Son günlər Fransada anomal tropik istilər ciddi problemlər yaradıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək tələbat üzündən ölkə ərazində kondisioner çatışmazlığı yaşanır.
Bəri başdan bildirək ki, söhbət ucuz kondisionerlərdən gedir. Hələ mayda fransızlar istilərin ilk dalğasında mağazalardakı bütün ucuz kondisionerləri almışdı. Ara-sıra bəzi mağazaların piştaxtalarında peyda olan havasərinləşdiricilər isə böyük tələbat üzündən dəqiqələr ərzində tükənir. Üstəlik, bu zaman alıcılar arasında dava-dalaş yaşanır.
Belə ki, ötən həftə Parisin qərbində yerləşən “La Defense” rayonundakı “Dörd fəsil” ticarət mərkəzində alıcılar kondisioner uğrunda əməlli-başlı müharibəyə qalxıblar. Ucuz kondisionerlərin satışa buraxılacağı barədə elandan sonra ticarət mərkəzinin qarşısına xeyli alıcı toplaşıb. İş saatı başlayan kimi isə insan kütləsi içəri axışıb. Kondisioner almaq üstündə əsl savaş da bundan sonra başlayıb və bir neçə nəfər xəsarət alıb.
Bənzər hadisə Şambre-le-Tur şəhərində də yaşanıb. Orada mağazalardan birində kondisioner uğrunda “döyüş”də 3 nəfər xəstəxanalıq olub.
Yeri gəlmişkən, İctimai Səhiyyə Milli Agentliyinin məlumatına görə, təkcə iyunun 24-də anomal istilər üzündən ölkədə orta statistik göstəricidən xeyli çox – min nəfər dünyasını dəyişib. Ölənlərin əksəriyyəti 65 yaşından yuxarı insanlardır. Agentliyin məlumatın da o da bildirilir ki, ölüm hallarının 40 faizi ev şəraitində baş verib.
L.Tağıyeva



çap et