525.Az

ARKA birgə film istehsalına dəstək müsabiqəsi elan edib


 

ARKA birgə film istehsalına dəstək müsabiqəsi elan edib<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Birgə film istehsalına dəstək müsabiqəsi” elan edib.

525.az-a ARKA-dan bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilərlər.

Təqdim olunan layihələrin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici prodüser meyarlarına cavab verən şəxs olmalıdır.

Müsabiqə yerli və xarici kino şirkətləri ilə birgə film istehsalının təşkili, stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir. Müsabiqənin reqlamentinə görə, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan birgə film istehsalı baxımından prioritet ölkələr hesab olunurlar.

Layihələr qiymətləndirilərkən ortaq ictimai xadimlər və tarixi hadisələr haqqında olan, adət-ənənələri əks etdirən, ortaq dəyərlərin inkişafı və əlaqələrin gücləndirilməsinə xidmət edən filmlərə, eləcə də uşaq filmlərinə üstünlük veriləcək.

Müsabiqəyə sənədlərin qəbulu iyulun 1-dən başlayır. Reqlamentlə tanış omaq üçün ARKA-nın rəsmi saytına keçə bilərsiniz.

 





25.06.2026    çap et  çap et