Yay aylarının gəlməsi, havaların isinməsi, məktəblərin bağlanması, iş yerlərində məzuniyyət dövrünün başlaması və xüsusilə şəhərlərdə bina evlərin içində uzun müddət qalmağın çətinləşməsi ilə birlikdə tətil söhbətləri də gündəmin əsas mövzularından birinə çevrilir. İnsan sanki ilin bütün yorğunluğunu bir neçə həftəlik istirahətin üzərinə yükləyir. “Bu yay harasa getmək lazımdır” düşüncəsi tədricən adi bir arzudan sosial bir gözləntiyə çevrilir. Dəniz, dağ, otel, kurort, xarici ölkə, ailəvi tur, uşaqlar üçün düşərgə, sosial mediada paylaşılacaq şəkillər... Yay artıq yalnız istirahət mövsümü kimi yaşanmır; həm də görünməyən bir yarışın, müqayisənin və bəzən də daxili narahatlığın səbəbinə çevrilir.
Əvvəllər yay tətili deyəndə çoxlarının ağlına kəndə getmək, nənə-babanın yanında qalmaq, həyət-bacada oynamaq, ağacdan meyvə dərmək, axşamlar sərinlikdə söhbət etmək gəlirdi. Bu, həm ucuz, həm təbii, həm də ailə bağlarını gücləndirən bir ənənə idi. Uşaqlar üçün kənd təkcə məkan yox, həyat məktəbi idi. Torpağa toxunmaq, heyvanlarla tanış olmaq, qohumlarla ünsiyyət qurmaq, böyük ailənin içində böyümək yay tətilinin görünməyən tərbiyəvi tərəfini təşkil edirdi. Bu gün isə həmin ənənə bir çox ailə üçün əvvəlki gücünü itirib. Kəndlə bağlar zəifləyib, nənə-babaların çoxu artıq əvvəlki kimi kənd həyatının içində yaşamır, rayonlara getmək də bir çox ailənin yay planında əvvəlki qədər rahat və öz-özünə yaranan bir imkan kimi görünmür. Təbii ki, hələ də kəndə, rayona üz tutan ailələr var. Amma bu, əvvəlki geniş sosial təcrübənin davamından çox, müəyyən ailələrin qoruyub saxladığı fərdi ənənəyə çevrilib.
Məhz bu boşluğu bazar doldurur. Yay istirahəti getdikcə daha çox paketlər, kampaniyalar, otel reytinqləri, “erkən rezervasiya” elanları və kredit təklifləri ilə təqdim olunur. Turizm sektoru dünyanın ən böyük iqtisadi sahələrindən birinə çevrilib. Qlobal miqyasda səyahət və turizm trilyonlarla dollarlıq dövriyyə yaradır, yüz milyonlarla insanın məşğulluğuna təsir göstərir. Bu rəqəmlər turizmin iqtisadi əhəmiyyətini göstərir. Ancaq eyni zamanda başqa bir sualı da gündəmə gətirir: bu böyük istirahət iqtisadiyyatının içində sadə ailənin yeri haradadır?
Çünki yay tətili qiymətləri həm ölkə daxilində, həm də xaricdə bir çox ailə üçün ciddi yükə çevrilib. Otel qiymətləri, yol xərcləri, qidalanma, uşaqlar üçün əlavə xidmətlər, ekskursiyalar və digər xərclər bir həftəlik istirahəti bəzən bir neçə aylıq gəlirin hesabına başa gətirir. Az təminatlı ailələr üçün isə bu məsələ daha ağrılıdır. Onlar üçün yay tətili seçimdən çox, imtahana bənzəyir: uşağı sevindirmək, ailəni istirahətə aparmaq, başqalarından geri qalmamaq, amma eyni zamanda borca düşməmək.
