525.Az

Pis rəsm - Məryəm Bağırova yazır


 

Pis rəsm - <b style="color:red"> Məryəm Bağırova yazır</b>

"Pis bir rəsm seçərəm qorxusuyla divarıma heç vaxt rəsm asmadım”. İlk baxışda sadə görünən bu fikir əslində milyonlarla insanın həyat hekayəsini özündə daşıyır. Çünki çoxumuz pis bir seçim etməkdən o qədər qorxuruq ki, sonda heç seçim etmirik. Yanlış yaşamaqdan qorxduğumuz üçün isə ümumiyyətlə yaşamırıq.

Həyatın ən böyük paradokslarından biri budur ki, insan özünü qorumağa çalışarkən ən böyük zərəri yenə özünə vurur.

Uşaq vaxtı yıxıla-yıxıla yeriməyi öyrənirik. Heç kim körpəyə "Yıxılarsan, ona görə yerimə" demir. Amma böyüdükcə cəmiyyət bizə görünməz qorxular öyrədir: səhv etmə, uduzma, rədd edilmə, tənqid olunma, risk alma. Və insan zamanla yaşamağın özündən qorxmağa başlayır. Bir çox insanın həyatına diqqətlə baxdıqda faciənin uğursuzluq olmadığını görürük, əsl faciə cəsarətsizlikdir. Sevmək istəyib susan insanlar var. Xəyal etdiyi peşəyə sahib olmaq istəyib risk etməyənlər var. Yazmaq istəyib bir sətir belə yazmayanlar, getmək istəyib bir addım atmayanlar, hisslərini demək istəyib ömrünü susaraq keçirənlər var. Ən ağrılı peşmanlıqlar etdiklərimizdən doğmur. Çünki səhvlər zaman keçdikcə xatirəyə çevrilir. İnsan uğursuzluqlarını izah edə bilir. Hətta onlardan dərs çıxarır. Lakin yaşanmayan ehtimalların ağrısı fərqlidir. Çünki onların cavabı yoxdur. İllər sonra insan öz-özünə sual verir: "Əgər cəhd etsəydim, nə olardı?" "Əgər qorxmasaydım?" Bu sualların heç bir cavabı yoxdur. Məhz buna görə də onlar insanın daxilində ömür boyu yaşayır.

Psixoloqların fikrincə, yaşlı insanların həyatlarının son dövrlərində ən çox ifadə etdikləri hiss peşmanlıqdır. Lakin bu peşmanlıq əksər hallarda etdikləri səhvlərlə bağlı olmur. Daha çox etmədikləri ilə bağlı olur. İnsan son nəfəsində qazandığı pulları, aldığı əşyaları deyil, qaçırdığı fürsətləri xatırlayır. Çünki həyat mükəmməl seçimlər etmək yarışması deyil. Həyat seçim etmək cəsarətidir.

Bəzən divara asılan rəsm həqiqətən də gözəl olmur. Bəzən seçdiyimiz yol bizi istədiyimiz yerə aparmır. Bəzən sevdiyimiz insanlar bizi yaralayır. Bəzən risklər uğursuzluqla nəticələnir. Amma bütün bunlar yaşamağın bir hissəsidir. Boş divar təhlükəsiz görünə bilər. Lakin illər sonra o boşluq insana bir həqiqəti xatırladır - orada bir rəsm ola bilərdi. Boş həyat da eynilə belədir. Kənardan sakit, problemsiz və təhlükəsiz görünə bilər. Amma insan öz vicdanı ilə baş-başa qalanda anlayır ki, içində yüzlərlə yaşanmamış hekayə, deyilməmiş söz və atılmamış addım var. Bəlkə də həyatın ən böyük faciəsi pis yaşamaq deyil. Ən böyük faciə, bir gün geriyə baxıb yaşamağa qorxduğunu anlamaqdır. Çünki zaman keçdikdən sonra səhvləri düzəltmək mümkün ola bilər. Amma yaşanmayan bir ömrü geri qaytarmaq mümkün deyil. Bəlkə də dünyanın ən zəngin yerləri banklar, saraylar və ya xəzinələr deyil. Ən zəngin yer məzarlıqlardır. Çünki orada milyonlarla həyata keçməmiş arzu yatır. Yazılmamış kitablar yatır. Oxunmamış şeirlər yatır. Qurulmamış ailələr, başlanmamış hekayələr, gedilməmiş yollar yatır. Orada heç vaxt etiraf edilməmiş sevgilər var. Bir ömür boyu ürəyində daşıyıb bir dəfə belə dilə gətirilməmiş hisslər var. Bir addım atmağa cəsarət etmədiyi üçün yarımçıq qalmış talelər var. Bir gün başlayaram deyə-deyə heç başlamayan insanlar var. Bir gün deyərəm deyə-deyə heç deyə bilməyən insanlar var. Bir gün yaşayaram deyə-deyə ömrünü gözləməklə keçirən insanlar var. Məzarlıqlar ölən insanlarla deyil, yaşanmayan həyatlarla doludur. Çünki onların çoxu bacarmadığı üçün deyil, cəsarət edə bilmədiyi üçün yarımçıq qaldı. Bəlkə də insanın ən böyük faciəsi ölmək deyil. Ən böyük faciə, heç yaşamadan ölməkdir.

 





30.06.2026    çap et  çap et