Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdıqları və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir. HTP üzrə tərəfdaş ölkələrin coğrafiyasının genişləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam etdirilir. Qeyd olunan HTP ölkələrinin təqaüd proqramlarına dair müvafiq elanlar barədə məlumatlar hər tədris ili üçün yenilənir. Hökumətlərarası Təqaüd Proqramları sürətli dəyişikliklər dövründə ölkəmizin davamlı inkişafının başlıca hərəkətverici qüvvəsi hesab olunan insan kapitalının formalaşmasında mühüm əhəmiyyət daşıyır. Proqram gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində yüksəksəviyyəli mütəxəssislər kimi formalaşmasına öz töhfələrini verir.
Sözügedən proqram üzrə Rumıniyanın Sibiu şəhərindəki "Lucian Blaga University of Sibiu"da (ULBS) təhsil alan Əsma Mənsurzadə Bakı şəhərində doğulub. Geniş maraq dairəsinə malik, daim özünü inkişaf etdirən Əsma Mənsurzadə musiqi, müxtəlif idman növləri və fərqli mədəniyyətlərlə maraqlanıb. Məktəb illərindən etibarən müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edib. Könüllü kimi fəaliyyət göstəriş COP29 çərçivəsində Gənc İqlim Elçisi kimi ölkəmizi təmsil edir.
Onun sözlərinə görə, uşaqlıqdan xaricdə təhsil almaq arzusu olub: "Buna görə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları ilə yanaşı, beynəlxalq imtahanlara da hazırlaşırdım. Bu hazırlığın nəticəsi olaraq DİM imtahanlarında yüksək nəticə göstərərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödənişsiz əsaslarla qəbul oldum. Ancaq məqsədim yalnız ali təhsil almaq deyil, həm də özümü beynəlxalq akademik mühitdə sınamaq idi. Bu məqsədlə xaricdə təhsil imkanlarını araşdırmağa davam etdim. Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu böyük oldu. Dövlətimizin gənclərin xaricdə təhsil alması üçün yaratdığı imkanlar mənə də arzumun gerçəkləşməsi üçün fürsət yaratdı. Müraciət etməyə və özümü sınamağa qərar verdim. Hazırda təhsilimin ilk ilindəyəm və rumın dili hazırlıq proqramında təhsil alıram. Bu mərhələ mənim üçün həm yeni bir dil öyrənmək, həm də yeni təhsil mühitinə uyğunlaşmaq baxımından dəyərli təcrübədir. Qarşıda isə məni dörd illik bakalavr təhsili gözləyir".
Əsma Mənsurzadə bildirib ki, "Lucian Blaga University of Sibiu" Rumıniyanın dövlət universitetidir. 1990-cı ildə yenidən qurulmuş və ölkənin ən tanınmış universitetlərindən biridir. Universitet beynəlxalq tələbələr üçün də açıq akademik mühitə malikdir. Hazırda təhsilimin ilk mərhələsində olduğum üçün hər şeyi tam şəkildə dəyərləndirmək bir qədər tez olsa da, indiyədək əldə etdiyim təəssüratlar müsbətdir: "Hazırda hazırlıq proqramında təhsil aldığım üçün universitetin təhsil və tədqiqat mühiti ilə bağlı tam fikir formalaşdırdığımı deyə bilmərəm. Ancaq burada olduğum müddət ərzində müsbət təəssüratlar əldə etmişəm. Universitet tələbələrə özlərini inkişaf etdirmələri üçün müxtəlif imkanlar yaradır və müəllimlər də tələbələrə dəstək olmağa çalışırlar. Əcnəbi tələbələrə münasibət də kifayət qədər müsbətdir. İlk günlər yeni ölkəyə və yeni mühitə uyğunlaşmaq müəyyən qədər çətin olsa da, həm universitet əməkdaşları, həm də müəllimlərimiz bu prosesi asanlaşdırmağa kömək edirlər".
