Azərbaycanda balıqçılıq subyektləri normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ovlanmış və akvakultura fəaliyyətindən əldə edilmiş məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüququna malik olacaqlar.
525.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Balıqçılıq haqqında" qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, balıqçılıq subyektlərinə balıqovlama biletini əldə etmək, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vətəgə sahələrindən istifadəni həyata keçirmək, mülkiyyətlərində, istifadəsində və (və ya) icarəsində olan balıqçılıq su obyektlərindən və torpaqdan akvakultura üçün istifadə etmək, normativ hüquqi aktlarla qadağan edilməyən balıqçılıq sahəsində mövcud olan həmkarlar ittifaqlarında və digər birliklərdə iştirak etmək və normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları verilir.
Bundan başqa, qanun layihəsində balıqçılıq subyektlərinin aşağıdakı vəzifələri müəyyən olunub:
- balıqçılıq sahəsini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;
- balıq və digər su bioresurslarından balıqovlama biletində, Biotexnoloji Layihə Sənədində göstərilən müddətlər, ölçülər və növlər üzrə istifadə etmək;
- balıq ovu ilə məşğul olmaq üçün istifadə etdiyi balıqçı gəmiləri və balıqovu alətləri barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil etmək;
- balıqçı gəmilərində normativ hüquqi aktlarla müəyyən edilmiş texniki nəzarət vasitələrini (gəmilərin avtomatik identifikasiya sistemi, gəmilərin peyk əsaslı izləmə sistemi, naviqasiya və digər texniki vasitələri) quraşdırmaq və işlək vəziyyətdə saxlamaq;
- qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və nəzarət tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərinə əməl etmək, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi üçün şərait yaratmaq;
- balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən (invaziv) yeni balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə yol verməmək;
- balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının məhsuldarlığının artırılmasına yönəlmiş meliorasiya işləri aparmaq;
- balıqçılıq su obyektlərində suyun keyfiyyətinin pisləşməsinə yol verməmək;
- bu Qanunun 9.4-cü maddəsinə əsasən satışa çıxarılan balıqçılıq obyektlərinin növünü, həcmini və s. əks etdirən məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktını təqdim etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) balıqçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı verdiyi yazılı göstərişlərinə əməl etmək;
- balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq, fitosanitar və karantin qaydalarına riayət etmək;
- Biotexnoloji Layihə Sənədində nəzərdə tutulmayan balıq və digər su bioresursları növlərindən və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan yem məhsullarından istifadə etməmək;
- bu Qanunun 6.4-cü maddəsi ilə qadağan edilən balıq ovu alətlərindən, balıqçı gəmilərindən və digər vasitələrdən istifadə etməmək;
- uçot və hesabat işləri aparmaq və aidiyyəti orqanlara məlumat vermək;
- normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Balıq ovu ilə məşğul olmaq üçün istifadə olunan balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı qaydası, habelə balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələrinin siyahısı və onlara dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
çap et