525.Az

"Uşağa sadəcə “telefona baxma” demək kifayət etmir" - Şura katibi


 

"Uşağa sadəcə “telefona baxma” demək kifayət etmir" - <b style="color:red">Şura katibi</b>

"Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar və yeniyetmələrin gündəlik həyat tərzini ciddi şəkildə dəyişib. Smartfonlar, sosial şəbəkələr və müxtəlif mobil tətbiqlər təhsilə çıxışı asanlaşdırsa da, eyni zamanda diqqət dağınıqlığı, öyrənmə prosesində fokuslanma çətinliyi və informasiyanın səthi qavranılması kimi problemləri də gündəmə gətirib. Mütəxəssislər bu tendensiyanı bəzən “telefon nəsli” anlayışı ilə izah edirlər. Bu nəslin əsas xüsusiyyəti daimi onlayn olmaq, sürətli informasiya axınına öyrəşmək və uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə çətinlik yaşamaqdır".

Bunu 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib. Şura katibi vurğulayıb ki, təhsil prosesində bu vəziyyət müəllim-şagird münasibətlərinə, dərs keyfiyyətinə və ümumi akademik nəticələrə təsir göstərir. Mövzu xüsusilə məktəb yaşlı uşaqların dərsə marağı, diqqət toplama bacarığı və rəqəmsal vərdişlərin idarə olunması baxımından aktuallığını qoruyur:

"Rəqəmsal texnologiyalardan düzgün istifadə vərdişlərinin formalaşması isə ilk növbədə ailə və məktəbin birgə əməkdaşlığından asılıdır. Uşağa sadəcə “telefona baxma” demək kifayət etmir. Ona vaxtını planlaşdırmağı, məlumatı seçməyi, ekran vaxtı ilə istirahət və fiziki fəaliyyət arasında tarazlıq yaratmağı öyrətmək lazımdır".

Sevinc Qarayeva 

 





30.06.2026    çap et  çap et