525.Az

"Coratlı" türkmən akademik


 

"Coratlı" türkmən akademik<b style="color:red"></b>

Toplantıdan çıxanda foyedə tanımadığım bir nəfər qoluma girərək məni foyedəki şirniyyat, çay və qəhvə verilən yerə aparanda "necəsən?" - deyə xəbər aldı. Onunla tanışlığım yox idi. İlk dəfə bugünkü plenar iclasda ona söz veriləndə Türkmənistanın Türkiyədəki böyük elçisi Annaqurban Aşırov olduğunu bildim. Səsində bir səmimiyyət vardı. "Çox sağ olun, yaxşıyam" cavabını verdim. "Haralısan?" -sualına verdiyim "Ermənistanlı" cavabım onu qane etmədi. "Harada doğulduğunu xəbər almaq istəmirdim. Harada yaşayırsan?" - dedi. Qısaca "Bakıda" - deyə cavab verdim. Onun suallarına qısa cavablarımın səbəbi beynimdəki suallar idi. Düşünürdüm: "Böyük elçi toplantının açılışında təbrik nitqini Türkiyə türkcəsində etdi, özü türkməndi. Mənimlə Azərbaycan türkcəsində danışır. Ləhcəsindən isə türkmən olduğu açıq bilinir. Onun mənimlə maraqlanmasının səbəbi görəsən, nədir?"

Annaqurban Aşırovun: "Corat kəndini tanıyırmısan?" - sualına  "Bəli" - cavabını verəndə gülərək: "Mən də coratlıyam" - dedi.  "Azərbaycanlılar Türkənistanda çoxdur" - deməklə onun sözünə qüvvət verməyə çalışdım. O, mənim hansı universiteti bitirdiyim, harada işlədiyimlə və Türkmənistandan kimləri tanıdığımla maraqlandı. Çay içə-içə suallarını cavablandırsam da, fikirləşirdim ki, söhbətin axarı məni haraya aparacaq. 2000-ci il otyabrın 10-13-də Aşqabadda keçirilən "Türkmənistanın Mədəni Mirası: Qədim qaynaqlar və hazırkı zaman" mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak etdiyimi söyləyəndə: "Necə olub görüşməmişik?" - dedi və mənim cavabımı gözləmədən "Görünür, başımın qarışıq, işimin çox vaxtına düşüb. Həmin günlərdə məni 10 ildən çox işlədiyim Türkmənistan  Elmlər Akademiyası əlyazmalar şöbəsindən ayırıb yeni yaradılmış Türkmənistan Prezidenti yanında Mərkəzi Asiya və Doğu Xalqlarının Mədəni Mirası İnstitutuna direktor təyin etmişdilər. Yeni təşkilatın hansı işləri görəcəyi haqqında aydın bilgimiz olmadığı kimi institutun hansı şöbələri olacaq, orada kimlər işləyəcək, bunlar da məlum deyildi. Milli Əlyazmalar İnstitutunun yaradılması haqqında əmri də yeni almışdım. Orada da direktoru əvəz edirdim. Prezident yanında "Miras" adlı jurnal da yaradılırdı. Baş redaktor təyin ediləcəyimi söyləmişdilər. Jurnal və institut üçün kadrlar toplamaqla məşğul olsam da, konfransın əsas idarəedicilərindən idim" dedi.

O, vəzifələrini sayırdı. Mən isə onun Coratla bağlılığı haqqında daha geniş bilgi əldə etmək istəyirdim. Türkmənistanda onminlərlə azərbaycanlının yaşadığından xəbərdardım. "Şərq qapısı" qəzetində işləyəndə Türkmənistanda yaşayan azərbaycanlılar haqqında xeyli bilgi toplamışdım. Qəzetin gənclər şöbəsində işləyəndə redaktor məni kabinetinə çağırıb vacib bir mövzuda felyeton hazırlamaq üçün Naxçıvan MSSR Daxili İşlər Nazirliyinə göndərdi. Tapşırdı ki, "insan alveri" işə məşğul olan qrupun istintaqı aparılır. Faktları toplayıb felyeton yazım. 