Bu vəziyyətdə sosial media narahatlığı daha da artırır. Yay aylarında lentlər dəyişir: kimisi dəniz kənarından, kimisi xarici ölkədən, kimisi lüks oteldən, kimisi bahalı restorandan şəkillər paylaşır. İş yoldaşlarının, rəfiqələrin, qohumların, qonşuların tətil görüntüləri insanın öz həyatına baxışını da dəyişdirir. Əslində başqasının istirahəti insanı narahat etməməlidir. Amma rəqəmsal mühitdə məsələ başqasının harada olması ilə məhdudlaşmır; insan istər-istəməz özünü həmin görüntülərin fonunda ölçməyə başlayır. “Biz niyə gedə bilmirik?”, “Uşaqlarım niyə bunu yaşamasın?”, “Hamı gedir, biz qalırıq” kimi suallar iç dünyada səssiz bir təzyiq yaradır. Üstəlik, yeni iş və dərs ili başlayanda iş, məktəb və tələbə yoldaşlarının öz “inanılmaz” yay tətili hekayələrindən və parlaq foto göstərişlərindən sonra verəcəkləri “Siz bu il harada istirahət etdiniz?” sualına qənaətbəxş cavab tapa bilməmək də ayrıca bir stress mənbəyinə çevrilir.
Bu təzyiq bəzən elə həddə çatır ki, ailələr real imkanlarını aşaraq kredit götürür, borca girir, bir həftəlik görüntü üçün aylarla, bəzən illərlə ödəniş etmək məcburiyyətində qalırlar. Tətilin mahiyyəti istirahət olduğu halda, nəticəsi yeni bir stressə çevrilir. İnsan dincəlmək üçün getdiyi yerdən qayıdanda qarşısında ödəniş cədvəli, borc xatırlatmaları və gündəlik həyatın daha ağır yükü dayanır. Beləliklə, yay tətili bəzən ruhu yüngülləşdirən bir fasilə olmaq əvəzinə, istehlak cəmiyyətinin insana yazdığı yeni bir borc hekayəsinə çevrilir.
Yay tətili sindromu dediyimiz hal məhz burada ortaya çıxır: bir tərəfdə istirahət arzusu, digər tərəfdə qiymətlərin ağırlığı; bir tərəfdə uşaqların gözləntisi, digər tərəfdə valideynlərin maddi durumu; bir tərəfdə sosial mediada parlaq görüntülər, digər tərəfdə gündəlik həyatın real hesabı. Üstəlik, bu cür qayğılar yalnız şəhər ailələrinə aid deyil; sosial mediada uzaq sahillərdən, parıltılı istirahət məkanlarından paylaşılan görüntülərə məruz qalan kənd ailələri də eyni müqayisə və təzyiqi hiss edirlər. İnsan yayda dincəlmək istəyir, amma bəzən yay gəlməmiş narahatlıq başlayır. Haraya gedəcəyik? Nə qədər xərcləyəcəyik? Uşaqlara nə deyəcəyik? Başqalarının yanında necə görünəcəyik?
Bu sualların hamısı istehlak cəmiyyətinin insanı necə yönləndirdiyini göstərir. İstirahət bir ehtiyacdır, amma o ehtiyac bazarın əlində status göstəricisinə çevriləndə ailələrin üzərinə əlavə psixoloji yük düşür. İnsan bəzən “dincəlmək” adı ilə başqalarına özünü sübut etməyə çalışır.
Uşaqlı ailələrdə bu mənzərə daha həssasdır. Məktəblər bağlanır, uşaqlar evdə daha çox vaxt keçirir, rəqəmsal ekranlarla təmas artır. Onlar da sosial mediada, mesaj qruplarında, dostlarının paylaşdığı şəkillərdə “yay tətili standartı” ilə qarşılaşırlar. Bir dostu dənizdə, digəri xaricdə, başqası yay düşərgəsindədirsə, uşaq eyni təcrübəni valideynindən gözləyir. Valideyn isə həm uşağın könlünü qırmaq istəmir, həm də ailə büdcəsinin sərhədlərini bilir. Bu iki duyğu arasında sıxılmaq yay aylarının ən səssiz ailə gərginliklərindən biridir; bəzən bu gərginlik böyüyərək ciddi mübahisələrə, borc yükünə, hətta ailə faciəsinə qədər gedib çıxa bilir.
