DOST Agentliyində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə türkmənistanlı həmkarı Muxammetseyit Sılapov arasında görüş keçirilib.
Bu barədə 525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyəti əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Qonaqlara DOST Konsepsiyası və sosial sahədə tətbiq edilən rəqəmsal xidmətlər barədə təqdimatlar edilib.
A. Əliyev bildirib ki, həmin gün Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadilə olunan sənədlər arasında Azərbaycan ƏƏSMN ilə Türkmənistanın ƏƏSMN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da yer alıb.
Nazirin sözlərinə görə, sənəd iki qurum arasında müntəzəm dialoqun, təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin hüquqi əsasını formalaşdırmaqla əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Görüş zamanı sosial sığorta sistemlərinin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, peşə hazırlığı və yenidən hazırlıq proqramları üzrə təcrübə mübadiləsi üçün geniş potensialın olduğu vurğulanıb. Həmçinin əməyin mühafizəsi, sosial xidmətlər, məşğulluq proqramları, pensiya sisteminin inkişafı və həssas əhali qruplarına dəstək istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan və Türkmənistan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair saziş layihəsi artıq hazırlanıb.
M. Sılapov isə iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində gələcəkdə də mühüm addımların atılacağını bildirib. O, sosial islahatlar sahəsində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda fəaliyyət göstərən Əmək Mərkəzinin üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs olunub, iki nazirlik arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
çap et