525.Az

Prezident Kitabxanasında “Uşaqlar və Hüquq” kitabının təqdimatı olub


 

Prezident Kitabxanasında “Uşaqlar və Hüquq” kitabının təqdimatı olub<b style="color:red"></b>

İyunun 23-də Prezident Kitabxanasında uşaq hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə mühüm töhfə olan “Uşaqlar və Hüquq” adlı kitabın təqdimatı keçirilib.

525.az-a Kitabxanadan bildirilib ki, tədbirdə dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova uşaq hüquqlarının qorunmasının ölkəmizdə dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olduğunu vurğulayıb. Direktor qeyd edib ki, Azərbaycanda müasir uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaq hüquqlarının müdafiəsində elmi ictimaiyyətin, vətəndaş cəmiyyətinin və ictimai sektorun fəal iştirakının mühüm rolunu qeyd edib. Sədr bildirib ki, qanunvericilik bazasının icrası ilə yanaşı, uşaqların öz hüquqlarını bilməsi və cəmiyyətdə hüquq şüurunun uşaqlıq dövründən formalaşdırılması çox əhəmiyyətlidir. Kitabın hazırlanmasında əsas məqsədin uşaqların erkən yaşlardan milli-mənəvi və ailə dəyərləri əsasında, məsuliyyətli vətəndaş kimi yetişməsinə dəstək vermək olduğunu deyən komitə sədri, aparılan tədqiqatın mövcud problemlərin həllinə və gələcək fəaliyyətin elmi-hüquqi əsaslarının təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra nəşrin mahiyyətini, strukturunu və metodologiyasını əks etdirən videoçarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin və hüquq şüurunun erkən yaşlardan formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. O, bu kimi nəşrlərin gənc nəslin vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov çıxış edərək nəşrin ərsəyə gəlməsi, strukturu və uşaqların hüquqi biliklərinin artırılması məqsədilə tətbiq olunan metodoloji yanaşmalar barədə məlumat verib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında uşaq hüquqlarının təşviqində vətəndaş cəmiyyəti institutlarının rolunu qeyd edib, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova, yazıçı Siyavuş Quliyev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxışlarında uşaqların maarifləndirilməsinin cəmiyyətin hüquq mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Natiqlər sözügedən nəşrin gənc nəslin öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasına, həmçinin azyaşlıların cəmiyyətə fəal inteqrasiyası və özlərini müdafiə etmək bacarıqlarının formalaşdırılmasına dəyərli töhfə verəcəyini diqqətə çatdırıblar.

 





23.06.2026    çap et  çap et