Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə Hidayət olur! “Burdan min atlı keçdi” kitabında Hidayət bütün sadaladıqlarımı bir kitabda cəmləşdirə bilmişdi. Biz cəmisi 2 il öncə “Azdrama”da bu tamaşaya Hidayət müəllimin iştirakı ilə baxarkən heç ağlımıza da gəlməzdi ki, min birinci atlı elə Hidayət olacaq! Çünki düşünürdük ki, biz Qərbi Azərbaycana Hidayətlə birlikdə qayıdacağıq, o, Dədə Qorqud kimi vətəni bizə, bizi isə doğma vətənə yenidən tanıdacaq. Axı Qərbi Azərbaycanın hər qarşına, oradakı min illərə söykənən maddi və mənəvi dəyərlərimizə heç kim Hidayət qədər aşina deyildi. Təəssüf ki, həyat çox şeylər kimi bunu da bizdən əsirgədi. Ancaq təsəllimiz odur ki, biz Hidayətin əsərləri ilə böyüyən, vətən həsrətini qəlbinin dərinliklərində yaşadan yeni nəsillər yetişdirə bildik və əlimizdə Hidayətin kitabları ilə də İrəvana qayıdacağıq.
Mən Hidayəti nə vaxt və necə tanıdım...
Teatr gəliiiib… teatr gəliiiibbb… axşam klubda tamaşa göstərəcəkləəər…
- Nə teatrı... hansı tamaşanı göstərəcəklər..?
- İrəvan Dram Teatrı... tamaşa da pulsuzdur..!
Heç 5 dəqiqə keçməmiş artıq həmyaşıdlarımla kənd klubunun ətrafında toplaşmışdıq. Hamımız həyəcan içində xəbərin doğru olub-olmadığını öyrənməyə çalışırdıq. Çox keçmədən kənd yerlərində nadir hallarda görünən “İkarus” markalı avtobus düz klubun qabağında dayandı. Ora-bura vurnuxur, avtobusdan düşən “artist”lərə diqqətlə tamaşa edir, heç bir şeyi gözdən qaçırmamağa çalışırdıq. Axı zarafat deyildi, mən və həmyaşıdlarım ömrümüzdə birinci dəfə professional teatr tamaşasına baxacaqdıq.
Avtobusun önündə rayon partiya komitəsinin birinci katibi Cahangir Əliyevin QAZ-24 markalı avtomobili dayanmışdı. Birdən-birə hamının diqqəti bu avtomobilə yönəldi. Arxa qapı açıldı və İrəvan Dram Teatrının direktoru dedikləri bir adam avtomobildən enib qamətini düzəltməyə başladı. Dikəldikcə Ağrıdağını xatırladan bu adam teatrın direktoru Hidayət Orucov idi. O, təmkin və qürurla qısaca ətrafa nəzər salaraq hamı ilə mehribanlıqla görüşdü. Şübhəsiz ki, görüşmək sırası bizə çatmadı. Ancaq mən heyranlıqla uzun müddət bu adama baxdım. Heyranlığımın bir neçə səbəbi var idi. Birincisi, ona qarşı olan el rəğbəti, ikincisi, rayonun erməni vəzifəlilərinin də onun qarşısında müntəzir dayanması. Doğrusu, ikinci səbəb məni daha çox qürurlandırırdı. Çünki mən heç vaxt hər hansı bir erməninin bir azərbaycanlı qarşısında belə hörmət və itaətlə dayandığını görməmişdim. Özümü dərk etdiyimdən bəri milli təəssübkeşliyimin mənə verdiyi hisslərin bu şəkildə təntənə etməsi məni hədsiz sevindirir, xalqımızın bu dəyərli övladına qarşı rəğbət qarışıq bir həsəd də yaradırdı. Bəli, bu, bizim Hidayətlə ilk tanışlığımız idi. Ancaq bir növ qiyabi.
İllər sonra iki yurdsuzun ana vətəndə görüşü
Sonralar Hidayət müəllimə mən bunları xatırladarkən dedi ki, yadıma düşdü, sizin Ağbabanın Göllükəndi dağın lap ətəyinə sığınmış balaca bir kənd idi. Ancaq mən səni göyçəli bilirdim..! Mən bir daha əmin oldum ki, Hidayət müəllim Qərbi Azərbaycanı kəndbəkənd tanıyan yeganə azərbaycanlı idi. Çünki hər kəndə teatr və mədəniyyət aparır, orada milli şüurun və milli mədəniyyətin canlanmasına xidmət edirdi. Hidayət müəllim uzun illər ən yüksək vəzifələrdə çalışdı. Ancaq həmişə Hidayət olaraq qaldı. İçindəki vətən həsrəti onun simasına dərin bir kədər olaraq köçmüşdü. Nadir hallarda və çox xəsisliklə gülümsəyərdi. Ancaq təmkinini və vüqarını heç vaxt pozmazdı.
