26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür
Narkomaniya və onunla mübarizə hazırda bütün dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Aparılan bütün müvafiq tədbirlərə baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik asılılığının yayılması, xüsusilə gənclər arasında bu təhlükənin artması dövlətlər qarşısında mühüm vəzifələr qoyur.
İnsanları, xüsusilə də gəncləri "ağ ölüm"dən qorumaq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət səviyyəsində müvafiq tədbirlər görülür.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına görə, 2026-cı ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilmiş, onlardan 2057-si kişi, 53-ü qadın olub.
Mütəxəssislərin fikrincə, narkotik vasitələrdən istifadə insan orqanizmində ağır fəsadlar yaradır. Bu maddələr beyin fəaliyyətinə, sinir sisteminə, ürək-damar sisteminə, qaraciyərə və digər həyati vacib orqanlara ciddi zərər vurur. Narkotik asılılığı zaman keçdikcə insanın fiziki və psixoloji sağlamlığını zəiflədir, onu cəmiyyətdən təcrid edir və normal həyat fəaliyyətini pozur.
Narkotik istifadəçiləri arasında müxtəlif infeksion xəstəliklərin yayılması riski də yüksək olur. Bundan başqa, narkotik asılılığı ailə münasibətlərinin pozulmasına, sosial problemlərin yaranmasına və cinayət hallarının artmasına səbəb olur.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, narkotik maddələr insan sağlamlığına bərpa olunmaz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir: "Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qataraq satırlar, ona görə də narkomanlarda şəkər diabeti tez inkişaf edir. Əgər heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən dərhal ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər".
Narkomaniyanın yayılmasında ən həssas qruplardan biri gənclərdir. Maraq, ətraf mühitin təsiri, dost çevrəsinin təzyiqi və ya müxtəlif sosial problemlər bəzi gəncləri narkotik vasitələrdən istifadəyə sövq edə bilir. Bu səbəbdən maarifləndirmə işlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məktəblərdə, ali təhsil müəssisələrində və gənclər təşkilatlarında narkomaniyanın zərərləri barədə mütəmadi tədbirlərin keçirilməsi vacibdir. Gənclər sağlam həyat tərzinin üstünlükləri barədə məlumatlandırılmalı, onların idmana, elmə, incəsənətə və digər faydalı fəaliyyət sahələrinə marağı artırılmalıdır.
Millət vəkili Elman Məmmədov deyir ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu mübarizənin nəticələri ciddi mətləblərdən xəbər verir. Bu mübarizə, hər şeydən öncə, daxili işlər orqanlarının yüksək peşəkarlığını və ayıq-sayıqlığını əks etdirir. Əldə edilən nəticələr göstərir ki, hüquq-mühafizə orqanlarımız öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir, narkotik vasitələrin qanunsuz ticarətinə qarşı mübarizədə böyük uğurlar əldə edirlər. Bütün faktlar və təhlillər göstərir ki, Daxili İşlər Nazirliyinin (DİN) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və gələcəkdə də eyni qətiyyətlə davam etdiriləcək: "Bu mübarizə nəticəsində ələ keçirilən narkotik vasitələrin miqdarı onu deməyə əsas verir ki, xalqımızı narkotiklə zəhərləmək istəyən, ölkəmizdə bu bəlanın yayılmasını arzulayan müəyyən qüvvələr var. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələri tanımadıqları xarici ölkə vətəndaşlarından aldıqlarını bildirir ki, bu da özlüyündə az şey demir. Bu mənada əminliklə demək olar ki, DİN-in həyata keçirdiyi missiya mühüm həyati əhəmiyyətə malikdir və qanunların aliliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqımızın genofondunun qorunmasına xidmət edir".
