525.Az

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”


 

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”<b style="color:red"></b>

Görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun 115 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı olub.

525.az-a bu barədə kitabxanadan məlumat verilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitab barədə məlumat verib. “Nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, özünəməxsus ifaçılıq məktəbi, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də onun haqqında aparılmış tədqiqatlar və müxtəlif mənbələrdə dərc olunmuş materiallar geniş şəkildə əks olunub. “Bəhram Mansurov. Biblioqrafiya” kitabı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın həyat və yaradıcılıq irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb”,-deyə K.Tahirov əlavə edib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə vermişdir və görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Bəhram Mansurov. Biblioqrafiya” kitabı milli musiqi irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və Xalq artisti Eldar Mansurov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.

Natiqlər çıxışlarında qeyd ediblər ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər ərzində göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, əsərləri, dövri mətbuatda dərc olunmuş məqalələri, onun haqqında yazılmış materiallar, arxiv materialları, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan mənbələr sistemli şəkildə toplanıb.

 





22.06.2026    çap et  çap et