525.Az

Əli Kərimlə bağlı doğma xatirələr 


 

Əli Kərimlə bağlı <b style="color:red"> doğma xatirələr </b>

“Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır”

(Əli Kərim)

Əli Kərim Azərbaycan poeziyasının nakam, ancaq istedadlı şairidir. Lirik intellektual fəlsəfi şeirin bənzərsiz və novator nümayəndəsi olan Əli Kərimlə bağlı bilinən, bilinməyən doğma xatirələri “İnterfax” dərgisinə Göyçayın “Arvan” kitabxanasında şairin bacısı oğlu Mehdiyev Vaqif Arif oğlu bölüşür.  Anası, yəni Əli Kərimin bacısı 16 il öncə vəfat edib. Atası isə şairlə həmyaşıd və uşaqlıq dostu olsa da, hazırda yataq xəstəsi olduğundan  oğlu onların xatirələrini  oxucularla paylaşır. O, 10 yaşından etibarən dayısı Əli Kərimlə bağlı xatirələri, şəxsi əşya və şəkilləri toplayıb yadigar kimi qoruyub saxlayır. Qısa da olsa şairin yeganə bacısı Əminə xanım və ailəsi barədə məlumat verək.

Həyat yoldaşı Mehdiyev Arif İsa oğlu 1932-ci il mayın 9-da doğulub. Orta təhsillidir, uzun illər sürücü kimi çalışıb. Kərimova Əminə Paşa qızı 1938-ci il 24 oktyabrda anadan olub. Alitəhsilli bağça müəllimi kimi rayonda müxtəlif bağçalarda çalışıb. Hətta Göyçay Şəhər 3 nömrəli bağçanın müdirü olub. 2010-cu ildə vəfat edib. Ailənin üç qız, bir oğul övladı var. Böyük bacı Xuraman vəfat edib. Ortancıl bacı Əliyeva Təranə alitəhsilli ingilis dili müəllimi, kiçik bacı Heydərova İradə isə musiqi müəllimidir.   Müsahibimiz, yəni oğul övladı  Mehdiyev Vaqif Arif oğlu 1962-ci il dekabrın 10-da anadan olub. Alitəhsilli iqtisadçıdır.  

...Əli Kərimə ailənin vəfat edən bütün övladlarının cəmi istedadı qismət olub

Əvvəla, təşəkkür edirəm. Əli Kərim haqqında deyilən və  yazılan bu xatirələr yaddaşlarda qalacaq. Geniş kütləyə bəlli olmayan bəzi sirli, maraqlı, kədərli və xoş xatirələr var ki, biz doğmaları bilirik. Adı və şəxsiyyəti böyük olan şair Əli Kərim mənim dayımdır. Mən onun yaradıcılığına doğmam kimi yox, oxucu kimi yanaşıram. Çünki müəllifi olduğu şeirlər insanın dünyagörüşünü, düşüncələrini istedad və intellektual baxımından  ifadə edir, duyğularına təsir edir. Onun yaradıcılığını sərin bulaq suyuna bənzədirəm. Hansı ki,  savadlı oxucu onu arzulayır,   zamansız “ləzzətlə içir”.

Əli Kərim 1931-ci ilin martın 18-də kasıb, sadə bir ailədə dünyaya göz açıb. O, dünyaya gələnə qədər bir neçə uşaq doğularaq vəfat edib. Həmin dövr də ötən əsrin 20-30-cu illərinə təsadüf edir. Yəni tibbi bilik və imkanların əlçatmazlığı, həkimsizlik özünü göstərib. Təsəvvür edin ki, Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin açılış etməsindən on il keçir. O qızların təhsil alıb həkim olmasına hələ zaman var. Ona görə də doğulan uşaqlar tibbi problemlərdən dolayı vəfat edib. Nənəmin anama bildirdiyinə görə, təxminən ölən uşaqlar altı aylıq, yaş yarımlıq olub. Bu hadisədən sonra nənəmgil rayonun məşhur din xadimi rəhmətlik Mir Fazil Ağanın yanına üz tutub. O da “Quran” açıb, dua yazıb. Hansı ki,  indi saxlayırıq. Nənəm də onu düzbucaqlı formada parçaya tikib. Bu dua doğulandan dördüncü  sinifə qədər dayımın üzərində olub. Həmçinin bir ədəd halqa  sırğa olub ki, onun halqasının qızıl metalında iynə ilə dua qeyd olunub. Qara qoç alınıb kəsilərək qəbiristanlıqda dəfn edilməyi də tapşırır. Əli Kərim dünyaya gələndən sonra bu adətlərə əməl olunub. Kəsilən qoç 3 nömrəli hamamın yerindəki qəbiristanlıqda  dəfn edilib. Bir qulağına da  sırğanı taxıblar. İkinci sinifdə oxuyanda Əli Kərim anasına uşaqların ona güldüyünü deyərək sırğanı çıxardıb. Dua isə dördüncü sinifə qədər onun üzərində olub. Yeddi ildən sonra isə tək bacısı mənim anam dünyaya gəlib. Bəlkə də Əli Kərimə ailənin vəfat edən bütün övladların cəmi istedadı qismət olub. 

