Məlum olduğu kimi, mopedlərlə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq və bu istiqamətdə hüquqi çərçivəni müəyyənləşdirmək məqsədilə "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilir. Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.
Son zamanlar mopedlərin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə olunur. Bu qəzalarda həyatını itirinlərin də sayı az deyil. Əksər moped sürücüləri ən çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin "kor zona"sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaradırlar. İşıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verirlər. Bu da moped qəzalarının sayını artırır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, mopedlərin iştirakı ilə baş verən qəzaların bir çox səbəbləri var: "İlk növbədə sürücülərin məsuliyyət məsələsini qeyd edə bilərəm. Moped sürücülərinin çoxu yol hərəkəti qaydalarına əməl etmirlər. Daha dərindən araşdırsaq görərik ki, əksəriyyəti yol hərəkəti qaydalarını tam mənimsəməyib və ya qaydaları bilirlər, ancaq əməl etmirlər. Bəzən moped sürücülərində yanlış düşüncə formalaşır. Elə fikirləşirlər ki, yol hərəkəti qaydalarının onlara aidiyyəti yoxdur. Ancaq motosiklet, moped, velosiped, hətta skuter sürücüləri belə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bir çox hallarda insanlar yol hərəkəti qaydalarını öyrənmədən motosiklet və ya moped alırlar. Onlar düşünürlər ki, bu, yüngül nəqliyyat növüdür, az yanacaq sərf edir, bəzi hallarda isə elektriklə işləyir".
Ekspert bildirib ki, xüsusilə son dövrlərdə motosiklet və moped sürməyə qadınların marağı artıb. Motosiklet və moped sürənlərin əksəriyyəti yalnız nəqliyyat vasitəsini idarə etməyi öyrənir, lakin yol hərəkəti qaydalarına kifayət qədər diqqət yetirmirlər. Dəbilqədən düzgün istifadə qaydaları, sürət rejiminə əməl olunması, sərt döngələrdə hərəkət qaydaları və digər vacib məsələlər çox vaxt nəzərdən qaçırılır: "Sürət artdıqca görmə imkanları məhdudlaşır. İnsan gözünün müəyyən bucaq altında görmə imkanı var və sürət yüksəldikcə bu imkanlar azalır. Bu da təhlükəli vəziyyətlərin vaxtında qiymətləndirilməsini çətinləşdirir. "Yol hərəkəti haqqında" qanunda və beynəlxalq yol hərəkəti qaydalarında hətta atlar və qoşqularla bağlı da müəyyən tələblər nəzərdə tutulub. Ümumiyyətlə, sürücü, sərnişin və piyadaların hər biri qanun qarşısında məsuliyyət daşıyır. Qaydaların sərtləşdirilməsinə baxmayaraq, təəssüf ki, hələ də neqativ hallarla rastlaşırıq".
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, mopedlər avtomobildən kiçik və rahat nəqliyyat vasitəsi olsa da, sürücünü qoruyan kuzov olmadığı üçün qəza zamanı risk qat-qat yüksək olur: "Mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə "Yol hərəkəti haqqında" qanuna artıq dəyişiklik edilib. Moped sürən şəxslərdən A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Sadəcə burada bir məsələ var ki, A1 kateqoriyalı sürücülük vəsiqəsini artıq 16 yaşı olmuş şəxslər ala bilirlər. Həmçinin onlar mopedi avtomobil yolunun sol zolağı ilə də idarə edə bilirlər. Əvvəllər qaydalar bir qədər fərqli idi. Burada yaş həddi də fərqli idi, həmçinin mopedlər üçün yollarda müəyyən məhdudiyyətlər var idi. Mən təklif edirəm ki, belə qəzaların sayını və riskləri azaltmaq üçün moped idarə etmək üçün verilən A1 sürücülük kateqoriyasının yaş həddi yüksəldilsin. Heç olmasa, 17 yaşa qaldırılsın. Mopedlər yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət edə bilsinlər. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edə bilər".
Nəqliyyat eksperti İlqar Hüseynovun fikrincə, moped qəzalarını törədənlərin çoxu daşıyıcı şirkətlərdə çalışan işçilərdir. Belə qəzalar əsasən, çatdırılma, daşıyıcı şirkətlərdə çalışan şəxslər tərəfindən törədilir: "Müştəri məmnuniyyəti, verilən sifarişin ünvana tez çatdırılması kimi hallar səbəbindən sürücülər sürət həddini aşır. Bu da xoşagəlməz halların baş verməsinə səbəb olur. Son zamanlar velosiped sürməyi bacaran şəxsləri moped arxasında görmək çox qorxuludur. Ümid edirəm ki, mopedlərlə bağlı yeni qaydalar belə sürücülərin və qəzaların sayını azaldacaq".
Sevinc QARAYEVA
çap et