Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanova ilə sənət seçimi, ailə faktoru, teatr prinsipləri və yaradıcılıq yolları haqqında maraqlı müsahibəni təqdim edirik.
- Ayla xanım, söhbətimizə rejissorluq seçiminizdən başlayaq. Ailənizdə bu mühiti görmək seçiminizə, yəqin ki, təsir edib. Bəs siz o dövrü, keçdiyiniz çətin yolları necə xatırlayırsınız?
- Çətin yollar idi. İncəsənət mühitində böyüyəndə hər şey fərqli olur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyurdum. Məktəbdən çıxandan sonra aktyorlar məni atamın məşqinə - Gənc Tamaşaçılar Teatrına gətirirdilər ki, zaman keçirdək, sonra evə bir yerdə gedək. Orada, teatrın sütunları arasında oynaya-oynaya böyüdüm və bu sənət istər-istəməz qanıma işlədi.
Pikassonun gözəl bir sözü var: "Hər bir uşaq ruhən rəssamdır, sadəcə böyüyəndən sonra rəssam olaraq qalıb-qalmamaq onun seçimidir". Mən isə elə düşünürəm ki, hər uşaq ruhən rejissordur. Çünki rejissorluq fantaziyadır və hər uşağın fantaziyası var. Böyüyəndə isə bu yolda qalıb-qalmayacağına qərar verirsən. Məndə də bu istək qaldı.
Evdə valideynlərimə incəsənətdən başqa heç bir universitetdə oxumaq istəmədiyimi deyəndə böyük problem yarandı. Atam qətiyyən icazə vermirdi, mənimlə danışmırdı, "başqa universitetdə oxu, incəsənət olmaz!" deyirdi. Mən isə inad etdim və hətta bir il heç yerə sənəd vermədim. Sonra razılaşdı və mən də hazırlaşıb daxil oldum. Universitetdə rəhmətlik Azərpaşa Nemətovun dram rejissorluğu qrupunda idim, ikinci kursdan buraxılışa qədər isə Bəhram Osmanovun kursunda oxudum.
Atam əvvəllər məni bir tələbə kimi qəbul etmək istəmirdi. Sual verəndə ötəri cavablar verirdi. Hamının hazırladığı tapşırıqları uzun-uzun müzakirə edəndə, mənim işlərimə sadəcə baxıb keçirdi. Bir gün dedim ki, mənim də işlərim barədə nəsə de. Dedi ki, yaxşıdır da, nə deyim. Dördüncü kursu bitirəndə isə mənə dedi ki, magistraturaya imtahan ver, müəllim olacaqsan, teatrda işləmək olmaz. Amma mən yenə də teatra gəldim və artıq 12-13 ildir ki, Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərirəm.
- O vaxt sizə qarşı çıxan atanız indi, yəqin ki, sizinlə qürur duyur. Bunu sizə hiss etdirirmi?
- Bəli, indi qürur duyur, bunu hiss edirəm, gözlərindən oxuyuram. Hər tamaşamın premyerasına gəlir. Bu, tam fərqli bir hissdir. Mən bəlkə də ən çox özümlə qürur duyuram ki, öz istəyimin, seçimimin arxasınca getdim. Hərdən zarafatla deyirəm ki, heç vaxt mənə dəstək olmadın, indi də olmursan. Mənim üçün atam evdədir, peşəkar müstəvidə isə rejissor Bəhram Osmanovdur ki, həmin Bəhram Osmanov da mənə dəstək olmur (gülür).
- Ümumiyyətlə, tanınmış rejissor Bəhram Osmanovun qızı olmaq yaradıcılıq yolunuzda bir üstünlük oldu, yoxsa əksinə?
- Əksinə, mane oldu. Çünki hamı elə düşünür ki, əgər sən Osmanovasansa, sənin üçün bütün yollar açıqdır, hər şey rahatdır, səhv etsən də, atan düzəldəcək. Amma reallıq elə deyil. Sən daha çox işləməli, daha çox bacarmalısan. Oturuşuna, duruşuna, danışığına ikiqat fikir verməlisən. Bu, çox böyük məsuliyyətdir. Nə qazansan, nə uğur əldə etsən, deyəcəklər "atası edib".
İnanırsınız, Bəhram müəllim bizim teatrdan gedəndən sonra özümü daha rahat və azad hiss edirəm. İndi nəyi nə üçün etdiyimi yaxşı bilirəm və heç kim deyə bilmir ki, atası kömək etdi. Hətta indi kimsə zarafatla "atası kömək edib" deyəndə mənə xoş gəlir, çünki bu o deməkdir ki, qurduğum tamaşanı Bəhram Osmanovun səviyyəsi ilə müqayisə edirlər. Deməli, düz yoldayam. Bu 13 ildə teatrın aktyorlarının, işçilərinin yanında öz hörmətimi özüm qazanmışam. Mən orada kiminsə qızı yox, özüməm - Aylayam. Bununla qürur duyuram.
- Həm atanız, həm də müəlliminiz olan Bəhram Osmanovun yaradıcılığından özünüz üçün götürdüyünüz ən böyük dərs nədir?