Qısa və gənc ömrə bu qədər istedadlı, sevilən şeirlər yazaraq sığdırmaq hər kəsə nəsib olmur. Ədəbiyyatımızda Əli Kərim özünəməxsusluğu, özünəxas cığırı var. İstəyən şəxs onun yaradıcılığından feyzyab olur, olacaq da. Şairin şeirlərində dərin fəlsəfi məqamlar var. Allah ona bu istedadı verib ki, belə bir şəraitdə doğulan uşaq zamanla təhsil alaraq onu püxtələşdirsin.

“Babam divara yazılan şeiri görəndə dayımı döyərək tənbeh edib”

Əli Kərim ilk şeirini dördüncü sinifdə yazıb. Nənəm deyirdi ki, bir dəfə dayım şeirlərindən birini evin divarına yazır. O vaxt evlərin döşəməsi, tavanı, divarı şirəli torpaqdan olub. Nənəmgilin evi də 3 nömrəli şəhər hamamının (əvvəl qəbiristanlıq ərazisi olub)  yanındakı “Arvan” çayının üstündəki körpünün sol tərəfində olub. Babam Paşa kişi də (dörd nəfərlik ailə şəklini göstərir) divara yazılan şeiri görəndə dayımı döyərək tənbeh edib ki, niyə şeiri divara yazmısan (gülümsəyir). O şeirində də nöqtə qoyubmuş. Elə sonradan da deyirlər ki, şeirləri də özü kimi qətiyyətli imiş. Şeirində Əli Kərimə qədər başlayan kimi nöqtə qoyan şairi mən tanımıram. Ancaq divara yazılan şeiri bilmədik. Hansı şeirini yazdığını xatırlamırdılar.

“Divarına şeir yazılan ev də dövlət tərəfindən ölən atlara görə müsadirə olunur”

Atam, Arif Mehdiyev (94 yaşı var, yataq xəstəsidir) və pianino müəllimi Elxan Vəzirov (rəhmətə gedib) Əli Kərimin uşaqlıq dostu və qonşusu olublar. Bir məhlədə böyüyüblər. Dövlət ona arabaçı kimi iki at verib. Babam da at arabası ilə dükanlara çörək daşıyırmış. Fevral ayında güclü bir şaxta olur. Elxan müəllim deyirdi  “səhər küçədə 5-6 camışın donub öldüyünü gördük”. Həmin kəskin şaxtalı günlərdə babamın da iki atı ölür. Divarına şeir yazılan ev də dövlət tərəfindən ölən atlara görə müsadirə olunur. Babam buna təbii hadisə olmasından dolayı etiraz  etsə də, amma məcbur evini əlindən alırlar. Evsiz qalan babam sonra həmin evlə üzbəüz sahədə ev tikir. Əsmər, Çiçək bacıları da onlardan bir ev bəri tərəfdə olur. “Qaytar Ana borcu” şeirini deyirəm. O iki bacı əslən Ucar rayonunun Lək kəndindəndirlər (gülür). Babamgilin kasıb yaşamasına, həm də evinin əldən çıxması səbəb olub.  

“Pul nədir, pul deyirsən, göndərərəm canımı”

Əli Kərim orta məktəbi qızıl medalla bitirdikdən sonra Teatr İnstitutuna daxil olur. Yataqxanada yer olmadığına görə Ədəbiyyat İnstitutuna keçir. İkinci kursdan onu istedadlı şair kimi  Nəbi Xəzri, İsgəndər Coşqun və  Cabir Novruzla birlikdə  Moskvaya oxumağa göndərirlər. İsgəndər Coşqun qatarla Göyçaya gələndə, dayım ona babama baş çəkməyi və Moskvaya göndərilməsi xəbərini çatdırmağı  tapşırır. Deyir: “Gör atamdan bir az pul ala bilərsən?!” (gülür) İsgəndər Coşqun da bizimlə qonşu idi. Öncə öz evlərinə, sonra da babamgilə gəlir. Əli Kərimin istəyini onlara çatdırır. İmkansızlıqdan Paşa kişi də deyir ki, Bakıdakı təhsilini alsın, Moskva lazım deyil. İsgəndər Coşqun da qapıdan çölə çıxanda nənəm Gülzadə ana onu geri çağırıb xahiş edir ki: “İsgəndər bala, bir-iki günə təkrar məni gör”. Nənəm öz sevimli paltartikən maşınını qonşu nurani Gülsüm nənəyə 50 manata satır və o pulu İsgəndər Coşquna xəlvətcə verib deyir ki, “Bu pulu Əli Kərimə ver, Moskvaya gedib təhsil alsın”.  “Qaytar Ana Borcunu” şeirindəki “Pul nədir, pul deyirsən, göndərərəm canımı” misrası da bu əhvalatla bağlıdır. Onu da qeyd edim ki, ananın övladına göstərdiyi sonsuz sevgi və fədakarlığı təsvir edən bu şeiri elə öz anasına, özünə yazıb. Nənəm həmin paltartikən maşını isə sonradan pulla qonşudan alıb anama, yəni qızı Əminəyə cehiz verib. İndi bizdə yadigar kimi qalır. Hətta ailə albomumuzda nənəmin Əli Kərim ilə paltar tikdiyi yerdə çəkilən şəkli də var. Dayımın uşaqlığı da aktiv olub. Şeir də yazıb, idmana da gedib. İndiki diş poliklinikasının yerində taxtadan idman zalı olub. O,  mütəmadi ora gedərək idman edib. Həmin küçədə beşmərtəbəli binanın yanında Göyçay oteli var idi. İndiki telefon dükanın yerində isə rəhmətlik Rafiq dayının süd-çörək dükanı yerləşirdi. O küçədən indiki Heydər Əliyev küçəsinədək bütün evlər, tikililər taxtadan idi. Niyə taxta? Çünki Göyçay Rus İmperiyasının quberniyası olub. Güclü sel gəlib. Şəhərin mərkəzi indiki Potu kəndi ərazisi olub. O vaxt Rus Çarlığı tərəfindən pul ayrılaraq şəhərin mərkəzi küçələri salınıb. Fikir versəniz, Göyçay ətraf rayonlardan məhz küçələrinin səliqəli simmetrik quruluşu, bir-birilə perpendikulyar kəsişməsi ilə fərqlənir. Savadlı arxitektur əlindən keçdiyi hiss olunur. Rus arxitektur idi, hətta 1956-cı ildə vəfat edib. Sonrakı mütəxəssis isə azərbaycanlı oldu və küçələr də getdikcə əyildi (gülür). Bunu Əli Kərimin böyüdüyü, əvvəlki Göyçayın geniş, perpendikulyar küçələrini təsvir etmək üçün deyirəm. Atam deyir ki, Əli Kərim sülhsevər, davakar olmayan, hətta sözünə qulas asmayana qulaqburması verməyi də bacaran uşaq idi. Uşaqlıqda Əli Kərimin 5-6 baş qoyunu, bir baş keçisi olub. Keçi ona çox öyrəşir, hara getsəydi, onunla gedirmiş. Ləqəbi də “çoban Əli” olub. Əli həm də idmanla məşğul olub. Güləş və daşqaldırma idman növləri üzrə  məşğələlərə gedib. Hətta deyilənə görə, daşları dişi ilə qaldırırmış. Ona görə də sözü deyəndə keçirmiş (gülür).

