525.Az

Bakıda itkin düşmüş şəxslər məsələsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - YENİLƏNİB


 

Bakıda itkin düşmüş şəxslər məsələsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  - <b style="color:red">YENİLƏNİB</b>

Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

525.az xəbər verir ki, konfransa Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluq edib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov 30.06.2026-cı il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını və son statistikaları diqqətə çatdırıb.

General-leytenant Şərafət Həsənov Azərbaycanın itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirdiyini qeyd edib: “İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bomberqer tərəfindən 2025-ci ilin noyabr ayında Dövlət Komissiyasına ünvanlanmış məktubda qurumun hazırladığı Məlumat İdarəetmə Sisteminin Azərbaycan dilinə inteqrasiya edilmiş versiyasının Dövlət Komissiyasına təqdim olunacağı bildirilib və ilkin tətbiqi üçün “yol xəritəsi” təqdim olunub”.

Şərafət Həsənov qeyd edib ki, təqdim olunmuş İDMS itkin düşmüş şəxslərlə bağlı indiyə kimi mövcud olan məlumat bazalarının bir platformada yerləşdirilməsinə, aidiyyəti dövlət qurumlarının məlumatları eyni vaxt rejimində bazaya daxil etməsinə və emalına imkan yaradacaq: “Proses nəticəsində məlumatların qısa müddətdə əldə olunması və qərarların operativ qəbulu mümkün olacaq. Bununla yanaşı, sistem çərçivəsində Azərbaycan və Ermənistan vətəndaşlarına itkin düşmüş şəxslərə, o cümlədən dəfn yerlərinə dair konfidensial qaydada məlumat verilməsi imkanı yaradılacaq.

Verilmiş məlumatlar yalnız humanitar məqsədlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Burada məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına xidmət etməkdir”.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq arenada bu sahədə görülən işlərə diqqət çəkib: “Azərbaycanın təşəbbüsü ilə formalaşmış İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu da beynəlxalq ictimaiyyətin bu humanitar faciəyə diqqətinin artırılmasına xidmət edən mühüm platformaya çevrilib. Bakı Dialoqu çərçivəsində növbəti beynəlxalq konfrans bu il oktyabrın 7-10-da keçiriləcək”.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberqer Azərbaycanın regionda sülhün əldə olunması üçün verdiyi töhfələri yüksək qiymətləndirib: “Azərbaycan və Ermənistan arasında yaradılacaq məlumat bazası əməkdaşlıq baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır”.

ICMP-in Baş direktoru Katrin Bomberqer Azərbaycanla bu sahədə əməkdaşlıq potensialından danışıb.

Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin rəisi, tibb-xidməti generalı Rüfət Əliyev, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov çıxış edib, Milli Məclisin deputatları Arzu Nağıyev, Zahid Oruc Dövlət Komissiyasının İşçi qrupunun statusuna, əməkdaşların dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əməkdaşların sosial təminatı və sağlamlıqlarının qorunması məsələləri ilə bağlı təkliflər səsləndirib.

Deputat Rizvan Nəbiyev beynəlxalq sahədə olan təcrübələri bölüşüb.

Tədbir müzakirələrlə davam etdirilib.

***

Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq konfrans keçirilir.

525.az xəbər verir ki, tədbir "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunub.

Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, general-leytenant Şərafətli Həsənov, Beynəlxalq Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberqer, xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev, deputatlar və digər rəsmi şəxslər iştirak edirlər.

 





30.06.2026    çap et  çap et