Əvvəllər yay tətili uşaqlar üçün bir az da “bu qədər kitab oxuyacaqsan” tapşırığı ilə yadda qalırdısa, bu sual bu gün əvvəlki qədər aktual səslənmir. Müəllimlər yenə əlavə ədəbiyyat tövsiyə etsələr də, rəqəmsal dövrdə həmin kitabların süni intellekt vasitəsilə hazırlanan qısa xülasələri bəzən oxunun özündən daha çox diqqət çəkir.
Yay düşərgələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Düzgün təşkil olunan düşərgələr uşaqlar üçün yalnız əyləncə yeri sayılmır; onlar sosiallaşma, müstəqillik, məsuliyyət, komanda ruhu və yeni bacarıqlar qazanmaq üçün mühüm imkan yaradır. Xüsusilə şəhər mühitində böyüyən uşaqlar üçün təbiətlə, idmanla, yaradıcılıqla və müxtəlif sosial qruplarla təmas vacibdir. Amma burada da əsas məsələ əlçatanlıqdır. Yay düşərgələri yalnız yüksək gəlirli ailələrin övladları üçün seçim olarsa, bu dəfə də istirahət sosial bərabərsizliyi dərinləşdirən sahəyə çevrilər. Bələdiyyələr, məktəblər, universitetlər, ictimai təşkilatlar və dövlət qurumları daha münasib, təhlükəsiz və keyfiyyətli yay proqramları üzərində düşünməlidir.
Əslində yay tətili məsələsi təkcə fərdi ailə seçimi kimi görülməməlidir. Bu mövzu sosial siyasət, şəhər planlaşdırması, uşaq rifahı, ailə münasibətləri və mədəni həyatla birbaşa bağlıdır. Parkların, açıq hava məkanlarının, ictimai hovuzların, kitabxanaların, idman meydançalarının, mədəniyyət mərkəzlərinin əlçatanlığı yay aylarında ailələrin yükünü azalda bilər. Hər ailə bahalı kurorta gedə bilməz, amma hər uşaq təhlükəsiz, maraqlı və inkişaf etdirici yay mühitinə çıxış əldə etməlidir. Bununla yanaşı, iş yerləri və müəssisələr tərəfindən əməkdaşlar üçün təqdim olunan məhdud sayda yay istirahəti imkanlarının ədalətli və şəffaf şəkildə bölüşdürülməsi, bu prosesdə uşaqlı və aztəminatlı ailələrin vəziyyətinin ayrıca nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Əlaqədar qurumların ən azı ölkə daxilində mövcud istirahət məkanlarında, xüsusilə yay mövsümündə müşahidə olunan süni qiymət artımının qarşısını almaq və xidmət keyfiyyətini yüksəltmək üçün nəzarəti gücləndirməsi də vacibdir.
Bu, sosial dövlətin, yerli idarəetmənin və əmək mühitində sosial məsuliyyət anlayışının mühüm sahələrindən biridir.
Bəlkə də bu yay ən çox ehtiyac duyduğumuz şey bahalı bir istiqamət yox, tətil anlayışımızı yenidən düşünməkdir. Uşaqlara yalnız “hara getdiyimizi” yox, “birlikdə necə vaxt keçirdiyimizi” göstərmək lazımdır. Ailələrə yalnız daha çox xərcləməyi yox, daha mənalı paylaşmağı xatırlatmaq lazımdır. Bununla yanaşı, əlaqədar dövlət qurumları, yerli idarəetmə orqanları, təhsil və sosial siyasət institutları istirahətin yalnız maddi vəziyyəti geniş ailələrin imtiyazı kimi yox, hər bir ailə üçün əlçatan sosial fürsət kimi formalaşması istiqamətində daha sistemli addımlar atmalıdır. Cəmiyyət olaraq da istirahəti nümayiş mədəniyyətinin əsirliyindən çıxarıb, insanın rifahı, ailənin bütövlüyü və uşağın inkişafı ilə əlaqələndirməliyik. Çünki bəzən ən gözəl və mənalı tətil uzaq ölkələrdə, təmtərahlı otellərdə yox, doğmaların bir-birinə daha çox yaxınlaşdığı yerdə başlayır.
çap et