Belə bir uşaq, yəni Əli Kərim Göyçaydan Bakıya, ordan da birbaşa imperiyanın mərkəzi, yəni mədəniyyətin mərkəzi Rusiyaya gedib çıxır. Beş il orda davamlı ali təhsil alır. İlk kitabı da orda çap olunur.

- Deyilənə görə, Əli Kərim Moskvada pasportu itkin düşdüyündən geri qayıdır. Onun məqsədli bir plan olduğu bildirilir. Hətta şair Qəşəm Nəcəfzadə bir səs yazısında deyir ki, Əli Kərimin yerlisi, dostu şair, yazar Əli Səmədli onunla küsülü olub. Məqsədli şəkildə Moskvada onun pasportunu Əli Kərimin öz ayaqqabısının altında gizlədir ki, tapmasın. O da məcbur olub Bakıya, ordan Göyçaya qayıdıb təkrar pasportunu düzəldərək qayıdıb. Halbuki Əli Səmədlinin kitabında Moskvada oxuyarkən Əli Kərim ilə bağlı məktublaşmaları, ən məhrəm hisslərini belə onunla bölüşməsi qeyd olunub. Məktubun əslini belə dərc etdirib. Bu, doğrudurmu? Həm də şair Qəşəm Nəcəfzadə Əli Kərim  barədə silsilə məqalə yazdığını deyir, ancaq məqalələrinin birində şairlə bağlı təhrif edilmiş məlumatlar yer alır.  Ümumiyyətlə, şair beş ildə Vətənə, doğmalarının yanına gəlibmi?

- Xeyr, gəlməyib. Düzdür, o səsi dinlədik, ancaq bu, inandırıcı deyil. Çünki qatarla gedib və yataqxanaya çatanda guya pasport yoxa çıxıb və Əli Kərim buna görə təkrar qayıdıbsa, onda pasportsuz qatarla necə qayıdıb? Ayaqqabıda heçmi hiss olunmayıb? Qəşəm Nəcəfzadənin bir məqaləsini oxudum. Şairin doğum yerini  Gəncə qeyd edir, ata adı və sənəti barədə doğru məlumat vermir. Elza xanımla danışdığı halda,  ailəsi barədə yetərli məlumatların olmadığını deyir. Ancaq araşdırıb detallı məlumat ala bilərdi. Ən məşhur şeirlərinin adı çəkilmir. Çəkilən şeirlərinin də adı doğru deyil. Fəaliyyəti, təhsili barədə də məlumatlarda yanlışlıq var. Əli Kərim oxuduğu müddətdə Göyçaya, Bakıya gəlsə belə, ailəsi  mütləq xəbər tutardı. Ən azı atam bilərdi. Onlar məktublaşıblar. Atamla, İnqilab bəylə (sinif yoldaşı İnqilab Kərimov - red.) olan məktublar qalmayıb, ancaq Əli Səmədli ilə olan məktublar qalıb. Düşünürəm ki, bu o dövrdə şairlərimizin artan nüfuzu ilə bağlıdır. Atam da bunun baş vermədiyini deyir. Hətta təhsilinin son illərində atası, yəni babam rəhmətə gedir, gələ bilmir. “Atamın xatirəsi” adlı şeirinin son iki bəndində o kədərli anı belə təsvir edir:

Sevgisi də soyuq idi - təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn kimi bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə.

Gah deyib ki, mən

Qoy bilməyim,

O utanıb öz ölümündən

Ah, o niyə belə etdi, bu nə qübardı?

Nə zamansa bu nişanda bir atam vardı.

