525.Az

"Ermənistanın Rusiyadan tam şəkildə uzaqlaşması bu gün real görünmür"


 

MİLLƏT VƏKİLİ ARZU NAĞIYEV: "NİKOL PAŞİNYANIN RUSİYA STRATEGİYASI BALANSLAŞDIRMA SİYASƏTİNƏ ƏSASLANACAQ"

"Ermənistanın Rusiyadan tam şəkildə uzaqlaşması bu gün real görünmür"<b style="color:red"></b>

Ermənistanda parlament seçkiləri başa çatsa da, rəsmi nəticələr məlum olsa da, siyasi gərginlik səngimir. 7 iyun seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası 50 faizə yaxın səs toplayaraq qalib gəlib. Lakin müxalifət, xüsusilə Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku və parlamentə keçə bilməyən Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası nəticələri qəbul etmir, təkrar seçkilərin keçirilməsini tələb edir, hətta parlamenti boykot edəcəklərini bildirirlər. Hakim komanda isə seçki ərəfəsində və seçki günü müxalifətin qanunsuz əməlləri, həmçinin seçicilərin pulla ələ alınması ilə bağlı bir sıra faktları açıqlayıb. Müxalifət nəticələrin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Paşinyanın komandası isə yeni seçkilərin keçirilməyəcəyini bəyan edib. Hadisələrin bundan sonra necə cərəyan edəcəyi, Ermənistanda hansısa qarşıdurmanın, küçə etirazlarının ola biləcəyi əsas suallardır. Onu da qeyd edək ki, Ermənistanda vəziyyət, ölkənin izləyəcəyi siyasi kurs regional sabitlik, təhlükəsizlik üçün də əhəmiyyətlidir. Söhbət həm də Azərbaycan ilə sülh prosesinin inkişafından, əldə edilmiş razılaşmaların, həmçinin Zəngəzur dəhlizinin (TRİPP layihəsi) reallaşdırılmasından və s. gedir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev "525-ci qəzet"ə müsahibəsində seçkidən sonrakı vəziyyət, hadisələrin inkişaf ssenariləri, Azərbaycanla sülh prosesində gözləntilər və digər məsələləri şərh edib.

 

- Arzu müəllim, Ermənistanda parlament seçkiləri başa çatsa da, gərginlik qalmaqdadır. Siz seçkidən sonra cərəyan edən prosesləri necə qiymətləndirirsiniz? Müxalifətin, o cümlədən revanşistlərin gərginliyi daha da artıracaq, hətta qarşıdurmalara gətirəcək addımlar atması gözləniləndir?

- Ermənistanda keçirilən parlament seçkiləri bir daha göstərdi ki, cəmiyyət ümumiyyətlə müharibənin əleyhinədir, müharibə istəmir. Erməni cəmiyyəti regionda sülhün bərqərar olunmasını, sabitlik istəyir, revanşist ideyaları dəstəkləmir. Ona görə də bu cür ideyalardan uzaq duraraq, hakimiyyətin dəyişilməsinə deyil, daha çox sabitliyin qorunmasına, sülhün davamlı olmasına üstünlük verdilər. Bununla belə, təbii ki, hələ seçki ərəfəsində proseslərin gedişi göstərirdi ki, seçkidən sonrakı dövrün tam sakit keçəcəyini gözləmək mümkün deyil. Yəni bunu gözləmək doğru olmazdı. İstər müxalifət, istərsə də onların havadarları, keçmiş hakimiyyətlərə bağlı revanşist qüvvələr bu nəticələri qəbul etmək istəmirlər və istəməyəcəklər. Artıq hiss olunur ki, onların həbsi, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanması istiqamətində addımlar atılmağa başlayıb. Başqa sözlə, həmin qüvvələr siyasi gündəmi küçə etirazları vasitəsilə formalaşdırmağa çalışacaqlar. Çox güman ki, hakimiyyət tərəfindən bu cəhdlərin qarşısı alınacaq və qeyd edilən istiqamətdə çox ciddi addımlar atılacaq. Biz oxşar presedentləri həm Gürcüstan nümunəsində, həm də digər ölkələrdə görmüşük.

Onu da vurğulamaq lazımdır ki, Ermənistandakı seçkilərin nəticələri müxalifətin cəmiyyət daxilində real dəstəyinin hansı səviyyədə olduğunu ortaya qoydu. Bu baxımdan, etiraz aksiyalarının və yaxud siyasi gərginliyin ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq həddə çatması inandırıcı görünmür və bu, reallaşması kifayət qədər çətin görünən məsələdir.

- Müxalif "Güclü Ermənistan" və "Ermənistan" blokları seçkinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər, eyni zamanda, mandatlarından imtina variantını müzakirə edirlər. Müxalifət parlamentə getməsə, nə baş verəcək, yeni seçkilər mümkündür? Bu, hakimiyyət üçün hansı problemlər yarada bilər?

- Ermənistandakı əsas müxalifət qüvvələri olan güclər birbaşa Rusiyanın inhisarındadır. Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası, eləcə də Samvel Karapetyanın lideri olduğu "Güclü Ermənistan" partiyası birbaşa Rusiyanın inhisarında olan qüvvələrdir. Bəli, bu qüvvələr Konstitusiya Məhkəməsinə müraciət ediblər, eyni zamanda mandatlarından imtina etmək variantlarını seçəcəklərini bəyan ediblər. Müxalifət parlamentə getməkdən imtina etsə, nə baş verəcək? Yəni bu gün artıq hökumətin legitim olaraq formalaşmasında Paşinyanın komandasının kifayət qədər imkanları var, seçkilərdə əldə etdiyi səsi var. Sadəcə olaraq konstitusiya islahatlarını həyata keçirmək üçün mütləq şəkildə əlavə qüvvələrə ehtiyacı var, bunun üçün də digər deputatları prosesə cəlb edə bilərlər.

