“Qızıl son illərdə geosiyasi risklər, inflyasiya gözləntiləri və investorların təhlükəsiz aktivlərə üstünlük verməsi səbəbindən daha çox tələb görür. Belə şəraitdə istehsal olunan məhsulun böyük hissəsi qısa müddətdə satışa yönəldilir. Gümüş istehsalındakı azalma da həmsöhbətimizə görə ümumən oxşar səbəblərdən qaynaqlanır. Çünki qızıl və gümüş çox vaxt eyni yataqlardan və ya eyni istehsal prosesləri çərçivəsində əldə olunur. Hasilatın ümumi tempinin zəifləməsi hər iki metalın istehsalına təsir edir”.
Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a deyib. Ekspertin sözlərinə görə, ölkəyə gətirilən qızılın qiyməti dünya bazarındakı kotirovkalar əsasında müəyyənləşir. Qiymət artdıqca idxal xərcləri yüksəlir və bu da zərgərlik məmulatlarının satış qiymətlərinə yansıyır. Bununla yanaşı, emal, daşınma, gömrük və yerli ticarət xərcləri də son qiymətin formalaşmasında rol oynayır:
“Azərbaycanda qızıl təkcə investisiya vasitəsi deyil, həm də ailə və məişət ənənələrinin mühüm hissəsi hesab olunur. Bu səbəbdən qiymət artımları vətəndaşların büdcəsinə birbaşa təsir göstərir. Bazarda fəaliyyət göstərən zərgərlər də etiraf edirlər ki, son aylarda bəzi məhsullar üzrə qiymətlər artıb. Xüsusilə yüksək əyarlı qızıl məmulatlarında bahalaşma daha çox hiss olunur. Bunun nəticəsində alıcıların bir hissəsi daha yüngül çəkili məhsullara və ya aşağı əyarlı qızıllara üstünlük verməyə başlayıb”.
Sevinc Qarayeva
çap et