525.Az

"Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir" - Millət vəkili


 

"Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir" - <b style="color:red">Millət vəkili </b>

"26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və iftixar mənbəyi olan Milli Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna, qəhrəman əsgər və zabitlərimizin fədakarlığına, dövlətimizin gücünü və qüdrətini təcəssüm etdirən Azərbaycan Ordusuna sonsuz ehtiramın ifadəsidir. Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək müstəqil Azərbaycan Ordusunun təməlini təşkil etdi. Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi, dövlət maraqlarından daha çox hakimiyyət və vəzifə çəkişmələrinə aludə olması ölkəni dərin siyasi və hərbi böhranla üz-üzə qoymuşdu. Həmin dövrdə vahid komandanlığa əsaslanan nizami ordunun yaradılmaması, müxtəlif silahlı dəstələrin ayrı-ayrı qüvvələrin nəzarəti altında fəaliyyət göstərməsi Ermənistanın təcavüzünün daha da genişlənməsinə şərait yaratmış, nəticədə torpaqlarımızın bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Belə bir ağır və taleyüklü məqamda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verdi, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi istiqamətində fundamental islahatlar həyata keçirdi və müasir, peşəkar Milli Ordumuzun möhkəm təməllərini formalaşdırdı".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki, bu gün iftixarla qeyd edirik ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu inkişafının ən qüdrətli mərhələsini yaşayır. Son illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ordumuz ən müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar kadr hazırlığı yeni mərhələyə qədəm qoymuş, hərbi sənaye kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılııb. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və sarsılmaz vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması isə Ordumuzun gücünün və xalq-iqtidar birliyinin növbəti parlaq təcəssümü oldu: 

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, müasir çağırışlara uyğun inkişaf edən, beynəlxalq standartlara cavab verən, yüksək peşəkarlığa malik bir hərbi qüvvədir. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətinin genişləndirilməsi, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında həyata keçirilən islahatlar və beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi Ordumuzun gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, qəhrəman veteranlarımızı və hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayıram. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin, xalqımızın əmin-amanlığının və müstəqilliyimizin etibarlı təminatçısı olaraq yeni zəfərlərə imza atacaq".

 

 





26.06.2026    çap et  çap et