- Sizin qeyd etdiyiniz kimi, Nikol Paşinyanın komandası parlament çoxluğunu əldə etsə də, konstitusion çoxluq qazana bilmədi. Azərbaycanın gözləntisi  təbii ki, Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi, ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Sizcə, bu proses necə inkişaf edəcək?

- Bəli, bizim əsas məramımız, məqsədimiz odur ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşısı ərazi iddiaları götürülsün, bunun üçün də referendum keçirilsin. Artıq vurğulandığım kimi, Paşinyanın konstitusiya çoxluğu yoxdur, lakin onlar referendum mexanizmi üzərində işləyirlər. Yəni proses kifayət qədər mürəkkəbdir. Bir daha deyim ki, onlar məhz buna görə çalışacaqlar ki, digər siyasi bloklardan deputatları bu prosesə cəlb etsinlər.

- Ümumiyyətlə Azərbaycan-Ermənistan sülh prosesində hansısa ləngimə, durğunluq vəziyyəti yarana bilər?

- Sülh prosesinin ləngiməsi və digər hansısa vəziyyətin yaranmasına gəlincə, Azərbaycan istənilən humanitar addımı atır, Ermənistan da bunun qarşılığında hər hansı bir ciddi siyasi qarşıdurmaya getmir. Ermənistan daxilindəki siyasi vəziyyət, konstitusiya dəyişikliyi ətrafında müzakirələr, həmçinin xarici aktorların, ən çox da Rusiyanın təsiri prosesin sürətinə təsir göstərə bilər. Ancaq ümumi strateji istiqamət baxımından Azərbaycan da, Ermənistan da kommunikasiyaların açılmasını gündəlikdə saxlayırlar, eyni zamanda, delimitasiya, demarkasiya proseslərini davam etdirirlər. Vətəndaş cəmiyyətinin görüşlərindən sonra artıq siyasi görüşlər həyata keçirilir. Bunlar çox mühüm bir addımlardır.

- Paşinyanın revanşist qüvvələrlə mübarizəsi necə yekunlaşa bilər? O, revanşistlərin neytrallaşdırılmasına nail ola biləcək?

- Məlumdur ki, Paşinyan revanşist qüvvələrin neytrallaşdırılması üçün addımlar atacaq, buna gedəcək. Çünki bu, hakimiyyət üçün mühüm, üstün bir məsələdir. Onlar hakimiyyətin alternativi səviyyəsinə yüksələ bilmədilər. Revanşizm ideyaları aydındır ki, əsasən xaricdən dəstəklənir, bu məsələdə "Qarabağ klanı"ndan istifadə edirlər, separatçılardan istifadə etməyə çalışırlar. Lakin Qərbin də bu məsələlərdə öz siyasəti, öz yanaşması var. Hiss olunur ki, Ermənistan hakimiyyətinə həm maliyyə cəhətdən dəstək verirlər, eyni zamanda revanşistlərin qarşısını almaq üçün dəstək göstərirlər. Yəni təqdim edilən vəsait sosial narazılıqların qarşısının alınması və əsasən elektoratı sakitləşdirmək üçündür.

- Bəs Rusiya-Ermənistan münasibətlərinin gələcəyini necə görürsünüz? Avropaya inteqrasiya xəttini götürdüyünü elan edən Nikol Paşinyan Moskva ilə münasibətlərdə hansı strategiyanı seçəcək?

- Rusiya-Ermənistan münasibətlərində düşünmürəm ki, ciddi qarşıdurma yarana bilər. Əsas məsələ odur ki, Moskva etdiyini edir. Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, MDB-də təmsil olunur, eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu proseslərdə Rusiya ciddi cəhdlə çalışır ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmasın. Paşinyanın son illərdə apardığı siyasətdə bu kurs əsas istiqamətdir. Rusiya Ermənistanın bu siyasətindən qıcıqlanır, ciddi şəkildə narahat olur. Rusiya Ermənistana qarşı iqtisadi, o cümlədən enerji sahəsində müxtəlif təzyiqlərə əl atır. Lakin o da aydındır ki, Ermənistanın Rusiyadan tam şəkildə uzaqlaşması bu gün real görünmür. Ona görə də Paşinyanın strategiyası əsasən balanslaşdırma siyasəti üzərində olacaq. Bir tərəfdən Avropa, Qərb strukturları ilə əlaqələr, digər tərəfdən də Moskva ilə münasibətlərin kəskin böhran həddinə çevrilməsinə imkan verməyəcək. Ermənistan rəhbərliyi başa düşür ki, Rusiyanı tamamilə kənarlaşdırmaq mümkün deyil, çoxsaylı qoşun hissələri, eyni zamanda silah-sursat Ermənistan ərazisindədir. Qərbin də əsas fikri Rusiyanın nüfuzunu aşağı salmaqdır və çox güman ki, Qərb Ermənistan vasitəsilə bunu etməyə çalışacaq. İrəvan özü birbaşa buna getməyəcək. Gələcək perspektivdə İrəvanın Qərbə yaxınlaşması, Moskva ilə məhdud əməkdaşlığın qorunub saxlanılması daha real görünür. Düşünürəm ki, məqsəd də elə budur.

Əlbəttə ki, bayaq vurğuladığım kimi, Azərbaycan üçün də əsas prioritet məsələ konstitusiyada dəyişikliklərin edilməsi və bundan sonra sülh müqaviləsinin imzalanması, sülh şəraitində kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və digər məsələlərin həlli prioritet təşkil edir və bu istiqamətlərdə də proses davam edir.

 

 





26.06.2026    çap et  çap et