Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.
525.az-a Akademiyadan bildirilib ki, tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri, professor-müəllim heyəti və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir.
Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərlərində çalışmalıdırlar.
Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub.
Valideyn Nuru Rzalı məzunları təbrik edib, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris mühitini yüksək qiymətləndirərək müəllimlərə təşəkkürünü bildirib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb, onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
çap et