Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva jurnalistlərin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri Xəzər regionunun əhəmiyyətinin sürətlə artdığı bir dövrə təsadüf edir. Siz bu səfəri ənənəvi qardaşlıq münasibətlərinin davamı kimi, yoxsa Bakı ilə Aşqabad arasında strateji yaxınlaşmanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü Azərbaycan-Türkmənistan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını bir daha təsdiqləməklə yanaşı, münasibətlərdə yeni perspektivlərin açıldığını göstərir. Əlbəttə, iki ölkəni ortaq keçmiş, dil, din, mədəniyyət, mənəvi dəyərlər birləşdirir. Bu möhkəm təməl ölkələrimizin tərəfdaşlığının daha da genişlənməsinə əlverişli zəmin yaradır.
Düzgün vurğuladınız ki, bu gün dünya xəritəsində Xəzər regionunun rolu sürətlə artır. Əslində, son illərdə formalaşan əməkdaşlıq göstərir ki, Xəzərin hər iki sahilində yerləşən ölkələr artıq bir-birinə ayrı-ayrı regionlar kimi deyil, vahid geoiqtisadi məkanın tərəfdaşları kimi yanaşırlar. Və Bakı ilə Aşqabad bu imkanları birlikdə dəyərləndirməyə çalışırlar. Son illər nəqliyyat, logistika, enerji və ticarət sahələrində atılan addımlar əlaqələrin artıq daha strateji xarakter aldığını nümayiş etdirir. Xüsusilə iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimad və siyasi dialoq bu prosesə əlavə güc verir. Ona görə də bu səfəri keçmişdən gələn qardaşlığın müasir geosiyasi reallıqlar fonunda yeni məzmun qazanmasının bariz nümunəsi kimi qiymətləndirirəm.
- Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına verdiyi dəstəyi xüsusi vurğuladı. Demək olarmı ki, Azərbaycan bu gün Cənubi Qafqazla Mərkəzi Asiya arasında təbii siyasi və logistika körpüsünə çevrilir?
- Bəli, düşünürəm ki, bunu əminliklə söyləmək olar. 22 iyun 2026-cı il tarixində iki dövlətin başçılarının birgə mətbuat bəyanatında Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə kimi qiymətləndirdiyini vurğuladı.
Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı mövqeyə malikdir. Eyni zamanda ölkəmiz coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni və mənəvi bağları, eləcə də həyata keçirdiyi nəqliyyat və logistika layihələri ilə bu məkanın ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qurulan nəqliyyat marşrutları, enerji layihələri və çoxtərəfli platformalar bu inteqrasiyanı daha da gücləndirir.
Ona görə də dövlətimiz həm Cənubi Qafqazı, həm Türk Dünyasını, həm də Mərkəzi Asiyanı birləşdirən, ortaq iqtisadi maraqların, siyasi dialoqun, humanitar əməkdaşlığın, gələcəyə birgə baxışın formalaşdığı mühüm bir mərkəz kimi çıxış edir.
- Danışıqların əsas mövzularından biri nəqliyyat-logistika sahəsi oldu. Sizin fikrinizcə, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin potensialını nə dərəcədə gücləndirə və Xəzər dənizini rəqabət məkanından daha çox ortaq iqtisadi inkişaf platformasına çevirə bilər?
- Azərbaycan və Türkmənistanın yüksələn əməkdaşlığı Orta Dəhlizin gələcəyinə də mühüm töhfədir. Çünki bu gün nəqliyyat-logistika layihələrinə yalnız iqtisadi təşəbbüs kimi baxmaq olmaz, onların arxasında güclü siyasi etimad və strateji tərəfdaşlıq dayanır. Bakı ilə Aşqabad arasında formalaşmış qarşılıqlı etimad Xəzərin hər iki sahilini birləşdirən nəqliyyat marşrutlarının dayanıqlı və etibarlı şəkildə inkişafına imkan yaradır.
