"Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa şəhərinə birgə ziyarətləri iki dost ölkənin münasibətlərinin növbəti mərhələsi olmaqla yanaşı, həm də Qarabağın artıq beynəlxalq siyasi dialoq məkanına çevrildiyinin növbəti təsdiqi kimi diqqət çəkdi. Vaxtilə işğal altında olan Şuşanın bu gün dövlət başçılarını qəbul etməsi, burada mühüm siyasi görüşlərin keçirilməsi böyük tarixi və siyasi məna daşıyır. Bu səfər çərçivəsində Türkmənistan Prezidenti Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış oldu, şəhərin müasir inkişaf konsepsiyasını, yenilənən tarixi abidələri, yaradılan infrastruktur layihələrini, yeni yaşayış məhəllələrini və azad olunmuş torpaqlarda formalaşan yeni həyatın şahidi oldu. Qarabağ bu gün bərpa olunmaqla yanaşı, eyni zamanda regionun ən müasir inkişaf məkanlarından birinə çevrilir. Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Xəzərin iki sahilində yerləşən ölkələrimiz arasında son illərdə siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsi türk dünyasının birliyinə də mühüm töhfə verir. Bu baxımdan Şuşada keçirilən görüşün rəmzi əhəmiyyəti olduqca böyükdür".
Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili qeyd edib ki, ona görə səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın artıq qonaqlara keçmiş dağıntıları ilə yox, qurulan yolları, müasir layihələri, bərpa olunan tarixi irsi və doğma yurdlarına qayıdan insanları ilə təqdim edilməsidir. Bu, Azərbaycanın dünyaya verdiyi ən güclü mesajlardan biridir:
"Səfərin sonunda Azərbaycan Prezidentinin Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə etməsi isə xüsusi məna daşıyırdı. Qarabağ atı əsrlər boyu gücün, dözümlülüyün, sədaqətin və azad ruhun simvolu hesab olunub. Bu hədiyyə iki qardaş xalq arasında dostluğun, qarşılıqlı ehtiramın və gələcəyə hesablanmış strateji tərəfdaşlığın gözəl ifadəsi kimi yadda qaldı. Şuşadan verilən növbəti mesaj aydındır: Qarabağ artıq keçmişin münaqişə məkanı yox, əməkdaşlığın, inkişafın və türk dünyasının birliyini möhkəmləndirən mühüm siyasi mərkəzidir".
Sevinc Qarayeva
çap et