Məntiqlə də o illərə xəyal etsək,  anlayırsan ki, ordan bura gediş-gəliş heç də asan deyildi. Sistematik hava nəqliyyatı yox, qatarla da gediş-gəliş çətin, ailəsi də imkansız olub. Vətənə təhsilini  bitirdikdən sonra qayıdıb. Uzun müddət ayrılıq da şairimizin şeirlərində həsrət sözünü daha çox  işlətməsinə gətirib çıxardı.

- Həm də bu illərin həsrəti şairə ədəbi camiədən adlayaraq geniş oxucu kütləsinin qəlbinə yol tapan, ən nankor oğulun belə əzbər bildiyi “Qaytar, ana borcunu” şeirini yazdırdı və şeirdə prototip özü olsa da, ümumiləşdirmə verməklə özünü görə bilənlərin sayını artırdı. Elədirmi?

- Bəli, “Bir oğul böyütdü ki, gur, çatmaqaş gen sinə” // “Oğul İnstituta qızıl medalla girdi” misralarında öz xarici görünüşü,  orta məktəbi qızıl medalla bitirməsi faktına toxunur. Öz obrazında uzun müddət əlaqənin olmamasını, gələ bilməməsini, anasının övlad nigaranlığını təsvir edir. Əli Kərim o şeirdə çoxsaylı qapı, pəncərə açmaqla çoxlarının boylanmasına, görünməsinə, özünü orda tapmasına şərait  yaradıb. Bu şeirlə bağlı qiraətçi Ağalar Bayramov maraqlı bir əhvalat danışıb. Onu Rusiyada məclisə dəvət edirlər. Məclisdə iştirak edəndə bir nəfər yüz dolları  onun sinə cibinə basıb Əli Kərimin bu şeirini səsləndirməyi xahiş edir. O da sakitlik fonunda o şeiri səsləndirir. Toyda öncəki şən ab-hava qəribə bir sükutla əvəzlənir. Hamı Moskvada qəribdir. Görür ki, bir gənc oğlan ağlayaraq ona yaxınlaşır və şeirin məhz ona deyildiyini əsas gətirərək kədərlənir. Oğlan “bu şeir mənim həyatımdır. 19 ildir ki, Rusiyadayam, ancaq anamla əlaqəm olmayıb. Mütləq qayıdıb anamı görəcəm” deyir.  

Şeirin öz vəzn xüsusiyyətləri var. Nəsimiyə dediyi “Əqidəsindən bir sətr də enmədi” misrasındakı təsvir unikallığı, yaxud da ki, “Ölümün Nəsimi zirvəsi” ifadəsindəki bənzətmə yenilikdir, novatorluqdur. Bütün misralar, fikirlər sujetə xidmət edir. Pərakəndəlik, qafiyə naminə söz yığını yoxdur. Elə “Qaytar ana borcunu” şeirinin son iki misrasındakı

“Qaytar ana borcunu.

O borc sənin özünsən, özünü qaytar geri” tapıntısı unikaldır.

Əli Kərim şeirləri ilə həmişə məni kövrəldib. 15-20 il yoqa müəllimi kimi çalışanda, sonralar da öncə  onun qəbrini ziyarət edərdim, dua verərdim, sonra dərsimi keçərdim. Əli Kərim dayım olsa da, şair kimi  ruhuma o qədər doğmadır ki! 

"İntellektlə həyat birləşəndə, daha doğrusu, intellektin həyati əsası olanda əsl şeir yarana bilər” şairin fikrini öz yaradıcılığında hiss edirik. “Daş” şeirində yarıçılpaq qədim insanın düşməninə atdığı daşın zamanla oxdan mərmiyə, sonra atomdan elektron, neytronlara çevrilib qan tökməsi, alova, ölümə çevrilməsi ilə bəşəriyyətə dəyən ziyanı diqqətə çatdırır. Daş atan yarıvəhşi, yarıçılpaq adamın dayandırılmasını, yəni dünyada sülhün bərqərar olmasını istəyir.  "Van-Qoqun günəşi” şeirində dünya rəssamlıq sənətinin nadir incilərinə olan meylindən, dəqiq elmlərə olan bələdliyi "Xətlər variasiyaları” şeirində bəhs olunur. “Bir santimetr haqqında ballada” və "Aut” şeirləri də idman növlərinə ciddi maraq göstərdiyini təsdiq edir. “Səfərdə” şeirində isə “İnsan dünyaya bənzər – Səfərdədir əbədi” deyərək qatarın dayanmasından məzara qədər insanın səfərdə olduğunu mənadolu açıqlamalarla göstərir.

“Babəkin qolları”nda  

“Orda mənsiz qılınc çalan

Qollarımla bir vuruşun” deyən qəhrəman Babəkin tarixi şücaət və əzmindən bəhs edir. Şairin Kür çayına həsr etdiyi “Kür, sənə bənzəyən nəğməm olaydı”da isə  işlətdiyi təşbeh və metaforlara heyran olmamaq mümkünsüzdür.

10-cu sinifdə Kürü yaxından gördüm. Şair şeirdə Kürü ki, min-min dodaqdan axan nəğmə sanır, “yazdığım nəğmə də istərəm ki, mən. Sədada, qüdrətdə tamam sən ola” deyərək ona bənzəmək istəyir. Bu bənddə isə Kürün şəhərə, kəndə necə axdığı kimi nəğməsinin də yayılmasını, arx kimi yeriyib dalğalanıb ana torpağı qucaqlanmasını, sözünün könüllərə şəfəq yaymasını, Kürə bənzəyən nəğməsinin olmasını  arzu edir (şeiri deyir - red.).

