525.Az

Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edib


 

AI CHAMPION KATEQORIYASI ÜZRƏ "AI CHAMPİONS" KOMANDASI İKİNCİ YERƏ LAYİQ GÖRÜLÜB

Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edib<b style="color:red"></b>

Azərbaycan robotexnika, innovasiya və mühəndislik sahəsində regionun ən nüfuzlu tədbirlərindən biri olan World Robot Caspian Cup 2026 (WRCC 2026)-ya ev sahibliyi edib. 

Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, ICESCO, AQEM, World Robotics Sports Organization (WORSO), SABIS SUN International School və AKTA-nın dəstəyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “World Robot Caspian Cup 2026” (WRCC 2026) beynəlxalq robototexnika yarışı keçirilib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Alsenan, SABIS SUN International Schoolun direktoru François Enslin, həmçinin Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təsisçisi və WRCC-nin sədri Rəhman Rəsulzadə çıxış edərək beynəlxalq robot olimpiadasının uğurlu təşkili, əhəmiyyəti, süni intellekt və innovasiyanın gələcəyin inkişafındakı rolundan danışıblar.

İyunun 27-28-də Bakı İdman Sarayında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Misir, Gürcüstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Oman, Pakistan və Özbəkistandan olan komandalar da iştirak ediblər.

Qeyd edək ki, bu il “Dünya Robot Xəzər Kubokuna” rekord sayda müraciət daxil olub. İl ərzində keçirilən seçmə mərhələlərdə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 250-dən çox komanda və 800-dən artıq iştirakçı mübarizə aparıb. Böyük final mərhələsinə isə Azərbaycanın 20 regionunu təmsil edən 145 komanda və 8 qonşu ölkədən 12 beynəlxalq komanda vəsiqə qazanıb..

Yarış çərçivəsində iştirakçılar robot futbolu, dron texnologiyaları, süni intellekt, avtonom sistemlər, mühəndislik layihələri və innovativ texnoloji həllər üzrə yarışıblar.

Komandalar yalnız texniki bacarıqlarını deyil, həm də yaradıcılıq, komanda işi və problem həll etmə qabiliyyətlərini nümayiş etdiriblər. WRCC 2026 çərçivəsində keçiriləcək “Açıq Kateqoriya” müsabiqəsində iştirakçılar kənd təsərrüfatının rəqəmsallaşdırılması, Qarabağda təhlükəsizlik və minatəmizləmə texnologiyaları, həmçinin Xəzər dənizinin su səviyyəsinin azalmasının yaratdığı problemlərə innovativ həllər
təqdim edilib.

Tədbirin əsas məqsədi gənclərdə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) istiqamətlərinə marağı artırmaq, gələcəyin mühəndislərini yetişdirmək və Azərbaycanın beynəlxalq robotexnika ekosistemində rolunu gücləndirməkdir.

Dünya Robot Xəzər Kuboku 2026 Azərbaycanın texnologiya və innovasiya sahəsində regional liderliyini nümayiş etdirən, gəncləri gələcəyin peşələrinə hazırlayan və ölkəmizi beynəlxalq robotika xəritəsində daha da ön plana çıxaran mühüm platformadır.

Qalib komandalar arasında AI Champion kateqoriyası üzrə "AI Champions" komandası da var. İkinci yeri qazanan komandanın mentoru İT (İnformasiya Texnologiyaları) mütəxəssisi Şahmar Həsənzadədir.

3 nəfərdən ibarət  komandanın üzvləri isə  Əli Cəfərsoy,  Səid Soltanlı və  Kənan Məmmədtağıyevdir.  

İkinci yerə layiq görülən "AI Champions" komandası uğurlu çıxışı ilə diqqət çəkib. Komandanın əldə etdiyi nəticə onların hazırlıq səviyyəsinin, komanda ruhunun və müasir texnologiyalara olan marağının göstəricisidir.

Komandanın mentoru İT (İnformasiya Texnologiyaları) mütəxəssisi Şahmar Həsənzadənin peşəkar rəhbərliyi, bilik və təcrübəsi komanda üzvlərinin müsabiqəyə yüksək səviyyədə hazırlaşmasında mühüm rol oynayıb. Müasir dövrdə mentorların dəstəyi gənclərin potensialının üzə çıxarılması və onların düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Üç  dostun  Əli Cəfərsoy, Səid Soltanlı və Kənan Məmmədtağıyevin müsabiqə ərzində nümayiş etdirdikləri əməkdaşlıq, analitik düşüncə və innovativ yanaşma ilə münsiflər heyətinin rəğbətini qazanaraq ikinci yerə layiq görülüblər.

Komandanın qazandığı uğur bir daha göstərir ki, Azərbaycan gəncləri süni intellekt və informasiya texnologiyaları sahəsində yüksək potensiala malikdirlər. Bu cür nailiyyətlər gələcəkdə ölkəmizin rəqəmsal inkişafına töhfə verəcək peşəkar mütəxəssislərin yetişdiyini nümayiş etdirir.

İnanırıq ki, "AI Champions" komandasının üzvləri gələcəkdə də yeni layihələr və uğurlarla ölkəmizin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərə öz töhfələrini verəcək, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklər.

 

 

 

 





28.06.2026    çap et  çap et