Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə geniş məzmunlu elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.
525.az-a Kitabxanadan bildirilib ki, məlumat bazası Azərbaycan Ordusunun yaranma və inkişaf tarixini, ordu quruculuğu sahəsində həyata keçirilən islahatları, görkəmli sərkərdələrin fəaliyyətini və müasir Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli yolu əhatə edir.
Elektron resursun bölmələri vasitəsilə istifadəçilər Azərbaycan hərb tarixinin müxtəlif mərhələləri, milli ordu quruculuğunun əsas istiqamətləri və Silahlı Qüvvələrin inkişaf mərhələləri barədə dolğun məlumat əldə edə bilərlər.
Məlumat bazasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissənin yaradılması ilə milli ordumuzun təməlinin qoyulması, müstəqillik illərində ordu quruculuğunun yeni mərhələyə qədəm qoyması və 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi haqqında məlumatlar təqdim edilir.
Resursun “Ümummilli Lider Heydər Əliyev dövrü” və “İlham Əliyev və güclü silahlı qüvvələr” bölmələrində Ümummilli Lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirlər, peşəkar zabit kadrlarının hazırlanmasına göstərdiyi diqqət, həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müasir standartlara uyğun inkişafı, hərbi potensialın gücləndirilməsi və əldə olunan tarixi uğurlar haqqında materiallar toplanıb.
Elektron bazada həmçinin Azərbaycanın görkəmli hərbçiləri və sərkərdələri haqqında məlumatlar, mövzu ilə bağlı kitablar, elmi məqalələr, dissertasiya materialları, dövri mətbuat nümunələri, foto və video materiallar sistemləşdirilmiş şəkildə təqdim olunur. İstifadəçilər “Virtual sərgi” bölməsi vasitəsilə Azərbaycan Ordusunun tarixinə və qəhrəmanlıq salnaməsinə həsr olunmuş nəşrlərlə tanış ola bilərlər.
Hazırlanan elektron məlumat bazası gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan Ordusunun zəngin tarixinin təbliği, hərbi-vətənpərvərlik mövzusunda etibarlı informasiya resurslarının əlçatanlığının artırılması məqsədilə hazırlanıb.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

çap et