Nazirliyə gedib əməliyyat işçilərilə görüşdüm. Bir qrup işbazın Naxçıvandan qızları aparıb Türkmənistanda ərə verdiklərini öyrəndim. Türkmənistanda "kalım" - "başlıq" pulu yüksək olduğundan oğlanlar evlənməkdə çətinlik çəkirmiş. Bundan yararlanan bizim işbazlar da, Naxçıvandan, Azərbaycanın başqa rayonlarından  qızları aparıb orada ərə verirlərmiş. Ərə verdikləri qızların onların qohumu olduğunu deyib türkmən gənclərinin valideynlərindən 300-500 manat kalım ("başlıq pulu") alırlarmış. Türkmənlərə ərə gedən qızlardan boşanıb geri qayıdan olmurmuş.

Naxçıvanda bibisi, xalası 1950-ci illərdə Türkmənistana ərə getmiş tanışlarım vardı. Onlardan da bir narazılıq eşitməmişdim. Qohumluq əlaqələri, gediş-gəlişləri vardı. Türkmənistana ərə gedənlərin övladlarının orada ali təhsil alıb, yüksə vəzifə tutduqlarını da söyləyirdilər. Redaktordan töhmət alsam da, "insan alverçiləri" haqqında felyeton yazmadım.

Annaqurban Aşırovdan coratlı qohumları ilə əlaqə saxlayıb, saxlamadığını xəbər aldıqda gülərək dedi: "Orada heç bir qohumumuz yoxdur. Mən Balkan vilayətinin Cecirs kəndində anadan olmuşam. Yeniyetməlik və gənclik illərimdə Aşqabaddakı radio və televiziya verilişləri bölgəmizdə yaxşı tutmadığından "Danışır Bakı"nı dinləyir, televiziyada da oranın verilişlərinə baxırdıq. Toylarımızda da əsasən Azərbaycan mahnıları və rəqsları çalınırdı. Ona görə də bölgədə yaşayan türkmənlər Azərbaycan türkcəsini rahat başa düşürdülər. Radio və televiziya sayəsində Azərbaycanı az qala Türkmənistan qədər tanıyırdıq.

Aşqabad uzaq olduğundan bazar-dükana, idari işlərini görməyə vilayət mərkəzi Türkmənbaşı şəhərinə (keçmiş Krasnovodsk (Qızılsu) gedirdik. Bir dəfə bazarda 3-4 nəfər qocanın bizim kəndin yaşlıları kimi danışdığını gördüm. Geyimləri isə bizimkilərin geyiminə oxşamırdı. Maraq mənə güc gəldi. Onlara yaxınlaşıb söhbətə tutdum. Haralı olduqları ilə maraqlandım. Azərbaycandan gəldiklərini söylədilər. Mən onlara danışıqlarının Azərbaycan radiosunda və televiziyasında eşitdiklərimdən fərqləndiyini dedim. Onlar da mənə Sumqayıt şəhəri yaxınlığındakı Corat kəndindən olduqlarını, danışıqlarının radio-televiziyada danışılan dildən fərqləndiyini söylədilər.

Mən onlardan bizim kimi danışanların Azərbaycanda çoxmu olduğunu xəbər alanda mehribanlıqla dedilər: "Sənin kimi danışanlar yoxdur. Amma sizin ağsaqqallar kimi danışan qocalar Bakı ətrafında, Abşeron yarımadasının kəndlərində, eləcə də Xəzər sahilindəki bəzi kəndlərdə var. O gündən Corat kəndinin adı elə bil beynimə qazıldı. Azərbaycanlılarla görüşəndə zarafatla coratlı olduğumu söyləməyə başladım. Dediyimə inananlar da oldu".

Annaqurban Aşırov ayrılanda mənə vizit kartını verdi. Tapşırdı ki, Ankaraya gələndə mütləq ona zəng vurum. İşi çox olduğundan fasilədən sonrakı toplantıya qalmayacağını söyləyib getdi.

2004-cü ildə yenidən Türkiyəyə  elmi simpoziuma gedəndə Türkmənistanın Ankaradakı böyük elçiliyinə zəng vurdum. Annaqurban Aşırovla görüşmək üçün vaxt ayırmalarını xahiş etdim. Cavab verdilər ki, Annaqurban Aşırov indi Aşqabadda "Miras" Milli Mədəniyyət Mərkəzinin sədri və Dünya Türkmənlərinin Humanitar Təşkilatının vitse-prezidenti vəzifələrində işləyir.