Onun dediyinə görə, kompüter elmləri və informasiya texnologiyaları ixtisası üzrə qəbul olub: "Bu sahə mənim üçün həm maraqlı, həm də perspektivli bir sahədir. Hazırda texnologiya sürətlə inkişaf edir və həyatın demək olar ki, bütün sahələrində böyük rol oynayır. Məni bu sahəyə cəlb edən əsas məqam problemləri məntiq və yaradıcı düşüncə ilə həll etmək imkanıdır. Xüsusilə proqramlaşdırma, süni intellekt texnologiyasının necə işlədiyini öyrənmək mənə maraqlıdır. Düşünürəm ki, gələcəkdə bu sahə daha da inkişaf edəcək və mən də bu inkişafın bir hissəsi olmaq, yeni şeylər yaratmaq və real problemlərin həllində texnologiyadan istifadə etmək istəyirəm. Ən çox xoşuma gələn tərəfi isə odur ki, burada daim öyrənmək və özünü inkişaf etdirmək lazımdır. Bu da mənə motivasiya verir. Təhsil aldığım universitetdə hər il "Beynəlxalq həftə" ("International Week") adlı tədbir keçirilir. Bu il 11-15 may 2026-cı il tarixlərində təşkil olunan 12-ci "Beynəlxalq həftə" çərçivəsində dünyanın müxtəlif ölkələrindən müəllimlər, tədqiqatçılar və tələbələr bir araya gəldi. Mən də bu tədbirdə ölkəmizi tanıtmaq imkanı əldə etdim və bunu böyük həvəslə etdim. Düşünürəm ki, xaricdə təhsil alan hər bir tələbə öz ölkəsini tanıtmaq üçün bir körpü rolunu oynayır və bu, eyni zamanda bizim mənəvi borcumuzdur. Bu məsuliyyəti ürəkdən hiss edərək bacardığım qədər layiqincə yerinə yetirməyə çalışdım. Tədbir zamanı Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri və müasir inkişafı haqqında təqdimat etdim, həmçinin qonaqları ölkəmizin milli şirniyyatlarına qonaq etdim. Bundan əvvəl isə universitetin kitabxanasında "Discover Azerbaijan - The Pearl of the Caucasus" adlı təqdimatla Azərbaycanın zəngin mədəni irsi, milli rəqsləri, geyimləri, tarixi abidələri, görməli yerləri və incəsənəti barədə məlumat vermişdim. Tədbir universitetin kitabxana rəhbərliyi və beynəlxalq tələbələr bölməsi tərəfindən maraqla qarşılanmışdı. Ümumiyyətlə, Hökumətlərarası Təhsil Proqramının əsas məqsədi gənclərin beynəlxalq təcrübə qazanmasına və ölkələrarası mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Mən də bu proqramın verdiyi imkanlar sayəsində həm ölkəmizi layiqincə təmsil etməyə, həm də özümü inkişaf etdirməyə çalışıram".
Əsma Mənsurzadə qeyd edib ki, beynəlxalq mühitdə təhsil almaq çox dəyərli bir təcrübədir: "Burada Çin, Hindistan, Türkiyə, Özbəkistan, Türkmənistan, Ukrayna, Mərakeş və digər ölkələrdən tələbələr təhsil alır. Artıq bir çoxu ilə dostluq münasibətləri qurmuşuq. Bəzən dərsdən sonra birlikdə vaxt keçirmək, fərqli ölkələrin yeməklərini, adət-ənənələrini müzakirə etmək çox maraqlı olur. Dostlarımdan bəziləri Azərbaycana gəlmək istədiklərini bildirirlər. Onlar ölkəmiz haqqında daha çox öyrənmək və görmək istəyirlər. Mən də onları sevə-sevə dəvət edirəm. Burada türkdilli ölkələrdən olan tələbələr də çoxdur. Onlarla münasibət daha səmimi və rahat olur. Ortaq dil və mədəni yaxınlığımız ünsiyyətimizi daha da asanlaşdırır və aramızda təbii bir bağ yaradır. Bəzən eyni sözləri fərqli vurğu ilə desək də, bir-birimizi çox rahat anlayırıq və bu, ünsiyyətimizə maraq qatır. Düşünürəm ki, bu gün formalaşan bu dostluqlar gələcəkdə əməkdaşlıqlar üçün güclü bir zəmin olacaq".
Onun söylədiyinə görə, bu yol həm maraqlı, həm də müəyyən qədər çətin yoldur. Ona görə də əvvəlcədən yaxşı hazırlaşmaq çox vacibdir: "Xarici dil biliklərini inkişaf etdirmək və akademik göstəricilərə ciddi yanaşmaq önəmlidir. Çünki bu, həm qəbul prosesində, həm də sonrakı təhsil həyatında böyük rol oynayır. Amma məncə, bununla yanaşı, insan mənəvi olaraq da hazır olmalıdır. Yeni mühitə açıq olmaq və dəyişikliklərdən çəkinməmək də vacibdir. Çünki ailədən, dostlardan uzaq olmaq, bəzən onlar üçün darıxmaq və hər şeyi təkbaşına həll etməyə çalışmaq bu təcrübənin bir hissəsidir. Hər kəsə bu yola çıxmazdan əvvəl həm akademik, həm də mənəvi olaraq hazır olmağı tövsiyə edərdim".
Gələcək planlarından söz açan Əsma Mənsurzadə vurğulayıb ki, gələcək planları əsasən təhsil aldığı sahə - kompüter elmləri və informasiya texnologiyaları ilə bağlıdır: "Xüsusilə süni intellekt və proqramlaşdırma istiqamətində özümü inkişaf etdirmək istəyirəm. Bakalavr təhsilimi uğurla başa vurmaq və bu müddət ərzində mümkün qədər çox bilik və praktiki bacarıq qazanmaqdır. Gələcəkdə qazandığım bilik və təcrübəni ölkəmdə faydalı işlərə yönəltməyi, Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyi arzulayıram".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.
Sevinc QARAYEVA
çap et