- Türkmənistan liderinin Füzuli və Şuşaya səfəri təkcə diplomatik deyil, həm də dərin rəmzi məna daşıyır. Türkmənistanın Qarabağın bərpasında, xüsusilə Füzulidə məscid tikintisində iştirakını türk dünyası həmrəyliyi baxımından necə qiymətləndirirsiniz?
- Türkmənistanın Füzulidə məscidin tikintisində iştirakı ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda aparılan quruculuq işlərinə mənəvi və siyasi dəstəyini nümayiş etdirir.
Qardaş türk dövlətləri tərəfindən Qarabağda ucaldılan hər bir təhsil, mədəniyyət, ibadət ocağı bizim ortaq tariximizə, ortaq dəyərlərimizə və ortaq gələcəyimizə verilən töhfədir.
Şübhəsiz ki, Füzulidə inşa olunacaq məscid türk xalqlarının mənəvi birliyinin önəmli rəmzlərindən olacaq.
- Türkmənistana “Dostluq” adlı neft tankerinin təqdim olunması səfərin ən diqqətçəkən simvolik hadisələrindən biri oldu. Sizcə, bu addım ilk növbədə qardaşlıq münasibətlərinin ifadəsidir, yoxsa Xəzərdə sənaye, gəmiqayırma və enerji sahələrində daha praktik tərəfdaşlıq mərhələsinə keçidin göstəricisidir?
- Təsadüfi deyil ki, tanker “Dostluq” adlanır – bu, ölkələrimiz arasındakı etimadı, yaxınlığı vurğulayır. “Dostluq” tankerinin Azərbaycanda inşa edilərək Türkmənistana hədiyyə olunması həm də ölkəmizin gəmiqayırma potensialını, Xəzərdə sənaye əməkdaşlığının genişləndiyini göstərir. Yəni əlbəttə, burada gələcəyə hesablanmış iqtisadi və strateji tərəfdaşlıq mesajı da var.
- Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına və mühüm geostrateji mövqeyə malik ölkələrdir. Bu iki dövlət arasında daha sıx koordinasiya təkcə regionun deyil, daha geniş Avrasiya məkanının enerji təhlükəsizliyinə töhfə verən amilə çevrilə bilərmi?
- Bəli, düşünürəm ki, bu əməkdaşlığın potensialı kifayət qədər böyükdür. Azərbaycan və Türkmənistan zəngin təbii ehtiyatlara, eyni zamanda Avrasiyanın mühüm nəqliyyat və enerji marşrutları üzərində yerləşən coğrafi mövqeyə malikdir. Bu baxımdan, iki ölkə arasında koordinasiyanın güclənməsi resursların daha etibarlı marşrutlarla dünya bazarlarına çatdırılmasına xidmət edə bilər. Bu isə nəinki regionun, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyinə təkan verən amillərdən biridir.
- İki ölkə arasındakı münasibətlərdə mədəniyyət, mənəvi yaxınlıq, Bakı və Aşqabad, eləcə də Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşma əlaqələri xüsusi yer tutur. Sizcə, bu qardaşlığın yalnız gözəl bir ifadə olaraq qalmaması, uzunmüddətli humanitar layihələrə çevrilməsi üçün parlamentlər, ictimai institutlar və mədəniyyət təşkilatları hansı addımları atmalıdır?
- Düşünürəm ki, qardaşlıq münasibətlərinin gücü xalqlarımız, insanlarımız arasındakı canlı əlaqələrlə ölçülür. İnsanlar bir-birini, o cümlədən bir-birinin mədəniyyətini, adət-ənənələrini nə qədər yaxından tanıyarsa, bağlar da bir o qədər möhkəm olar.
Ona görə də ortaq mədəni irsimizi yaşadan festivalların, sərgilərin, ədəbiyyat günlərinin, ümumiyyətlə, mədəni mübadilələr ilə bağlı təşəbbüslərin sayı daha da artırılmalıdır. Biz də parlament səviyyəsində bu layihələri hər zaman dəstəkləməyə hazırıq.
çap et