Gözəllik hissi və muzeylərin onu formalaşdırmaqda rolu
İnsan müəyyən zövqə malikdirsə, gözəlliyə biganə qala bilmir, hətta onun təsiri altına düşür. Gözəllik hissi, bu barədə düşüncə estetikanın ən mühüm mövzularından biridir. Bu düşüncəyə onun təbiəti, materialları, forması və ifadə vasitəsi daxildir. Gözəllik əslində obyektiv xarakter daşıyan bir həzdir, bu hiss heç də ilahi bir ilhamlanmadan meydana gəlməyib, naturalist psixologiyadan yaranır. Allahın varlığını hələ dərk etməyən uşaq da, yaşlı ateist insan da, gözəlliyə valeh olmağı, onu qiymətləndirməyi bacarır. Çox sayda filosoflara görə, estetikada Allahdan yalnız əsasən bir metafora kimi istifadə olunur.
Gözəlliyin bəşər təcrübəsi olması arqumentini heç kəs inkar etmir. Onun hissi, ümumiyyətlə hissiyyatı, şüura əsaslanan bir aksioma kimi qəbul edilir, estetika sahəsində isə, onun nüfuzunun daim bir tərkib hissəsi olaraq qalır.
Gözəllik təcrübədən əmələ gələn həzzə söykənir, onunla əlaqədardır, insan niyyəti və təcrübəsi üçün əslində təməl prinsipdir. Gözəllik öz başlanğıcını həzz verən təcrübələrdən deyil, seyr etdiyinin özündən və ya həzzə səbəb olan obyektlərdən götürür. Obyektin keyfiyyəti, ondan həzz almaq təcrübəsi və emosiyası, ona nüfuz və ya müdaxilə etdikdə, gözəllik yüksəlir. Ona görə də əslində, gözəllik "mükəmməllik manifesti" olub, onun obrazı, varlığı estetikada daha əhəmiyyətli yer tutur.
Bu varlıq heç də ilahi kamilliyin simvolu olmayıb, estetikanın, dəyərləri izləməsi nəticəsində özünü büruzə verir. Gözəllik təcrübəsi faktı bu barədə mühakimə etməkdən deyil, yalnız onun dəyərini müəyyən etməkdən meydana gəlir və yüksəlir. Belə dəyərin ciddi sayılan mühakiməsi isə mənəvi və ya estetik rəyə əsaslana bilər. Estetik həzz fiziki həzlərə əks olmaqla, onu, müşahidə etdiyi, təcrübə keçirdiyi bədən orqanının diqqətindən çıxarmır, məhz zahiri obyektin özü həzzə səbəb olur. Çünki həzz daxili mövqelərə görə axtarılıb tapılmır, onu seyr etdikdə obyektiv imicə istiqamətlənən bir emosiya əmələ gəlir. Ona görə də gözəlliyin başlıca tərifi psixoloji fenomen olmaqdan çıxır, bu də əşyaların heyranedici keyfiyyətindən meydana gələn bir həzdir.
Vizual təcrübədən istifadə, demək olar ki, gözəlliyin sinonimi rolunu oynayır. Əşyaya toxunma, zövq və qoxu obyektivliyə sahib olan həzzə az qaydada aparıb çıxarır, çünki bu hərəkətlər və münasibət normal şəraitdə şüurluluğun arxa hissəsində qalır. Gözəllik təcrübəsi müəyyən şəraitlər əsasında bas verir və mental təmsilçilərə çevrilir. Onların kombinasiyasından, hiss elementləri həzz almağa qadir olur. Xatirələr və mental adətlər obyektin dəyərini müəyyən etməyə kömək edir və onlar bütövlükdə gözəllik kimi qəbul edilə bilir.
Adam təbiət mənzərəsini seyr etdikdən sonra, onu həm də izah etməyə çalışır. Bu hadisə obyektlərin gözəlliyini müşahidə etməkdəndən də asılı olur. İstənilən əşya gözəldir, çünki müəyyən dərəcədə bizi maraqlandıra bilir, diqqətimizi özünə cəlb etməklə, ona hətta aludə olmaq şansını yaradır.