Sənintək axaydı, səsim də, a çay,

Muğanda "su" deyib yananda düzlər,

Mənim də nəğməmi tarlada hər yay

Sərin suyun kimi içəydi qızlar.

Hər konül istəyim, könül harayım

Ellərin qeydinə belə qalaydı.

Heç nə istəmirəm, mənim Kür çayım,

Bir sənə bənzəyən nəğməm olaydı.

“Kür” şeirində isə bənzətmə daha güclü, daha təsirlidir. Şair bu şeirdə Kürün mənbəyindən qucaqlaşıb ona necə qovuşduğunu, dönüb Kürə çevrildiyini və gücün artmasını elə təsvir edir ki, sanki  Şirvan-Qarabağ kanalı şairin  güclü iki qolu olur və ana yurdu qucaqlayır. Yolu əbədiyyət olan, qəlbində xalq məhəbbəti, dalğasında dağ əzəməti olan şair eldən-elə axıb Kürün obrazını alır.  Ən sonda isə şair bir gecəlik Kürə çevrildiyini nəinki kimsənin, heç kürün də bilmədiyini qeyd edir.

Bircə Kəs də bilmədi ki,

Kür bu gecə o kür deyil.

O, canlıdır, görür, duyur.

Şeir yazır, şeir deyir. 

Oldum işıq, gəmi, dəniz. 

Yuxulamadım səhərəcən. 

Gecələdim bir gecədə.

Min-min eldə, mahalda mən.

Kür özü də bilmədi ki, 

səsi güclü, gur olmuşam. 

Xoşbəxtəm ki, heç olmasa,

bir gecəlik Kür olmuşam.

- Kasıb bir ailədə böyüyən Əli Kərimin təhsil almasına səbəbkar kim idi? Bir şeirində müəlliminin adını çəkir ki, onun təhrikilə təhsilə yönəlir. Yoxsa indiki Əli Kərim olmazdı.

- Təzəliklə anamın bir əlyazmasını tapdım. Orda qeyd var. Əli Kərim indiki 2 nömrəli tam orta məktəbin yerindəki məktəbdə birinci sinfə gedir. Dördüncü sinfə qədər orda oxuyur. Sonra o vaxtkı 4 nömrəli, indiki 3 nömrəli rusdilli beynəlmiləl məktəbdə səkkizinci sinfə qədər oxuyur. Anam əlyazmada yazır ki, Əli Kərimin attestatı veriləndə nənəmi məktəbə dəvət edirlər. Nənəm də özü ilə anamı məktəbə aparır. Deyilib ki, bu uşaq qızıl medala düşür, onu mütləq oxudun. Çox istedadlı uşaqdır. Məktəbin bu cür təkanı dayımın ali təhsil almasına səbəb olur. O, sənədlərini instituta verir. İlk Teatr İnstitutuna qəbul olsa da, yataqxanada yer olmama səbəbindən Ədəbiyyat İnstitutuna dəyişdirilib. Orda da iki il oxuduqdan sonra istedadlı olduğu üçün Moskvaya göndərilir. Bildirilən məlumata görə, dayım və İsgəndər Coşqun Rəsul Rzanın səyi ilə göndərilir. Ad dəyişib Sovet Sosialist Respublikası olsa da, elə rus imperiyasının davamı idi. Onlar da ziyalı, savadlı  adamları aparıb oxudub öz mənafeələri üçün istifadə etməyə çalışırdılar. “Dəli Kür” filmini xatırlayın (susur).

- Bəli, rus maarifçisi, pedaqoq, ilk “Vətən dili” dərsliyinin müəllifi Aleksey Osipoviç Çernyayevskini deyirsiz. Çernyayevski tez-tez Azərbaycana gələrək, seminariyada oxumaq üçün gənc, istedadlı azərbaycanlıları cəlb edirdi. O, seminariyada 250 təhsilli gənc yetişdirdi.  Şamaxıda doğulub, orda ilk təhsilini alıb. Hazırda 1 saylı Qobustan şəhər tam orta məktəb onun adını daşıyır. Qarşısında büstü də var. “Dəli Kür” filmində də Vladislav Kovalkov Çernyayevski obrazını yaradıb.   Deməli, Əli Kərim də istedadına görə seçilənlərdən olub.

- Bəli, onu deyirəm. Ətraflı məlumat verdiniz. İstedadlı adamları seçib götürürdülər, sonra onu özününkiləşdirirdilər. Sən fəhləni, kəndlini, kommunizmi, partiyanı tərifləməlisən. Amma Əli Kərim birinci mərhələni keçib gedib oxusa da, ancaq ikinci mərhələdə onlara dönük çıxdı (gülür). Dönük çıxmasaydı, Əli Kərim olmazdı. Onu vertelyota qoyub Neft Daşlarına göndəriblər. Bu məqamda “Bir Cənub Şəhərində” filmini xatırlayın.