- Ən böyük dərs işə peşəkar yanaşmaqdır. Mən qurduğum tamaşaya bir iş kimi baxıram. Bəziləri deyir ki, "mən bura ömrümü fəda etdim, tamaşamı heç yerə aparmayın", mən elə deyiləm. Mən yaradıcı insanam, ruhumda bu var, amma bunu heç vaxt qabartmıram. İşimə məsuliyyətlə yanaşmaq, teatrı teatr olaraq sevmək atamdan keçib. Teatrı "məbəd" adlandırıb özünü bildiyin kimi aparmaq olmaz. Teatrı doğrudan sevmək və onun gələcəyi üçün çalışmaq lazımdır, öz şəxsi ambisiyaların üçün yox. Repertuar seçimi, yüzlərlə əsər oxuyub içindən teatra, tamaşaçıya bu gün lazım olan o yeganə əsəri tapıb səhnələşdirmək məhz ondan öyrəndiyim dərsdir.
- Bəs peşəkar müstəvidə atanızla fikir ayrılıqlarınız olubmu? Belə hallarda ortaq məxrəcə necə gəlirdiniz?
- O, teatrın baş rejissoru olduğu dövrlərdə fikir ayrılıqlarımız çox olurdu. Ortaq məxrəcə də gəlmirdik, ancaq müzakirə edirdik. İndi isə o, teatrdan getdiyi üçün belə hallar olmur. Artıq yaradıcı işləri, planları teatrımızın yaradıcı işlər üzrə müdiri Nicat Kazımovla və rəhbərliyimiz Naidə xanımla müzakirə edirəm.
- Teatrda Ayla Osmanovanın öz dəst-xəttini formalaşdıran əsas xüsusiyyət hansıdır?
- Möcüzələrlə dolu tamaşalar qurmaq... Mən bir tamaşa qurub özünə dərhal "rejissor" yarlığı yapışdıranlardan deyiləm. Cəmiyyətin, tamaşaçının məni rejissor kimi qəbul etməsi daha önəmlidir. Amma öz işlərimin xarakterini bilirəm, dəsti-xətti olduğunu hiss edirəm. Bilirəm ki, daimi tamaşaçı tamaşaya baxanda "bu, Ayla Osmanovanın quruluşudur" deyir. İstəyirəm ki, janrından asılı olmayaraq, hər tamaşada sehrli, möcüzəli bir şeylər baş versin.
- Həyatda möcüzələrə inanırsınız? Sizin ən böyük möcüzəniz nədir?
- İnanıram, çünki həyatımıza gələn hər bir gözəl şey elə möcüzədir. Mənim üçün isə həyatımın ən böyük möcüzəsi övladlarımdır.
- Tamaşa hazırlayarkən ilk növbədə nəyə fokuslanırsınız: mətnə, aktyora, yoxsa ideyaya?
- Mətnə, yəni əsərə. Əgər yaxşı əsər varsa, tamaşanın 50 faizi artıq hazırdır. Ondan sonra düzgün aktyor, musiqi və səhnə tərtibatı seçimi gəlir. Məsələn, mənə "Zoluşka" (Küllücə) tamaşasını qurmağı tapşıranda, mən o əsərin 27 fərqli səhnələşdirmə variantını oxudum və içindən öz ruhuma uyğun olan bircə variantı seçdim. O bünövrə tapılmasa, iş uğurlu alınmır.
- Sizcə, rejissorun ən çətin vəzifəsi nədir?
- Aktyoru inandırmaq. Əgər aktyor sənə inanır və hörmət edirsə, deməli, artıq uğurlu rejissorsan.
- Bəs aktyor seçimi prosesi necə gedir? Daim birgə işləməkdən zövq aldığınız aktyorlar varmı?
- Hər tamaşada fərqli aktyorlarla işləməyə üstünlük verirəm, sırf bir nəfərlə işləməyi xoşlamıram. Hətta mənə eyni aktyorla davam etməyi təklif edəndə də etiraz edirəm ki, obrazlar bir-birinə bənzəməsin. İstəyirəm hər dəfə fərqli insanları kəşf edim. Biz eyni truppada olduğumuz üçün hamını tanıyırıq, amma tamaşa hazırlığı prosesində aktyorun daxili dünyasını, ruhunu tanımaq, yeni tərəflərini üzə çıxarmaq tam başqa bir zövqdür.
- Aktyorlarınızdan tələb etdiyiniz və heç vaxt güzəştə getmədiyiniz prinsipiniz hansıdır?
- Məsuliyyət. Hələ ilk masaarxası oxunuşdan (çitka) başlayan məsuliyyətə böyük önəm verirəm. Aktyorların "eşidirəm, eləyəcəm, bilirəm" deməsini sevmirəm. İndi, bu dəqiqə etmək lazımdır. İlk məşqdən aktyorun gözü və fikri məndə olmalıdır. Əgər onun fikri evdə, uşaqda, məişət qayğılarında qalıbsa, bunu dərhal görürəm və bu, xoş olmur. Hər şey düzələndir. Səhnədə ən istedadsız insanı belə düzgün işləməklə istedadlı göstərmək olar, amma insana sonradan məsuliyyət hissi vermək olmur, o qandan, candan gəlir.
