525.Az

Dövlət qulluğu imtiyaz yox, məsuliyyətdir


 

DÖVLƏT QULLUQÇUSU: DÖVLƏTLƏ VƏTƏNDAŞ ARASINDA ETİBARLI KÖRPÜ

Dövlət qulluğu imtiyaz yox, <b style="color:red"> məsuliyyətdir</b>

Hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayram günü kimi qeyd olunur.  Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Qulluğu Günü kimi qeyd edilib.

Prezident İlham Əliyev 25 may 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə vurğulanıb ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü tarixinin BMT-də Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilsin.

 

Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi və hər il qeyd olunması dövlət qulluqçularının işinə, fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra dövlət quruculuğu istiqamətdə islahatlara başlandı. Bu islahatlar milli-mənəvi, dünyəvi, demokratik dəyərlər əsasında həyata keçirilməklə, müasir, hüquqi dövlət qurulmasına gətirib çıxardı. Məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsi idi.

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi, yeni çağırışlara uyğunlaşdırılması, xidmət sektorlarının vətəndaşlara daha əlçatan olması, onların işinin asanlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb və bu proses davam etdirilir.

Dövlət qulluğu sahəsində reallaşdırılan mühüm islahatlardan biri də 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsidir. Bu Qanunla ölkəmizdə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. "Dövlət qulluğu haqqında" Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, bir sıra dəyişikliklər edilib ki, bununla da çox mükəmməl bir hüquqi akt yaradılıb.

Bundan əlavə, Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"ya uyğun olaraq bir sıra tədbirlər, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planı müəyyən edilərək həyata keçirilib. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapıb.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, dövlət qulluğu ilk növbədə dövlətin funksiyalarının həyata keçirilməsini, qanunların icrasını, vətəndaşların hüquq və mənafelərinin qorunmasını, eləcə də dövlət siyasətinin praktik müstəvidə reallaşdırılmasını ehtiva edir. Dövlət qulluqçusu dövlətlə vətəndaş arasında mühüm əlaqələndirici rol oynayır. Deputat bildirib ki, vətəndaşın dövlət haqqında formalaşdırdığı ilkin təsəvvür əksər hallarda məhz dövlət qulluqçusunun fəaliyyəti, peşəkarlığı və insanlarla davranış mədəniyyəti əsasında yaranır: "Müasir dövrdə dövlət qulluqçusuna olan tələblər daha da artıb. Bu gün dövlət qulluqçusu yüksək peşə hazırlığına malik olmaqla yanaşı, müasir idarəetmə bacarıqlarına sahib olmalı, qanunvericiliyi dərindən bilməli, etik davranış prinsiplərinə əməl etməli və vətəndaş məmnunluğunu fəaliyyətinin əsas prioritetlərindən biri kimi qəbul etməlidir. Eyni zamanda, sürətlə dəyişən qlobal çağırışlar dövlət qulluqçularından çeviklik, innovativ düşüncə və yeni biliklərə açıq olmağı tələb edir".

Onun sözlərinə görə, rəqəmsallaşma dövlət qulluğunda keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub: "Rəqəmsal texnologiyaların tətbiqi vaxt itkisini azaldır, bürokratik prosedurları sadələşdirir və idarəetmənin səmərəliliyini artırır. Azərbaycanda son illərdə həyata keçirilən islahatlar, xüsusilə elektron xidmətlərin genişləndirilməsi, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi və insan resurslarının inkişafına yönələn addımlar dövlət qulluğunun müasirləşməsinə mühüm töhfə verir. Qarşıdakı dövrdə də dövlət qulluğunun əsas hədəfi peşəkar, şəffaf, çevik və vətəndaşyönümlü idarəetmə modelinin daha da gücləndirilməsi olmalıdır".

Milli Məclisin deputatı Fazil Mustafa isə "525"ə deyib ki, dövlət qulluqçusu əslində dövlətin bürokratik mexanizminin ən vacib elementidir: "Bununla bağlı xüsusi bir qanun qəbul edilib, eyni zamanda dövlət qulluqçusunun etik davranışı ilə bağlı da qanunvericilik nəzərdə tutulub. Bu həm də ona görədir ki, vətəndaşa ən yaxın olan, vətəndaşa xidmət sferasında əsas işi görən dövlət qulluqçularıdır. Onların həm vəzifələrini doğru-dürüst yerinə yetirmələri, həm də hüquqlarının qorunması önəmlidir. Çünki bilavasitə onun fəaliyyəti nəticəsində vətəndaşın dövlətə münasibəti müəyyənləşir. Bu baxımdan da dövlət qulluqçularının peşə bayramı əslində çox önəmli bir tarixdir. Bu silsilədən olan insanlar ömürlərini, həyatlarını bir çox hallarda dövlətə, ona xidmətə sərf edirlər. Belə bir vəziyyətdə bəzən hüquqlarının pozulması onların fəaliyyətinin mahiyyətinin anlaşımamasından irəli gəlir. Onlar çox önəmli vəzifələri yerinə yetirirlər. Buna görə də dövlət qulluqçularının hər hansı bir şəkildə varisliyinin qorunması ölkədə bürokratiyanın da keyfiyyətcə daha normal, yeni çağırışlara cavab verməsi deməkdir".