Orda iki qızla oğlan dostluq edir. Deyir ki, göndərək səni Neft Daşlarına. Orda yaxşı bir briqadir var. Planı 120 faiz doldurub, get ondan yaz. İrəli gedərsən, qəzetdə şəklin çıxar. Elə o dövrlər idi. Şeirlərində də aydın hiss olunur ki, gedib 3-4 gün Neft Daşlarında qalıb. Getsə də, amma insanın insana münasibətindən, insanın zəhmətə münasibətindən yazıb. Mirzə Ələkbər Sabirin “Fəhlə, sən də özünü insanmı sanırsan?” misrasından fərqli olaraq o pulsuz kişiləri (fəhlələri) insan sayıb, hörmət edib. “Qağayilər” adlı şeir yazıb.

Şəhər saldı suda insan

Qorxusundan

Bağrışdılar qağayılar

Qorxdular ki, dəniz - Vətən

Alınacaq əllərindən

səhvlərini

Duyub birdən

Barışdılar qağayılar

Şeirdə bir fikir var ki, dəniz qağayilərin Vətəni idi. Bir gün görürlər ki, insan övladı Vətənini onların əlindən alır. İnsan orda tikinti işləri görür, məskən salır.  Onlar narahat olur ki, axı bu insanlar niyə Vətənini alır əlindən. Ancaq pəncərədən fəhlə qağayilərə çörək atanda, anlayır ki, bura yaxşı insanlar gəlib. O, orda qağayi ilə empati qurub quşun gözündən baxaraq yazıb dənizə. Hamı ondan kommunistə, sosializmə aid şeir gözləyir, bu da gedib bu şeirləri yazıb. O istəsəydi, tərifli şeirlər yazıb ad alıb Fəxri xiyabanda  dəfn olunardı. Əlini gözü götürməyənlər də çox olub (kədərlənir). 

- Əli Kərimin ən yaxın dostu Altay Məmmədov da “Tanıdığım Əli Kərim” memuarında bu mətləbə üstüörtülü eyham vurur.  “Redaksiyaların birində vaxtilə Əli ilə yanaşı olmuş şair işləyirdi. Deyirdi ki, Əli Kərim onunla mənə bəlli olmayan səbəblərdən danışmırdı. Ancaq o şair məni nə vaxt görürdüsə, Əli Kərimi tərifləyir, ağlamaq həddinə qədər kövrəlirdi. Buna görə Əli Kərimi danlasam da, sonralar başa düşdüm ki, Əli haqlıdır. Danışanda az qala kövrəlib ağlamaq həddinə düşən bu adamın hər şeyi təpədən dırnağacan saxta imiş. Əlinin ən qəddar bədxahlarından biri imiş. Əlidən danışanda gözləri sopsoyuq şüşəyə dönürdü. Arağı üfürə-üfürə içən, üstündən qoxu gəlməsin deyə sən-sən atan bu vəzifə ölüsü başdan-başa maska imiş, vəssalam! İçi də həsəd və paxıllıqla dolu olan bu şəxs Əlinin vəfatından sonra onun övladlarının uğurlarına da qısqanacaqdı!..”

Yaxud da dövrün nəbzini tutanlardan söhbət açır. Orada Əli Kərimdən fərqli olaraq  şairin ən çox həmsöhbət olduğu, onun kimi Moskva ədəbi  mühiti görmüş tənqidçi-ədəbiyyatşünas İslam İbrahimovun yaranmış vəziyyətdən istifadə etmək bacarığına söz atır. Hətta deyir ki, İttifaq ierarxiyasına daxil olan "qolçomaq" ədiblər də ondan ehtiyatlanırdılar. Müəllif İslam İbrahimovun Əli Kərimin təsir altına almasına işarə edərək narahat olur. Yazır ki: “Mənəvi bir amil olsaydı, qətiyyən təsirlənməzdim, daha çox birgə naharlar, artan içkilər yaxşı hal deyildi”. Əlavə qeyd edir ki: “O, çox gözəl bilirdi ki, Əlinin poetik imkanları çoxdur, güclüdür, ona təkan, kömək, qayğı gərəkdir. Kömək özünə qalsın, heç olmasa özünə tay-tuş tapıb Əlidən aralana idi gərək. Nədənsə o, belə etmədi, hələ üstəlik, tale onu Əliyə mənzil qonşusu da elədi. Əlinin xalqına veriləsi çoxlu şedevr şeirləri, ailəsi, üç körpəsi vardı”. Bununla müəllif Əli Kərimin məqsədli şəkildə yaradıcılıqdan uzaq salınmasına işarə edir.

- Mən də sizə bu məqamda qəribə bir əhvalat qeyd edim. Şair “İki Sevgi” şeirində, hətta bu şeiri tərcüməçi, pedaqoq Firəngiz Nəsirova ingilis dilinə çevirib. O, İngiltərədə universitetdə dərs keçərkən bir dəfə yerli, əcnəbi  ziyalılardan ibarət görüş keçirilir və bu şeir ingiliscə səsləndirilir. Çox bəyənirlər və şeirin hər misrasına, ifadə etdiyi fikrə  heyran olurlar. Şeirdəki təzad, bənzətmə onları çox təəccübləndirir. O məşhur şeirdə bir hissə var. 