Böyük filosoflar Platon və Sokrat gözəlliklə faydalılığın arasındakı əlaqəni görməyi vacib sayırdılar. Bir sıra tədqiqatçıların rəyinə görə, faydalılıq, özündə gözəllik əlamətini daşımaya da bilər. Faydalı olan əşya hökmən, həm də gözəl olmağa iddia edə bilməz.
Gözəlliyin müəyyən edilməsi təəssüratdan da asılıdır. Fransız impressionist rəssamları təəssüratın rolunu düzgün qiymətləndirdiklərindən, studiyanı tərk edib, açıq səma altında təbiət hadisələrini və onların mənzərəyə təsirini ifadə etməyə çalışırdılar. Rəngkarlıqda ilk dəfə olaraq, bu yolla onların istifadə etdikləri plener üslubu yarandı. Ona görə də onların tablolarında təsvir edilən əşyalar da tamaşaçıya daha güclü təsir göstərmək xüsusiyyətinə yiyələnirdi.
Digər bir cəhət də diqqəti cəlb edir ki, müşahidə edilən obyektin həmin andaca necə təsvir edilməsi, onun özündən asılı olmalıdır.
Gözəllik hissi, həm də estetik fikrin parametrlərindən və strukturundan çıxır. Gözəllik pozitiv, onun özünün xas olduğuna və obyektivliyinə olan bir dəyər kimi nəzərdə tutulur, həm də həzz, əşyalara məxsus olan keyfiyyətə görə, onların layiqincə mükafatlandırılması kimi özünü göstərir. Naturalizm, teoloji və metafizik estetikadan üstün rol oynayır. Belə qənaətə gəlmək olur ki, gözəllik, bizim təcrübələrin mahiyyətidir, obyektlər deyil, bizim psixoloji və bioloji durumumuzdur.
Muzeylər də təbiətin özü kimi gözəlliyi qoruyub saxlamaqda, nümayiş etdirməkdə başlıca vəzifəsini görür. Muzeylər incəsənət əsərlərini öz mülkiyyətində qorumaqda, onları izah və nümayiş etdirməkdə, elə bil ki, hava gəmisindəki sərnişinlər üçün olan bələdçi rolunu oynayır. Heyranedici bir məkan yaratmaqla, muzeylər emosional və intellektual gözəllik təcrübəsini tərbiyə edir. İstedadın bəhrəsi olan bu əsərləri, həmin məbədlər klassik rəssamlıqdan və heykəltaraşlıqdan tutmuş, modern dizayna qədər transformasiyaya uğratmaqla, onların mahiyyətinə nüfuz etməklə, buraya gələnlərin hər birinə gözəllik ruhu aşılamağa çalışır.
Tarixən muzeylər mədəni irs xəzinələrini qoruyub, himayə edən əsl məbəd sayılmışlar. Onlar öz kolleksiyalarında olan obyektlərin dəyərinə və miqdarına görə qiymətləndirilirlər. Modern muzeylər isə əşyaları ictimailəşdirməkdə məsləhətçi rolunu oynayır. Onlar bütövlükdə bizə dünyanı başa düşməkdə və onu olduğu kimi hiss etməkdə köməklik göstərən xüsusi məkanlardır. Ona görə də muzeylərin təbiəti heç vaxt dəyişikliyə məruz qalmamışdır. Onlar Renessansın kiçik studiyalarında yaradılanları və ya XVI əsrin gözəllik nümunələrini nümayiş etdirməklə, özlərini bütünlüklə təsviri sənətin öyrənilməsinə, tədqiqatına həsr edirlər.
Muzeylər, vizual rəssamlığı, adamın mənimsəyə bildiyi gözəl şeylər kimi təqdim edir. Burada biz həm də dünyanın incəsənət tarixi ilə tanış olub, öz intellektimizi zənginləşdiririk.
Muzeylər öz geniş fəaliyyətlərinin təkamülü nəticəsində, təkcə mədəni institut olaraq qalmayıb, sosial laboratoriya rolunu da oynayırlar. Burada tamaşaçı gözünə, reagentləri düzgün seçməyi bacarmaq üçün yaxşı tərbiyə verilir.
