525.Az

“Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır” - Fond rəhbəri


 

“Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır”  - <b style="color:red">Fond rəhbəri</b>

“Nazirlər Kabinetinin qərarı ilə "Dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin "bir pəncərə" prinsipi əsasında təşkili Qaydası" təsdiq edildi. Son günlər qərarın ayrı-ayrı aspektləri geniş müzakirə olunur. Xüsusilə kiçik qrantların məbləğinin artırılması, böyük qrantlar üzrə məhdudiyyətlərin aradan qaldırılması, vahid məlumat bazasının yaradılması və rəqəmsal mexanizmlərin tətbiqi diqqət mərkəzindədir. Şübhəsiz, bunlar mühüm yeniliklərdir. Amma qərarın əsl mahiyyəti bunlarla məhdudlaşmır. Bu, dövlətin vətəndaş cəmiyyəti siyasətinə yanaşmasında, QHT-lərin maliyyələşdirilməsinin idarə olunmasında və büdcə vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində baş verən daha dərin dəyişikliklərin göstəricisidir. Uzun illərdir bu sahədə çalışan biri kimi düşünürəm ki, dəyişikliklərin mahiyyətini anlamaq üçün iki suala cavab vermək lazımdır: · Koordinasiyaya niyə ehtiyac duyuldu? · Bu missiya niyə məhz QHT-lərə Dövlət Dəstəyi Agentliyinə həvalə edildi? Koordinasiyaya niyə ehtiyac duyuldu?”.

Bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev 525.az-a  bildirib. Fond prezidenti vurğulayıb ki, uzun müddət müxtəlif dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QHT layihələrini maliyyələşdirib, dövlət sifarişləri verib və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ediblər. Bu təcrübə özünü doğruldub, vətəndaş cəmiyyətinin inkişafına töhfə verib. Zaman keçdikcə yeni suallar ortaya çıxdı:

“Əslində bu suallar təkcə QHT sektoruna aid deyil. Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması, siyasətlərin effektivliyi və büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır. Son illər dövlət idarəçiliyində nəticəyönümlülük, rəqəmsallaşma və səmərəlilik daha çox ön plana çıxır. Bu baxımdan koordinasiya mexanizminin yaradılması təsadüfi deyil. Bunu əlavə nəzarət kimi yox, vəsaitlərin daha yaxşı planlaşdırılması, təkrarların qarşısının alınması, prioritetlərin dəqiqləşdirilməsi və nəticələrin obyektiv qiymətləndirilməsi istiqamətində atılmış addım hesab edirəm”.

O əlavə edib ki, uUzun illər QHT sektorunda maliyyə imkanlarının məhdudluğundan şikayət edilib. Amma təcrübə göstərir ki, uğur həmişə pulla ölçülmür. Şəxsi müşahidələrimə görə, eyni büdcəyə sahib təşkilatlardan biri formal fəaliyyətlə kifayətlənir, digəri isə real dəyişiklik yaradır, problemi aktuallaşdırır və konkret nəticə əldə edir:

“Yeni qaydaları sadəcə maliyyələşmə mexanizminin dəyişməsi kimi görmürəm. O, dövlətin QHT sektoruna daha çox pul ayırmaq istəyindən daha çox, vətəndaş cəmiyyətindən daha böyük nəticələr gözlədiyini göstərir. Sektor uzun müddət maliyyə imkanlarının genişlənməsini, prosedurların sadələşməsini və dövlət dəstəyinin güclənməsini istəyib. Yeni qaydalar bu gözləntilərin əhəmiyyətli hissəsinə cavab verir. Ancaq bununla bərabər, məsuliyyət də artır. Əgər əvvəllər mübahisə maliyyələşmənin həcmi ətrafında idisə, indi diqqət həmin vəsaitin yaratdığı ictimai təsirə yönələcək.  Mənə görə,  qərarın uğuru məhz bu nəticələrlə ölçüləcək”.

Sevinc Qarayeva 
 

 





25.06.2026    çap et  çap et