Mən ki səni sevirəm

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi

O şeiri gətirib çapa verəndə “əla şeiridir, amma ora “nəsə” yazmalısan” deyilib. O, razı olmasa da, “bu şeirə Daşkəsənin adını salmalısan” təkidi olub. Orda dəmir filizi tapılmışdır. Məftillərlə filiz gəlib tökülürmüş qatarlara. Qatarlar da filizi  Kutaisiyə aparırmış və bunu dövrün qəzetlərində gurultu ilə yazıblar, təbliğatını ediblər. Çox məcburiyyətdən sonra əsəbiləşərək  qeyd etdiyim misranı şeirə əlavə edir. O da bənzətməni yenə sevgi gücünü göstərmək üçün ifadə edir, məddahlıq üçün yox. Onu bax, belə incidirdilər. “Dövlətdən, partiyadan yaz” deyərək onu məcbur etsələr də, qəlbinin səsinə qulaq asırdı. Digərləri yazırdı, rəhbərə salam deyirdi. Amma Əli Kərim bunu qəbul etmədi deyə, sağlığında cəmi dörd kitabı nəşr olundu. Onun çox şeirləri ölümündən sonralar çap olundu. Bax, bu sarı rəngli “Qızıl qanad” kitabı əl boydadır. Dövrünə görə bəlkə ehtiyat edərək belə çap ediblər ki, nəzərə çarpmasın, amma ciblərdə, ürək başında gəzirdi. Anam deyirdi ki, Əli Kərim onu incidənlər, yolunu kəsənlər barədə evdə qəti danışmırdı. Buzqıran gəmi buzları qıra-qıra getdiyi kimi, Əli Kərim də bunu həyatın axarına buraxmışdı. Ölümündən sonrakı sevgi, sayğı, şeirinə olan qiymət bunu sübut edir.

- “İki sevgi” şeirindən danışmışkən, şairin “iki qəlb arzusu” adlandırdığı ilk sevgisi kim olub? Yaxud “O qıza “ şeirindəki 

Kimə, niyə baxıram təkcə səni andırır.

Ürəyimdə sözüm var, ürəyimi yandırır.

O elə bir sözdür ki, dosta, yada deyilməz.

Anadan əziz nə var, anaya da deyilməz.

Şeirlər öz sevgisinə yazılıbsa, onda indiyə qədər çoxunun bilmədiyi, şairin anadan belə gizlətdiyi o qadın kim olub?

- (susur) Məndən çox vaxt soruşulub ki, kimə yazılıb o şeirlər. Demirdim. Hətta iki il öncə rayonumuzda rejissor Əhliman müəllimlə bu barədə müzakirəmiz olub. Şair anasına deməyibsə, mən necə deyim bunu? (gülür) Sonradan üstü açıldı. Ziyalılarımızla söhbət əsnasında yenidən bu sual soruşulanda sənətşünas, jurnalist Vasif Ayanın anası Afət müəllim etiraf etdi və bununla da sirr açıldı. Onlar qonşu olub. İndi şair də, qız da vəfat edib. Məncə, açıqlamaq olar. Şair Əli Kərimin ilk sevgisi elə Göyçayda yaşayan Zəkiyyə Kərimova adlı bir qız olub. Anamla birlikdə Zəkiyyə rayonda birillik fəaliyyət göstərən tibb və pedaqoji kurslara gedib. Anam pedaqoji, o isə tibb üzrə oxuyurmuş. Birlikdə gəlib gedərlərmiş. Dayım da onu sevirdi. Altı yaş da ondan böyük idi. Sonra Əli Kərim təhsil dalınca gedir və illər keçir. Qayıdanda anamdan o qız barədə xəbər alır. Artıq gec idi. Zəkiyyə universitet müəllimi ilə ailə həyatı quraraq Bakıya köçmüşdü (kədərlənərək “İki sevgi” şeirini səsləndirir). 

Bilirsiz, gənclərin bu şeiri çox sevməsinə səbəb sonluqdakı üç nöqtənin olmasıdır. Yəni hələ ardı var. Üç nöqtədən sonra hər kəs öz həyatını yaşamağa başlayır. Şair də öz həyatını davam edir. Elza xanımla ailə qurur, üç oğul övladı olur. Şairin ilk sevgisi olan Zəkiyyə xanımın uzun illər övladı olmur. Bir oğul övladı himayəyə götürsə də, 22 yaşında vəfat edir. Nakam ömür olur. Sonra həyat yoldaşı və özü vəfat edir.  Baxın, burda “Vinetka” (məzun albomu) var. Ondan bizə qalan yadigardır. İllərdir gizli saxlayırıq. O, Əli Kərimə tək şəkil verə bilməzdi. Odur ki, yadigar kimi “Vinetka”nı anama verib. Anam da ələ düşməsin deyə onu belə (göstərir)  qatlayıb və ilk sevginin yadigarı kimi qoruyub saxlayıb. Diqqətlə baxsaq, Zəkiyyənin yanağında xalı var. Bu xal Əli Kərimin həsrətinin nöqtəsidir. Zəkiyyə ailə qurandan sonra Əli Kərim “O qıza” şeirini yazır. Şeirin iki misrasında həmin həsrət öz əksini tapır. 

Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,

Qoy qara xalın olsun həsrətimin nöqtəsi! 

Əslində şairin yaxın dostları da  qıza olan sevgisindən xəbərdar idi. Hətta Moskvaya, oxumağa gedən vaxtdan Əli Kərim ilə Əli Səmədli  tez-tez məktublaşırmış. Bununla bağlı Əli Səmədlinin kitabında xatirələr yer alıb. Məktubların birində Əli Səmədli Əli Kərimin istədiyi qıza işarə olaraq “Sevdiyin xallı qızı dünən gördüm, hardansa gəlirdi, əllərində əzik əlcəklər var idi” yazısı keçir. 