Bakıda ilk tanışlığımızdan sonra daima əlaqələrimiz oldu. Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olanda da heç əlaqələrimiz kəsilmədi. Daima məni axtarıb müxtəlif tövsiyələr və tapşırıqlar verirdi. Mən gündəlik qəzetlərin birinə rəhbərlik etdiyim 14 il ərzində isə mütəmadi olaraq müxtəlif mövzularda yazdığım yazılara münasibət bildirdi, millətlərarası münasibətlər, dini maarifləndirmə mövzularında ardıcıl tövsiyələr və istiqamətlər verdi. Bu həm dövlət siyasətinin bir hissəsi, həm də Hidayət müəllimin maarifləndirmə ruhunun bir hissəsi idi.
Bir gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu vaxt mənə zəng edərək bildirdi ki, cənab Prezidentin göstərişi ilə olduqca nəfis tərtibatda və çox az tirajla Quran kitabı komitə tərəfindən nəşr etdirilib. Ondan bir ədəd sənə ayırmışam, gəlib götürərsən. Belə görüşlər isə mənim üçün göydəndüşmə fürsət olurdu. Hidayət müəllimlə həmsöhbət olmaq bir müdriklik dərsində iştirak etməyə bərabər idi.
Ağrıdağın ətəklərindən Tanrı dağlarına qədər uzanan ömür yolu
İş elə gətirdi ki, 2018-ci ildə Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarında iştirak etmək üçün biz Çolpan-Ata şəhərinə gedəndə Hidayət müəllim Azərbaycan Respublikasının bu ölkədə fövqəladə və səlahiyyətli səfiri idi. Oyunlar çərçivəsində İssık-Kul gölünün sahilində “Kırçın” etno şəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou təşkil olunmuşdu. Orada olduğumuz bir həftə ərzində Hidayət müəllimin diqqət və qayğısını daima üzərimizdə hiss etdik. Mənim müşahidə edib gəldiyim nəticə isə bu oldu ki, Hidayət müəllim Ermənistanda, Azərbaycanda necə nüfuz sahibi idisə, qısa müddətdə Qırğızıstanda da elə eyni nüfuz sahibinə çevrilmişdi.

Həmin günlərdə gizli şəkildə bir məlumat əldə etdik ki, bu günlərin birində Hidayət müəllimin ad günüdür. Bütün nümayəndə heyətinin ortaq qərarı ilə Hidayət müəllimə Tanrı dağlarının ən uca zirvələrindən biri olan Manas yüksəkliyinin əks olunduğu, yağlı boya ilə kətana işlənmiş bir rəsm əsəri aldıq. Çünki Hidayət müəllimə ancaq belə bir hədiyyə yaraşardı. Hədiyyəni təqdim edərkən mən Manas zirvəsinin əcdadlarımız üçün əhəmiyyətindən danışaraq bildirdim ki, hər il mart ayının 21-də yaz gecə-gündüz bərabərləşməsində baş şaman Tanrıçılıq dininin ən ali ibadətini yerinə yetirmək üçün bu zirvəyə qalxaraq xalqımız üçün rifah, bərəkət və əmin-amanlıq diləyərmiş. Və Tanrıdan onlara hidayət verməsini, yəni doğru yol göstərməsini istəyərmiş. Sonralar 451-ci ildə Atilla Tanrıkut bu adəti Romaya qədər apararaq hunlar kimi ibadət edilməsini Romanın bağışlanmasını istəyən II Leoya şərt kimi qoyur və Leo bu şərti də qəbul edir. Beləliklə, baş şamanın Manaslara, yəni Manas zirvəsinə gedib-gələn qamın ibadəti xristianlığa keçir və monastır şəklini alır. Xristianlar da Tanrıdan hidayət diləyirlər.
Məni diqqətlə dinləyib azacıq gülümsədi. Tarixi müqayisəm və ad bənzərliyini metafora etməyim deyəsən, xoşuna gəlmişdi. Şirin söhbətimiz gecənin gec saatlarına qədər davam etdi.
Bakıda Əziz Əliyevin heykəli haradadır.?!
Təqribən iki ay bundan əvvəl idi. Yenə mənə zəng etdi. Amiranə və təmkinli səslə məndən soruşdu ki, sən bilərsən, Bakıda Əziz Əliyevin heykəli haradadır? Susduğumu görüb bildirdi ki, təsəvvür edirsənmi, Azərbaycandan kənarda, ən çətin dövrlərdə dövlət başçısı olmuş bir şəxsiyyətin Azərbaycanda heykəli yoxdur. Mənim bu yaxınlarda bununla bağlı qəzetlərin birində yazım dərc olunub. Onu oxu, bir yazı da sən yaz, bu mövzunu gündəmə gətirək. “Çox böyük məmnuniyyətlə” deyib xeyli söhbət etdik.
Təəssüf edirəm ki, işin çoxluğundan və mövzunun məsuliyyətindən mən bu yazını yaza bilmədim. Hidayət müəllimin ruhu qarşısında baş əyərək onun məndən son istəyini də beləcə, bu şəkildə gündəmə gətirmiş oluram. Əgər vicdani borcumu yerinə yetirmiş sayılaramsa, çox sevinərəm. Ruhun şad olsun, ustad, məkanın cənnət olsun!
Hikmət Babaoğlu

çap et