Muzeyin estetik atributları ətraf mühitin təcrübəsini də öyrənir və əks etdirir. Muzey həm də geniş tədqiqat prosesində iştirak edir. Ona qədəm qoyan adam gözəlliyin, həqiqətin və həyatın mənasını anlamağa çalışır. Buna görə də hər kəs bacardığı qədər vaxtaşırı muzeylərə baş çəkmək kimi öz borcunu unutmamalıdır. Çünki muzey eksponatı bizə ətrafda baş verənlərə iti düşüncə tərzində, onlara həm də Hamletin sözləri ilə desək, ağıl gözü illə baxmağı öyrədir.
Muzeylər, onların tarixi və funksiyaları
Muzey yunan sözü olub, muzalar evi deməkdir, əşyaların toplanması, öyrənilməsi, saxlanması və nümayiş etdirilməsi fəaliyyəti ilə məşğul olan bir müəssisədir. Qədim yunanların mifologiyasında doqquz muza mövcud idi, onlar inəsənəti və elmi himayə edirdilər. Əvvəlcə muzey anlayışı da incəsənətə və elmə dair əşyaların (eksponatların) kolleksiyası mənasını verirdi, sonralar eksponatların olduğu həmin binanın özü də bu ada daxil oldu. XIX əsrdən isə muzeylərdə elmi tədqiqat işləri aparılır. XX əsrin ikinci yarısından muzeylərin həm də pedaqoji fəaliyyəti başlandı. Renessans epoxasının başlanğıcında muzey sözü müasirlik mənasını daşıyırdı.
Təhsil müəssisəsi kimi ilk museyonun əsası Misir hökmdarı, Böyük Aleksandrın sərkərdəsi olmuş I Ptolomey tərəfindən Aleksandriyada b.e.ə. 290-cı ildə qoyulmuşdur. Museyon dövlət xərci hesabına fəaliyyət göstərirdi. Onun kitabxanasında 750 min əlyazma var idi. Təəssüf ki, onun böyük hissəsi 560 il sonra baş verən yanğında məhv olmuşdu.
Antik Yunanıstanda allahların və muzaların məbədlərində heykəllər, rəsmlər və digər incəsənət əsərləri saxlanılırdı. Asiya qitəsində isə Çinin və Yaponiyanın məbədlərində yerli tətbiqi sənət əsərləri toplusu meydana gəlmişdi.
Renessansın erkən dövründə hökmdar Lorentso Mediçi Florensiyada Heykəllər bağının yaradılması göstərişini vermişdi. XVII əsrdə artıq rəsm, heykəl, kitab və qravyüra kolleksiyaları üçün saraylar tikildi. 1750-ci ildə isə Parisdəki Lüksemburq sarayında toplanmış rəsm əsərləri həftədə iki dəfə ictimaiyyətə göstərilirdi, sonralar bu kolleksiya Luvra təhvil verilmişdi.
Yeni tikili kimi meydana gələn ilk muzey 1753-cü ildə Londonda açılan Britaniya muzeyi idi. Böyük Fransa inqilabından (1789-cu il) sonra Luvr da ictimai muzeyə çevrildi.
Digər muzeylər arasında XVIII əsrdən etibarən Mediçi təsviri sənət kolleksiyası, Vatikan, Vena, Drezden muzeyləri və Sankt-Peterburqdakı Ermitaj xüsusi ilə seçilir.
İri həcmli arxeoloji artefaktlar isə əsasən açıq havada nümayiş etdirilir, ilk sözdə ifadə olunmaqla, bu adı daşıyan muzeylər kimi ixtisaslaşır. Tarixi muzeylər keçmiş dövrlərin, bu gün və gələcək üçün aktuallığını göstərmək üçün olan bilikləri əhatə edir. Ayrı-ayrı şəxslərə mənsub olan özəl muzeylər də mövcuddur. Niderlandın Haaqa şəhərindəki Mauristhyos muzeyi bunlardan biridir.