Əli Kərim isə buna cavab məktubunda şeirlə yazır ki,

“Əziz yar əlcəkləri, mən də yar olaydım.

Bir istilik verəydim o qızın əllərinə.

O qız məni əzəydi, əzdikcə açılaydım, 

Ağ incə barmaqları qucaqlayaydım yenə.

Əziz yar əlcəkləri, siz qoşa baharsınız. 

Siz yarla, mənsə yarsız, məndən bəxtiyarsınız”.

Hətta bir digər dərdləşdikləri  məktubun sonunda bir bənd şeir var.

“Bülbül görmüsənmi, bir dəfə deyə;

Bağça yaddan çıxdı, gül yaddan çıxdı. 

Bizim başımız da yara qarışdı,

Göyçay yaddan çıxdı, El yaddan çıxdı. 

Hətta məhlə uşaqlarından atama, İnqilab Kərimova da məktublar yazırmış. Hətta Əli Kərimin Əli Səmədliyə göndərdiyi ilk məktub  1951-ci il 26 sentyabr tarixində yazılsa da, məktub zərfə qoyulmadığından ünvana 52 ildən sonra 2003-cü il 27 fevralda çatır. Vəfatından sonra isə Əli Səmədli dostunun məktublarının orijinallarını Azərbaycan SSR  Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin (1996-cı ildən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi -red.) müdiri Maarif Teymurovun xahişi ilə onun arxivdə saxlanılan fonduna verir. Ancaq sonradan həmin fondda Əli Kərimin Əli Səmədliyə yazdığı, ancaq göndərmədiyi, daha doğrusu, yarım əsrdən sonra çatan  “Qardaşım Əli” başlıqlı bir məktub tapılır. Surətini Əli Səmədli kitabında dərc edir. Məktubda Moskvada yerləşməsindən, ilk dərslərindən, yaxşı təhsildən, ordakı hava şəraitindən, ancaq tək darıxdığından bəhs edir. Sevdiyi qız Zəkiyyəyə həsr etdiyi beş bəndlik şeirin ardınca da dostlara salam göndərir.

Zəkiyyə hər tərəfdə

Hər yerdə, hər zaman var

Sanki küçələrdə də,

Üzlərindən nişan var.

Zəkiyyəni görürəm,

Baxıram yerə-göyə.

Bu dünyaya nə üçün,

Deməmişlər Zəkiyyə.

- Bu qədər dəyərli faktlara daha bir sübut kimi yazar, dramaturq, professor Altay Məmmədovun “Tanıdığım Əli Kərim” memuarında 1959-cu ilin isti bir yay günündə Əli Kərimlə müəllifin birləşib Rəsul Rzanın Buzovnadakı bağ evinə getməsi barədə xatirələr yer alıb. Orda qonaq getməzdən öncə dəniz kənarında vaxt keçirməyə qərara gəlirlər. Elə təklif də Əli Kərimdən gəlir. Sol səki ilə dənizə doğru hərəkətdə olarkən sağ səki ilə gələn qara saçlı gözəl bir xanımın Əli Kərimlə toqquşan baxışlarındakı təəccüb, bənizi ağardacaq həyəcanın yaşanması müəllifdə dərin maraq yaradır. Öncə adi hadisə hesab etsə də, sonradan onda maraq yaradır. Dəfələrlə Əli Kərimdən qızın kimliyini bilmək istəsə də, şair bu 10-12 saniyəlik baxışma anına “sirri-Xudadır” deyib açıqlamır, sirrini bölüşmür.

- Oxucular üçün həmin hissəni kitabdan olduğu kimi də təqdim edək. 

1959-cu ilin yayı. Bakıda idim, hər gün Əli Kərimlə görüşürdük. Bir gün gözlərində sevinc dedi:

- Rəsul müəllim bizi bağa çağırıb, sabaha, istirahət gününə.

Ertəsi gün getdik Buzovnaya. İlk dəfə görürdüm əyri, lakin çox təmiz küçələri. Əli dedi ki, bir saat çimərlikdə gəzinək. Əyri küçə ilə sahilə enməyə başladıq. Burada kiçik, ilk baxışda bəlkə də əhəmiyyətsiz görünə bilən bir hadisə oldu, indi bunu xatırlamağı mümkün hesab edirəm. 37 il keçib artıq. Şərti olaraq "sol" səki ilə biz sahilə tərəf gedirdik, yenə şərti olaraq "sağ" səki ilə dəniz səmtindən qarasaçlı, olduqca gözəl bir qız irəliləyirdi. Mən buna bəlkə də əhəmiyyət verməzdim, yadımda saxlamazdım, şəhərdə adamın qarşısına onlarla, bəlkə də daha çox gözəl çıxır. Məsələ burasındadır ki, qız birdən dayandı gözlərini Əliyə zillədi, hiss etdim ki, Əli də dayanıb, çevrildim, onun bənizi dümağdı, sanki kino lenti saxlanmışdı, bir anlığa. Əli ilə qızın dayanıb baxışmaları isə on-on iki saniyə çəkdi... Sonra kinolent hərəkətə gəldi. Xəbər aldım:

- Əli, kim idi o qız?

- Soruşma, - dedi.

Nə qədər yalvardımsa, heç nə demədi. Sonralar da dəfələrlə təkid etdim, axırda "sirri-xudadır", - dedi.

Günel Sabirqızı                                                     

Ardı var...

 





29.06.2026    çap et  çap et