş olunub. Kitab Milan şəhərində milli kitabxanalarla yanaşı, bələdiyyə kitabxanalarına da hədiyyə edilib.

Layihə çərçivəsində kitabın nüsxələri həmçinin YOCOCU Assosiasiyasının prezidenti Andrea Macchia, konservasiya və bərpa sahəsində çalışan mütəxəssislər, eləcə də müxtəlif elmi və mədəniyyət müəssisələrinin nümayəndələrinə təqdim edilib. Kitabın İtaliyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən alimlər, bərpaçılar, muzey mütəxəssisləri və universitet müəllimləri tərəfindən maraqla qarşılanması nəşrin beynəlxalq elmi ictimaiyyət üçün əhəmiyyətini bir daha nümayiş etdirib.

Müəllif tərəfindən kitabın təqdim olunduğu bütün müəssisələrdən və mütəxəssislərdən nəşr haqqında rəy və təkliflərini bölüşmələri xahiş edilib. Bu fikirlərin gələcək nəşrlərin daha da təkmilləşdirilməsinə, italyan oxucularının maraq və gözləntilərinin nəzərə alınmasına, həmçinin kitabın elmi səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Layihə bir daha sübut edir ki, arxeologiya mədəni diplomatiyanın, beynəlxalq elmi əməkdaşlığın və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi üçün mühüm vasitədir. “Patrimonio Archeologico dell'Azerbaigian” kitabının İtaliyada aparıcı elmi və mədəniyyət müəssisələrinə təqdim olunması Azərbaycanın zəngin arxeoloji irsinin Avropa elmi məkanında tanıdılmasına, Azərbaycan-İtaliya elmi əlaqələrinin daha da möhkəmləndirilməsinə və gələcək birgə beynəlxalq layihələrin formalaşmasına mühüm töhfə verir.

 





21.06.2026    çap et  çap et