525.Az

“Unudulmayanlar” layihəsi çərçivəsində xatirə gecəsi - Məmmədağa Muradov


 

“Unudulmayanlar” layihəsi çərçivəsində xatirə gecəsi - <b style="color:red"> Məmmədağa Muradov</b>

Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, Əməkdar artist, mahir tarzən Məmmədağa Muradovun 105 illiyinə həsr olunan gecə təşkil edilib.

525.az xəbər verir ki, xatirə gecəsində çıxış edən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev və Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sənətkarın yaradıcılıq yolundan, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən və tar sənətinin inkişafındakı xüsusi rolundan danışıblar.

Tədbirdə, həmçinin sənətkarın Azərbaycan muğam sənətinin, milli musiqi irsinin və tar ifaçılıq məktəbinin inkişafında oynadığı mühüm roldan bəhs olunub. Qeyd edilib ki, Məmmədağa Muradov uzun illər ərzində öz yüksək ifaçılıq məharəti, zəngin repertuarı və sənətə bağlılığı ilə milli musiqimizin təbliğinə və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verib.

Bədii hissədə tanınmış tarzənlər və xanəndələr çıxış edərək Məmmədağa Muradovun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov, həmçinin sevilən xanəndələr Mirələm Mirələmov, Hüseyn Məlikov, Nisbət Sədrayeva, Murad Laçın və Yusif Cəfərbəyli çıxış ediblər.

Tədbirin sonunda tarzənin oğlu Zahid Muradov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Səsləndirilən muğamlar və instrumental ifalar Azərbaycan tar sənətinin zəngin ənənələrini, milli musiqimizin dərin köklərini və ustad sənətkarların yaradıcılıq irsini bir daha nümayiş etdirib.

 





27.06.2026    çap et  çap et