Annaqurban Aşırovla bir də 2006-cı il sentyabrın 12-13-də Aşqabadda keçirilən "Müqəddəs "Ruhnamə" və dünyanın ruhu genişliyi" Beynəlxalq elmi konfransında görüşdük. Azərbaycanda və keçmiş Sovetlər Birliyində onun tutduğu vəzifə kimi bir vəzifə yox idi. Belə təşkilatlar Türkmənistanın prezidenti Saparmurad  Türkmənbaşının (Niyazov) şəxsi göstərişi ilə yaradılırdı.   Annaqurban Aşırov məni Ankaradakı kimi deyil, soyuq qarşıladı. Elə bildim məni tanımadı. Sonra bildim ki, toplum arasında məsafəli davranır. Mənim bölmə iclaslarından birinə rəhbər təyin edildiyimdən və sonrakı illərdə Türkmənistanda keçirilən elmi konfranslara tez-tez dəvət edilməyimdən anladım ki, yanılmışam. Bəzən adamların, xüsusən işçilərinin yanında mənimlə məsafəli davransa da, arxada müdafiəçim olurdu.

Bir dəfə elmi konfransın sonunda Axal vilayət hakimi açıq havada konfrans iştirakçılarına qonaqlıq verirdi. Zəngin süfrə açılmışdı. Annaqurban Aşırov məni solunda əyləşdirsə də, diqqəti məclisdəkilərdə idi. Türkmənistanlılar özlərini çəkingən aparsalar da, kənardan gələnlərin əhval-ruhiyyəsi yaxşı idi. Annaqurban Aşırov mənə tərəf dönərək sakit bir səslə: "Bizim işçilər desə yaxşı çıxmaz, sənin özbəklərlə aran yaxşıdır. Onlar çox içirlər, qorxuram sərxoş olub məclisdə qarışıqlıq salarlar. Dur get onları sakitləşdir".

Mən sakitcə durub özbəklərin süfrəsinə gəldim. 5-6 nəfər idilər. Mehribanlıqla görüşdüm. Həvəslə bir-birinin şəninə sağlıq deyərək içirdilər. Yaxşıca hallanmışdılar. Onlar mənim gəlişimə sevindilər. Sağlıq demək üçün sözü mənə verdilər. Gördüm onlara az için deməyin mənası yoxdur. Badəni əlimə alıb ayağa durdum. "Gəlin bu badələri özbək xalqının böyük oğlu, vətənsevər və cəsur ziyalı, ömrünü xalqının azadlıq və müstəqilliyinə həsr etmiş, demokratiya yolunun cəsur yolçusu Məhəmməd Salehin sağlığına içək!" dedim. Özbəkistandan qovulmuş, mühacir həyatı yaşıyan, Özbəkistan prezidenti İslam Kərimovun xalqa düşmən kimi tanıtdığı Məhəmməd Salehin adını eşidən kimi özbək alimləri badələri stolun üstünə qoyub hərəsi bir tərəfə dağıldı. Mən tək qaldım.

Axşamüstü Aşqabada dönəndə Annaqurban Aşırov məni təklikdə bərk danladı. Dedi: "Bura nə Türkiyədir, nə də Azərbaycan. Türkmənistanla Özbəkistanın münasibətləri soyuq olsa da, bizimkilər də Məhəmməd Salehi sevməzlər və onun adının belə çəkilməsini istəmirlər".

Türkiyədəki Abant İzzet Baysal Universitetinin müəllimi Ali Yamanla ölçdük-biçdik ki, türk xalqlarının ortaq dastanı "Koroğlu" ilə bağlı bir simpozium keçirək. Ali Yaman universitetinin rektoru, mən də AMEA Folklor İnstitutunun  direktoru ilə danışdım. Abant İzzet Baysal Universitetinin rektoru prof. Dr. Atilla Kılıç simpoziumun bütün xərclərini - dəvətlilərin yol, qonaqlama, yemək və s. xərclərini, eləcə də hər il keçirilməsini təşkil edəcəyini vəd etdi. Qalırdı Türküstanın elm ocaqlarının və universitetlərinin təşkilatçılar sırasına qatılmasını və alimlərin gətirilməsini təşkil etmək. Prof.dr. Atilla Kılıç açıq şəkildə dedi ki, Özbəkistanın və Türkmənistanın rəhbərləri sözdə Türkiyə ilə dost görünsələr də, çox ehtiyatlı davranırlar. Biz dəvət etsək, müxtəlif bəhanələrlə təklifimizi rədd edəcəklər. Azərbaycanla münasibətləri Türkiyəyə nisbətən daha yaxşıdır. Yaxşı olar ki, onlarla siz AMEA Folklor İnstitutunun adından danışıb razılıqlarını alasınız.