- Tamaşaçı ilə dialoq qurmaq üçün müasir teatr hansı vasitələrdən istifadə etməlidir?
- Yalnız və yalnız aktyor faktorundan. İndiki tamaşaçılar bəzən darıxdıqları üçün teatra şou axtarmağa gəlirlər. Amma boş bir səhnədə aktyorun tamaşaçı ilə təkbətək qalıb danışması, səmimi bir monoloqu insana hər hansı bir şoudan qat-qat çox təsir edir. Əlbəttə, bunu bacarmaq asan deyil. Səhnəyə göydən böyük effektlər düşürəndə vizual olaraq "wow" effekti yarana bilər, amma ruhən təsir etməyəcək. Ən güclü vasitə elə aktyorun özüdür.
- Klassik əsərlərin müasir yozumu haqqında nə düşünürsünüz?
- Bəyənirəm, amma gərək çox gözəl səhnələşdirilsin. Son zamanlar bir aktrisa ilə Hüseyn Cavidin bir əsəri üzərində danışırıq (adını çəkməyəcəm). O əsəri öz qeydlərimdə tamamilə müasirləşdirmişəm, onun toxunduğu bəlanı indiki dövrümüzə gətirmişəm, çünki Hüseyn Cavidin əsərləri, mövzuları bu gün də aktualdır. Lakin mənim bir prinsipim var: əsərin dialoqlarına, dilinə toxunmuram. İxtisarlar edirəm, məsələn, 10 personajı 3 personaja endirirəm, amma mətnin strukturunu dəyişmirəm. Biz heç birimiz Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və ya Mirzə Fətəli Axundovdan yaxşı yaza bilmərik ki. Rejissor əsərin mətnini kəsib-doğramaq, danışıq dilini dəyişmək yerinə, o dildəki aktuallığı müasir forma ilə tamaşaçıya çatdırmağı bacarmalıdır. Müasirləşdirmək mətni korlamaq yox, yeni forma tapmaqdır.
- Tamaşalarınız arasında sizə ən doğma olanı hansıdır?
- Səbəbi nədir, bilmirəm, amma son hazırladığım tamaşa olan "Meri Poppins" tamaşasının final səhnəsi həm məni, həm də aktyorları təsirləndirib, hamımız Merinin vida səhnəsində ağlayırdıq. Halbuki orada ağlamalı mizan yox idi. O tamaşa mənə çox doğmadır. Bəlkə də uşaq vaxtımdan izlədiyim, onunla birgə böyüdüyüm əsəri indi özümün səhnələşdirməyim mənə təsir edib?!
- Teatrda qadın rejissor olmaq çətindirmi?
- Əslində, bu dünyada qadın olmaq özü artıq çətinlikdir, məsuliyyətdir. Teatrda yox, elə cəmiyyətimizdə qadın rejissor olmaq çətindir. Xüsusən, sən ailəlisən, övladların varsa, ikiqat çətindir. Çünki məsuliyyətin daha artıqdır. Öz teatrımızda bu ayrı-seçkiliyi hiss etmirəm. Özüm heç də kişi rejissorlardan geri qalmıram. Sadəcə kişilər nə qədər azaddırsa, qadın o qədər azad ola bilmir. Rejissorluq isə azadlığı sevir. Mən niyə aktyor olmadım, rejissorluğu seçdim? Çünki aktyor asılı, rejissor isə azaddır, özüdür. Məsələn, bizim teatrımızda, eləcə də Azərbaycan teatr tarixində Cənnət Səlimova kimi qadın rejissor var. Bu özü hər şeyi deyir.
- Rejissor kimi riskləri sevirsiniz, yoxsa alışdıqlarınızla davam etməyə üstünlük verirsiniz?
- Riskləri sevirəm, yeniliklərə can atıram. Ən böyük riskim tamaşam üçün süni intellektdə mahnı yazmağım olub. Son tamaşalarımın hamısının musiqisi süni intellektdir. İlk dəfə uşaq tamaşası olan "Düyməcik"lə başladım. Çünki uşaqlar gözəl mahnılar istəyirlər. Mən onu necə müasirləşdirə bilərdim? Öz düşüncələrimi hansısa bəstəkara bildirmək və ondan ürəyimcə effekti almaq çətin idi. Ona görə də süni intellektə müraciət etdim, ona istəklərimi dedim, sözləri yazdım göndərdim və gördüm ki, alınır. Bir gün musiqilərlə məşq olanda mahnıları gətirdim və yaradıcı heyət, aktyorlar təəccübləndilər ki, haradandır bunlar. Gördüm onların da xoşuna gəlib. Süni intellekt olduğunu deyəndə daha çox təəccübləndilər. Hətta qarşı çıxanlar da oldu. Buna baxmayaraq, digər tamaşalarımda da davam etdim. Süni intellekt müasir zamanın tələbidir, onu pisləmək, itələmək nəyə lazımdır, niyə onun yaratdığı imkanlardan istifadə etməyək ki? Onsuz da ideyanı verən, düşünən yenə də mənəm.
Şahanə MÜŞFİQ
çap et