Muzey əşyaları, cəmiyyətlərdə və onların mədəniyyətlərində baş verən hadisələr və proseslər üçün sübut xidməti göstərir. Beləliklə, keçmişin bu günlə birləşdirilməsi, epoxalar arasında əlaqə yaradılması kimi vacib vəzifənin həyata keçirilməsi təmin edilir. Muzey kolleksiyası insanın dünyagörüşünün formalaşmasına da öz təsirini göstərir, bilavasitə tarixə və mədəniyyətə münasibətdə ona ümumiləşdirilmiş baxış sistemi təqdim edir. Keçmişə hörmət yolu ilə vətənpərvərlik də inkisaf etdirilir, adamlarda muzeyin təsiri altında həm də estetik zövq yaranır. Muzeylər digər başlıca vəzifələri ilə yanaşı, yaradıcı funksiya da daşıyır.
Ən qədim muzey Mesopotamiyada, Şumerin Ur şəhərində b.e.ə. 530-cu ildə yaradılmış Enniqanda-Nanna muzeyi idi. Müasir anlamda isə nisbətən qədim ilk ictimai muzey Parisdəki Luvrdur (1793-cü il). Nyu-Yorkdakı Metropoliten (Paytaxt) muzeyi nisbətən gec meydana gəlsə də, dünyanın ən böyük bədii muzeylərindən biri olmaqla, burada Misir faraonlarının sarkofaqları geniş şəkildə nümayiş etdirilir.
Luvr muzeyi
Dünyanın ən nüfuzlu muzeyləri barədə söhbətə, daha yaşlı və zəngin kolleksiyası ilə seçilən Parisin Luvr muzeyindən başlamaq istəyi yaranır. Çünki Luvr həm də özünə daha çox tamaşaçı cəlb etməsi ilə seçilir. Muzeydə nümayiş etdirilən rəsm əsərlərinin və heykəllərin təsir gücü olduqca böyükdür. Luvrun binasına bilavasitə daxil olanda, heyrətə səbəb olan heykəltaraşlıq əsərlərini görürsən. Qolları olmayan mərmər heykəldə füsunkar Veneranın obrazı canlanır. Pilləkənin başında iftixar mənbəyi olan qanadlı bir fiqur gözə çarpır, bu, qədim yunanların Samofrakiyalı Nikasının (Qalibinin) təcəssümüdür. Muzeyin zallarına daxil olduqda, qornostay xəzi geyimində olan Fransanın məşhur hökmdarı, Günəş Kral adlanan XIV Lui öz təmtəraqlı paltar dəbini nümayiş etdirir.
Sonra faraon zalındakı qranit şiri görürsən, bu, qədim misirlilərin yaratdığı Sfinks heykəlidir. Sinəsi açıq qadın əlində yüksəltdiyi bayraqla adamlara yol göstərir, bu, 1830-cu il inqilabına həsr olunmuş, fransız rəssamı Ejen Delakruanın məşhur tablosudur.
Nəhayət, müəmmalı görünüşü ilə hamının diqqətini cəlb edən bir qadının portreti gözə çarpır, bu, Leonardo da Vinçinin məşhur əsərindəki Mona Lizanın (Cokondanın), özünə rəqib tanımayan təsviridir.
Bu incilərin hər biri o qədər populyar və hamıya yaxından tanış olandır ki, onların adı sadəcə xatırlananda, özlərinin mahiyyəti, nəyi yada saldığı və hətta onları yaradanların adı adamda tam əks-səda doğurur. Tamaşaçı özü də maraqlanır ki, görən onların belə geniş şöhrət qazanmasının səbəbi nə ilə izah olunur.
Zalları addımladıqca, arxada xüsusi istedad sahibi olan rəssamın özü haqqında yaranan düşüncə və ya onun ölməz əsəri barədə fikirə dalmaq qalır və biganə olmayan tamaşaçı onlardan ayrılmaq istəmədiyindən, tez-tez dönüb, arxaya baxır. Bu vəziyyəti, onun çoxtərəfli fikirə səbəb olduğu nəzərə alındıqda, sadəcə izah etmək də çətindir, bəzən hətta heyrət qarşısında susmağa üstünlük verməli olursan.
(Ardı var)
çap et