Onların razılığını almağı da mənim boynuma qoydular. Amma Abant İzzet Baysal Universitetinin əməkdaşı olmadığımdan Türkmənistana gedib-gəlmək xərcimi ödəməyəcəklərini bildirdilər. Eyni zamanda Folklor İnstitutu da ezamiyyə xərci verilməyəcəyini bildirdi.

 

Çətin vəziyyətdə qaldığım bir vaxtda Aşqabaddan 2009-cu il martın 11-13-də Aşqabadda "Səl-cuqlar dövrünün ədəbiyyatı və mədəniyyəti" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəyi xəbərini aldım. Məruzə yazıb göndərdim. Konfransa dəvət məktubu alanda bərk sevindim. Qərara aldım ki, Aşqabada Bakıdan birbaşa deyil, Daşkənddən gedim. Fikrimi Aşqabadda konfransın təşkilatçılarından olan Kakacan Janıbekova yazdım. Bakıdan Aşqabada uçan alman təyyarəsinin bileti Özbəkistan Hava Yollarının təyyarəsinin biletindən 200 dollardan bir az çox olsa da, mühasibatlıqda işləyənlər mənim ucuz biletlə gəlməyimi əngəlləmək istəyirdilər. Annaqurban Aşırov işə qarışandan sonra mənim Özbəkistan Hava Yollarının təyyarəsi ilə gedib-gəlməyə icazə verildi.

Bu yol yorucu və xeyli uzun idi. Belə bir yolu seçməyim təsadüfi deyildi. Qarşıma məqsəd qoymuşdum ki, Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat institutunun direktoru, akademik Törə Mirzəyevlə danışıb onu Boluda keçiriləcək simpoziuma qatılmağa razı salaram. Oradan da Ürgəncə uçaram. Ürgəncdən maşınla Türkmənistanın Daşoğuz şəhərinə, oradan da Aşqabada gedərəm. Eyni yolla da geri qayıdaram.

Daşkənddə akademik Törə Mirzəyevdən öncə institutun əməkdaşlarının bir neçəsi ilə görüşüb onları Türkiyəyə getməyə həvəsləndirdim. Törə Mirzəyevin kabinetində söhbət edəndə əməkdaşlar mənimlə görüşmək bəhanəsilə otaga gəldilər və söhbətimiz bitənədək də geri dönmədilər. Direktor çox ehtiyatla davranırdı. Bəhanə gətirirdi ki, simpoziumun xərclərini çəkməyə, əməkdaşlarının yolpulunu və oradakı xərclərini ödəməyə vəsaitləri yoxdur. Onu dilə tutdum. Butün xərcləri Türkiyə tərəfinin ödəyəcəyinə söz verdim. Söhbətimizi dinləyən institutun rəhbərləri, şöbə müdirləri də pulsuz-parasız Türkiyəyə getmək, məruzələrini xaricdə nəşr etdirmək istəyirdilər. Necə deyərlər, onlar yumşaq da olsa mənim səsimə səs verdilər. Beləcə akademik Törə Mirzəyevi razı saldıq. Ondan rəsmi məktub alıb Atilla Kılıça göndərdim.

Xeyli rahatlanıb uzun yolçuluğumu davam etdirdim. Aşqabadda Annaqurban Aşirov məsələni müzakirə edəndə açıq şəkildə dedi: "Bilirsən, vəziyyət heç istədiyimiz kimi deyil. Azərbaycanla, Özbəkitanla Türkmənistan arasında diplomatik münasibətlər yaxşı deyil. Türkiyə ilə də çox ehtiyatla davanırlar. Ona görə də belə konfransa icazə ala bilmərəm.  "Koroğlu" dastanları mövzusunda elmi konfrans keçirilməsini istəmirsənsə, onun Türkmənistanda yüksək səviyyədə keçirilməsinə icazə alım. Hansı ölkədən kimləri istəyirsən, dəvət et. Bütün xərclərini ödəyəcəyik. Amma xarici ölkələrin elm ocaqlarının adını təşkilatçılar siyahısına əlavə edə bilməyəcəm". Bakıya dönəndə söhbətlərimizin məzmunu haqqında Ali Yamana və Atilla Kılıça bilgi verdim.

