525.Az

“Yay tətili artıq istirahətdən çox sosial təzyiqə çevrilir” - VİDEO


 

“Yay tətili artıq istirahətdən çox sosial təzyiqə çevrilir” - <b style="color:red"> VİDEO</b>

525.az saytında Əbülfəz Süleymanlının “Yay tətili sindromu” adlı maraqlı yazısı yayımlanıb.

Yazıda müəllif yay tətilinin son illərdə sadəcə istirahət vasitəsi olmaqdan çıxaraq sosial və psixoloji təzyiq mənbəyinə çevrildiyini vurğulayır.

Qeyd olunur ki, məktəblərin bağlanması və məzuniyyət mövsümünün başlaması ilə insanlar arasında tətil planları əsas müzakirə mövzularından birinə çevrilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər isə bu prosesi daha da gücləndirərək müqayisə və narahatlıq hissi yaradır.

Müəllif xatırladır ki, əvvəllər yay tətili daha çox kənd həyatı, ailə bağlarının möhkəmlənməsi və uşaqların təbii mühitdə vaxt keçirməsi ilə assosiasiya olunurdu. Həmçinin qeyd edir ki, ənənəvi yay istirahəti vərdişlərinin zəifləməsi fonunda turizm sektoru və istirahət bazarı insanların seçimlərinə daha çox təsir göstərməyə başlayıb.

Yazıda yay istirahətinin bir çox ailələr üçün ciddi maliyyə yükünə çevrildiyi qeyd edilir. Otel, nəqliyyat və digər xərclər səbəbindən bəzi ailələrin borclanmaq məcburiyyətində qaldığı, nəticədə tətilin yeni stress mənbəyinə çevrildiyi vurğulanır. Müəllifə görə, xüsusilə uşaqlı ailələr sosial şəbəkələrdə formalaşan “yay tətili standartları”nın təsiri altında əlavə təzyiq hiss edirlər.

Məqalədə yay düşərgələrinin, ictimai məkanların, kitabxanaların, idman və mədəniyyət mərkəzlərinin əlçatanlığının artırılmasının vacibliyi də önə çəkilir. Bildirilir ki, istirahət yalnız maddi imkanı yüksək olan ailələrin deyil, bütün vətəndaşların faydalana biləcəyi sosial imkan kimi qiymətləndirilməlidir.

Müəllif sonda cəmiyyəti tətil anlayışına yenidən baxmağa çağırır. Onun fikrincə, istirahətin əsas məqsədi nümayiş deyil, ailə üzvlərinin birlikdə keyfiyyətli vaxt keçirməsi, uşaqların inkişafı və insanların mənəvi rahatlıq qazanmasıdır.

Nigar Abbasova 

 





23.06.2026    çap et  çap et