Deputat əlavə edib ki, xüsusilə də rəqəmsallaşma dövründə elektron hökumət modelində dövlət qulluqçularının daha savadlı və daha çox müasir texnoloji vasitələrdən istifadə edərək xidmət göstərməsini ehtiva edir: "Ona görə də bu sahədə çalışan bütün dövlət qulluqçularının faəliyyətini hər halda qanunvericilik səviyyəsində də tənzimləyən mexanizmlər vaxtaşırı təkminləşməlidir. Bütün hallarda savadlı, qabiliyyətli insanların bu dövlət mexanizminin içində yer almasına hamımız müəyyən mənada səy göstərməliyik, çünki bu, dövlətin adıdır, dövlətin simasıdır və onun obrazıdır. Əgər biz istəyiriksə bu obraz mükəmməl olsun, tanınsın, qəbul olunsun, məhz onun əsas fiquru dövlət qulluqçusunu hər zaman dəyərləndirib ona lazımi qiyməti verməliyik".

Politoloq Şəbnəm Həsənova isə bildirib ki, müasir dünyada dövlət idarəçiliyinin daha rəqəmsal, açıq və şəffaf, çevik və innovativ olması gözlənilir. Dövlət idarəçiliyi sadəcə daxili amilləri nəzərə almamalı, həm də xarici şoklara qarşı daha çox dayanıqlılıq nümayiş etdirməlidir. O deyib ki, dövlət idarəçiliyi və dövlət qulluğu müasir idarəetmə sisteminin əsas sütunlarını təşkil edir. Onlar dövlət siyasətinin həyata keçirilməsində, ictimai xidmətlərin göstərilməsində və dövlət institutlarının səmərəli, şəffaf fəaliyyətinin təmin edilməsində mühüm rol oynayırlar: "Dövlət qulluğu ləyaqət və peşəkarlıq prinsiplərinə əsaslanmalıdır. Hesabatlılıq, şəffaflıq, səmərəlilik, dürüstlük və etika, operativlik və cavabdehlik, qanunun aliliyi kimi prinsiplər dövlət qulluğunun əsas dayaqları hesab olunur. Şübhəsiz ki, bu prinsiplər vətəndaşların dövlətə olan inamını daha da gücləndirir. Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət idarəçiliyində müşahidə olunan çətinliklərin aradan qaldırılması, güclü dövlət institutlarının formalaşdırılması və peşəkar kadr potensialının yaradılması Ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri olub. Ümummilli lider dövlət idarəçiliyində peşəkarlığın, intizamın və xalqa xidmət prinsipinin vacibliyini daim vurğulayırdı. "Dövlət qulluğu haqqında" Qanunun qəbulu ölkədə meritokratiya, şəffaflıq və peşəkarlıq prinsiplərinə əsaslanan dövlət qulluğu sisteminin formalaşmasına təkan verib. Sonrakı mərhələlərdə isə bu sistem dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ərzində dövlət qulluğunda institusional islahatlar daha da genişlənib, elektron hökumət sistemləri tətbiq edilib, dövlət xidmətlərinin keyfiyyəti yüksəldilib, insan amili dövlət siyasətinin mərkəzinə yerləşdirilib. Prezident İlham Əliyev dövlət qulluqçuları ilə bağlı vurğulayıb: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

Dövlət qulluğu vəzifə sahibi olmaq deyil, vətəndaşlara xidmət göstərmək, onların problemlərinin həllinə çalışmaq və dövlət maraqlarını qorumaq deməkdir. Prezidentin dediyi kimi, "Dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir. İnsanlara xidmət etmək, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir". Məhz bu prinsip Azərbaycan dövlətçilik məktəbinin əsas ideoloji sütunlarından birini təşkil edir.

 

 





26.06.2026    çap et  çap et