Boluda simpoziumun 2009-cu il oktyabrın 17-18-də keçirilməsi qərara alındı və araşdırıcılara çağırış məktubları göndərildi.

lll

Annaqurban Aşırav sözünün üstündə durdu. 2009-cu il sentyabrın 23-25-də Daşoğuz şəhərində keçiriləcək "Koroğlu süjeti və Şərq ədəbiyyatı" mövzusunda Beynəlxalq Konfransa məni və məsləhət bildiyim araşdırıcıları dəvət etdi. Biletimi yenidən Daşkənd üstündən aldım. Akademik Törə Mirzəyevlə və institutun əməkdaşları ilə görüşüb Boluda keçiriləcək simpoziuma hazırlığın vəziyyətini müzakirə etdik. Hər şey normal görünürdü. Mən oradan Ürgənc şəhərinə uçdum. Ürgənc Universitetinin professoru Jumaboy Yusupov məni qarşıladı. Gözlədik ki, mənim xahişimlə Daşoğuzda keçiriləcək konfransa dəvət edilmiş Özbəkistan EA Dil və Ədəbiyyat İnstitutu folklor şöbəsinin müdiri Mamatkul Jurayev və professor Rüstəm Abdullayev də Daşkənddən gəlsinlər, birlikdə maşınla Daşoğuza gedək.

Daşoğuz kiçik bir əyalət şəhəri olsa da, konfransa Aşqabaddakı kimi hazırlaşmışdılar. Hər şey normal görünsə də, güdükçülərin davranışı məni əsəbləşdirirdi. Qaldığımız hotellə yemək yediyimiz restoranın arasında kiçik bir park vardı. Hoteldən oraya 10 dəqiqəyə piyada getmək mümkün idi. Lakin konfrans iştirakçılarını hotelin qarşısındakı avtobuslara mindirib restorana aparmaları yarım saatdan çox çəkirdi. Vaxt itkisindən çox sərbəstliyimizin məhdudlaşdırılması məni bərk əsəbləşdirirdi. İkinci gün mən hoteldən çıxanda avtobusa minmədim, gəzə-gəzə restorana doğru yol aldım. Bu zaman arxamca qaça-qaça gənc bir güdükçü gəldi ki, məni geri qaytarıb avtobusa mindirsin. Arxamca gələn güdükçü mənə çatan kimi ağzını açmağa  imkan vermədim. Parkdan keçən üç yaraşıqlı türkmən qızını göstərərək dedim: "Bilirəm, pulun yoxdur. Xərclərini mən çəkəcəm. Sən gəncsən, get o qızları axşam bara dəvət et". Güdükçü gözlənilməz təklifimdən çaş-baş qaldı. Mən onun çaşqınlığına əhəmiyyət verməyib restorana getdim.

Axşam yeməyinə getmək üçün birinci mərtəbəyə enəndə dedilər ki, restorana getməyim, hotelin foyesində gözləyim. Nədən məni gözlətdiklərinin səbəbini soruşmadım. Adamlar yeməyə gedəndən 15-20 dəqiqə sonra hotelin qarşısında qara "Mersedes" dayandı. Maşından düşən gənc məni nəzakətlə maşının arxa oturacağına dəvət edib, özü də qarşı oturacaqda əyləşdi. Heç beş dəqiqə çəkmədi ki, Daşoğuz Vilayət Hakiminin binasına çatdıq. Mən bu yolu böyük həvəslə piyada gələrdim. Lakin haraya gedəcəyimi, kiminlə, hansı mövzuda danışacağımı bilmədiyimdən gözləməli olmuşdum. Bələdçim məni ikinci mərtəbəyə, hakimin (bizdə icra hakimi dediyimiz vəzifəyə onlar hakim deyirlər) otağına apardı. İçəri girəndə Annaqurban Aşırovu da orada gördüm. 30-35 yaşlı hakim gəlib qapının yanında mənimlə görüşdü. Onun sifətindən və məni qarşılamasından qanqaraldıcı bir şey olmayacağını başa düşdüm. Kabinetdən qonşu otağa keçdik. Orada zəngin bir süfrə açılmışdı. Məclisimiz deyə-gülə keçdi.

