İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub.
525.az xəbər verir ki, əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.
Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.
Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb.
“Türk Dünyası Həftəsi”nin açılış mərasimində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətləri oxunub.
Açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
"Bu gün biz, sadəcə, bir yubileyi qeyd etmirik, biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik. İnanıram ki, keçiriləcək görüşlər yeni elmi təfəkkürün, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək", - deyə nazir diqqətə çatdırıb.
Adil Kərimli həmçinin bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin tədbirləri Qarabağda - Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək.
Nazir vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir.
"İnanırıq ki, bu qurultay Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq", - deyə o qeyd edib.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib: “Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və “Türk Dünyası – 2040” vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir".
Kubanıçbek Ömüralıyev vurğulayıb ki, son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlığın təməlində ortaq tarix, dil və mədəni irs dayanır.
Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək.
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və birliyini nümayiş etdirən tarixi hadisə idi.
Akademik vurğulayıb ki, türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb və bu yolda böyük maarifçilər, alimlər və ziyalılar mühüm xidmətlər göstəriblər. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir.
Akademik qeyd edib ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır və ölkə rəhbərliyinin Türk dünyasının birliyinə verdiyi dəstək ortaq dəyərlərin qorunmasına və inkişafına xidmət edir.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Səhnədə Türk dünyasının ortaq mədəni irsini əks etdirən musiqi və ədəbi nümunələr təqdim olunub. Bədii proqramda təqdim olunan çıxışlar ortaq tarix, dil və mədəniyyət bağlarının gücünü bir daha nümayiş etdirib.
İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir.
xxx
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlayıb.
525.az xəbər verir ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.
İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.
çap et