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, narkomaniyaya qarşı mübarizədə valideynlərin və məktəblərin üzərinə ciddi məsuliyyət düşür: "Narkomaniya asılılığı qlobal bir problemdir. "Ağ ölüm" adlandırılan bu bəla bütün ölkələri narahat edir. Ən pisi də odur ki, gənclər və yeniyetmələr arasında daha çox yayılır. Deməli, valideynlər uşaqlar və gənclər üzərində nəzarət sistemini gücləndirməlidirlər. İkinci növbədə isə məktəbdə şagirdlərlə aidiyyəti şəxslər mütəmadi olaraq işləməlidir. Əgər biz kollektiv sosial məsuliyyəti başa düşərək bu istiqamətdə ciddi işlər görsək, effektiv nəticələr əldə edə bilərik. Narkomaniya nəinki indiki, həm də gələcək nəsilləri təhdid edir".
Sosioloq hesab edir ki, məktəblərdə və kollektivlərdə müntəzəm testlər tətbiq edilməli, qan testləri ilə istifadəçilərin olub-olmaması müəyyən edilməlidir. Eyni zamanda təbliğat və təşviqat işləri paralel şəkildə aparılmalı, bütün məktəblərdə və kollektivlərdə geniş səviyyədə həyata keçirilməlidir: "Cinayət Məcəlləsində sərtləşdirmələr edilməli və bu işlər kampaniya xarakterli deyil, sistemli şəkildə aparılmalıdır. Sosial media və digər kommunikasiya vasitələrindən istifadə edərək təbliğat və təşviqat işləri paralel aparılmalıdır. Nəticə etibarilə, narkomaniya ilə mübarizə yalnız inzibati və hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Cəmiyyətin bütün təbəqələrinin bu prosesə qoşulması, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, ailə və məktəb əməkdaşlığının gücləndirilməsi, gənclərin sağlam həyat tərzinə təşviq olunması problemin həllinə mühüm töhfə verə bilər. Daha geniş ictimai addımların atılması narkomaniyanın yayılmasının qarşısını almağa və sağlam, təhlükəsiz cəmiyyətin formalaşmasına xidmət edəcək".
Millət vəkili Fatma Yıldırım bildirib ki, son illər Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər mühüm nəticələr verir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində böyük həcmdə narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılır, narkotik ticarəti ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunurlar.
Bu gün narkomaniya ilə mübarizədə ən vacib istiqamətlərdən biri gənclərin sağlam həyat tərzinə təşviq edilməsidir. Gənclərimizin idmana, təhsilə, elmə və mədəni fəaliyyətlərə marağının artırılması onların zərərli vərdişlərdən uzaq qalmasına kömək edir. Bu baxımdan ailə, məktəb və cəmiyyət arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Ailələr övladlarının davranışlarında baş verən dəyişikliklərə diqqət yetirməli, onların asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verməlidirlər. Çünki narkotik asılılığının qarşısının alınması ilk növbədə ailədən başlayır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr və media qurumları da narkomaniyaya qarşı mübarizədə fəal iştirak etməlidirlər. Cəmiyyət narkotik vasitələrin yaratdığı təhlükələr barədə davamlı şəkildə məlumatlandırılmalı, xüsusilə yeniyetmələr arasında maarifləndirici layihələrin sayı artırılmalıdır.
Millət vəkili Naqif Həmzəyev hesab edir ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi müasir dövrün ən ciddi sosial problemlərindən biridir. Bu problem təkcə ayrı-ayrı insanların sağlamlığına deyil, bütövlükdə cəmiyyətin inkişafına, ailə institutuna və gənc nəslin gələcəyinə ciddi təhdid yaradır. Onun sözlərinə görə, son illər Azərbaycanda narkomaniyaya qarşı mübarizə istiqamətində mühüm addımlar atılır, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, problemin həllində maarifləndirmə və profilaktik tədbirlərin də xüsusi əhəmiyyəti var: "Gənclərin narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlandırılması, onların sağlam həyat tərzinə təşviq edilməsi və asudə vaxtlarının səmərəli təşkili narkomaniyaya qarşı mübarizənin əsas istiqamətlərindən olmalıdır. Ailə, məktəb və cəmiyyət bu məsələdə birgə fəaliyyət göstərməli, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün bütün imkanlardan istifadə edilməlidir".
Sevinc Qarayeva
çap et