2010-cu il noyabrın 10-11-də Aşqabadda "Yeni dirçəliş və böyük transformasiyalar dövründə Türkmənistanın arxeologiyası və etnoqrafiyası: nailiyyətlər və gələcək vəzifələr" mövzusunda Beynəlxalq Elmi Konfransda mən yenə də bölmə iclası rəhbəri idim. Annaqurban Aşırov bir nəfər, uca boylu, idmançı görnüşlü gənci göstərərək ərkyana dedi: "O, prezidentə yaxın adamdır, Moskvada ali təhsil alıb, KQB-də işləyir. Onunla işin olmasın". Anlaya bilmədim ki, mənim onunla nə işim ola bilər ki?!

Amma iş elə gətirdi ki, onunla toplantının gedişində höcətləşməli olduq. Mən toplantını türkmən dilində aparmağa çalışırdım. Moskvadan gəlmiş professor əsəbiliklə nədən iclası rus dilində aparmadığımı xəbər aldı. Mən çox təmkinlə - "Bura Türkmənistandır, dövlət dili də türkmən dilidir" deməklə işimi davam etdirmək istədim. Lakin Annaqurban Aşırovun mənə göstərib "onunla işin olmasın" dediyi gənc icazəsiz ayağa durub məndən tələb etdi ki, qonaqlara görə toplantını rus dilində aparım. Mən ona cavab vermədən Rostovdan gəlmiş, bölmə iclasında məruzə edəcək gənc alimlərdən birindən (onlarla dünən axşam xeyli söhbət etmişdim və söz vermişdim ki, onları Türkiyədə keçirilən simpoziumlara dəvət etdirəcəyəm) xəbər aldım: "Siz bir neçə ay öncə Parisdə elmi konfransda olubsunuz. Orada məruzənizi hansı dildə oxudunuz?" O, sualı nə məqsədlə verdiyimi başa düşməsə də, "fransızca" deyə cavab verdi. Mən təkrar sual verdim: "Türkiyəyə getsəniz, məruzəni hansı dildə oxuyacaqdınız?" O, incik şəkildə dedi: "Türk dilində. Buradakı simpoziumda da məruzəmi türk dilində oxuyacağam!"

Mən KQB əməkdaşına üzümü tutaraq: "Parisə gedən fransızca, Londona gedən ingiliscə, Türkiyəyə gedən türkcə məruzə edirsə, siz nədən Aşqabadda mənim toplantını türkmən dilində aparmağıma etiraz edirsiniz? Yoxsa siz Türkmənbaşının verdiyi qanunlarla razı deyilsiniz? Türkmənistan qanunları ilə bu ölkədə dövlət dili türkmən dilidir" dedim. Toplantı otağındakılar bərkdən güldülər. KQB əməkdaşı pərt halda otaqdan çıxdı. Sonra bildim ki, Moskvadan arvadı ilə birlikdə dəvət etdirdiyi professor onun müəllimi imiş.

 

Toplantını başa vurub fasiləyə çıxanda gördüm Annaqurban Aşırov məni axtarır. Danlayacağını bildiyimdən gözündən yayınsam da, nahardan sonra məni yaxaladı. "Sənə neçə dəfə demişəm, KQB işçiləri ilə işin olmasın. Sən gedirsən, sonra mənə irad tuturlar. Rəhbər işçiləri də saya salmırsan. Bura Türkiyə, Azərbaycan deyil" - dedi. Mən də: "Aşırov, onda məni bir daha simpoziuma çağırmayın. Bilirsiniz ki, dəyişən deyiləm" - deyəndə sakit və gülümsəyərək: "Çox vaxt ürəyimdən keçənləri, demək istəyib deyə bilmədiklərimi sən deyirsən. Türkmənlər görür ki, belə sözləri dilə gətirmək olar. Alimlərimiz, xüsusən gənclər sizlərin davranışından nümunə götürməyə çalışırlar, cəsarətlənirlər" - dedi.

Annaqurban Aşırovla təklikdə təşkil etdiyi kiçik məclislərdə çox səmimi və mehriban söhbətlərimiz olurdu. Adətən Azərbaycan türkcəsində danışar, Azərbaycan mahnılarından parçalar oxuyardı. Məndən bir yaş kiçik olduğundan zarafatla deyirdi: "Vəzifədə böyük mən olsam da, yaşda böyük sənsən. Bizə uşaqlıqdan ağsaqqala hörmət etməyi öyrədiblər".

1949-cu ildə Balkan vilayətinin Cecips kəndində doğulan Annaqurban Aşırovun da yaşkağızında mənim kimi doğulduğu il yazılsa da ay, gün yazılmamışdı. Bir dəfə ad günü münasibəti ilə onu təbrik etmək istədiyimi söyləyəndə: "İlin hansı günü istəyirsən, təbrik edə bilərsən" dedi. Bu qənaətə gəldim ki, özü də doğulduğu günü və ayı bilmir.

1976-cı ildə Aşqabaddakı Türkmən Dövlət Universitetini bitirdikdən sonra 1976-1978-ci illərdə "Gənc kommunist" qəzetində ədəbi işçi kimi yazıb-yaradıb. 1978-ci ildə Türkmənistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda böyük laborant işləməyə başlayıb. Aspiranturada oxuyub. Müdafiə edib elmlər namizədi adı alandan sonra institutda müxtəlif vəzifələrdə işləyib.

Tanıdığım adamların əksəriyyəti onun təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirirdi. Deyirdilər ki, o, əlyazmalar şöbəsinə müdir təyin ediləndən sonra zirzəmisində yerləşən kiçik şöbəni akademiyanın Əlyazmalar İnstitutuna çevirməyi bacardı. Yalnız Türkmənistandan deyil, dünyanın hər yerindən olduqca dəyərli əlyazmalar toplatdırıb institutun fondunu zənginləşdirib.

Təşkilatçılıq bacarığını nəzərə alan Saparmurad Türkmənbaşı onu 2001-ci ildə Türkmənistanda təhsil naziri təyin edib. 2002-ci ilin avqustunda isə onu Türkiyəyə Türkmənistanın səfiri göndərir. Səfirlikdən geri çağırılandan sonra elmin təşkili sahəsində çalışan Annaqurban Aşırov dəfələrlə Azərbaycanda da olmuşdu. Azərbaycan-Türkmənistan əlaqələrinin yaxşılaşması üçün əməkdaşlarını da Bakıya elmi ezamiyyətə göndərərdi. Azərbaycanlı araşdırıcılarda Ramiz Əskərə, İsmixan Osmanlıya, Elmira Fikrət qızına, Tərlan Quliyevə və b. hörməti böyük idi. Ramiz Əsgərin türkmən şairlərinin əsərlərini Azərbaycan türkcəsinə çevrilməsinə uşaq kimi sevinir, Ramiz Əsgərin Türkmənistanda tanıdılması, mükafatlar alması üçün əlindən gələni əsirgəmirdi.

Elmin təşkilinə daha çox vaxt ayırdığından elmi araşdırmalarla ardıcıl məşğul ola bilmirdi. Buna baxmayaraq, Maxtımqulu Fərağinin ömür yolunun dəqiqləşdirilməsi, şairin divanının elmi-tənqidi mətninin, eləcə də Nurmuhammet Andalıbin "Qoşqular" kitablarının hazırlanıb nəşr edilməsi onun adı ilə bağlıdır.

2017-ci ildə təqaüdə göndərilən Annaqurban Aşırov xəstəliyinə görə ardıcıl elmi yaradıcılıqla məşğul ola bilmirdi. Onunla əlaqələrimiz də zəifləmişdi. Kakacan Janıbekov vasitəsilə bir-birimizlə əlaqə saxlayırdıq.

2025-ci ilin dekabrın 10-da Kakacan Janıbekov Aşqabadda yaşayan Annaqurban Aşırovun dünyasını dəyişdiyini, onun doğulduğu kənddə, Cecirsdə torpağa tapşırıldığını dedi. Türkmənistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırovun doğulduğu kənddə dəfn edilməsini normal qarşıladım. Türkmənistan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun keçmiş direktoru, şair və nasir, tərcüməçi Kasım Nurbadov da Balkan Vilayətinin Esenqulı rayonunun Acıyap kəndindəndi. Dünyadan köçəndə onu da öz kəndlərindəki "İlyas Molla" qəbiristanlığında dəfn etmişdilər.

Aşqabadla Balkan vilayəti arasındakı məsafə çox olsa da, dünyadan köçənlərin doğulduğu kəndlərinin qəbiristanlığında dəfn edilməsinə önəm verirlər.

Türk xalqlarının birliyini çox arzulayan, lakin istəklərini reallaşdırmağa imkan tapa bilməyən Annaqurban Aşırov dünyadan köçsə də, yetirmələri onun arzularını yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər.

 





29.06.2026    çap et  çap et