Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi Feldşer İşi" ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.
525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə Bakı Hərbi Kollecinin Döyüş bayrağı sıra meydanına gətirilib.
Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Ordusunun regionun ən qüdrətli və müasir ordusu olduğunu qeyd edən rektor bu güc və qüdrəti qoruyub saxlamağın və inkişaf etdirməyin ordu quruculuğunun prioritet məsələsi olduğunu bildirib.
General-mayor G.Əbdülov Vətən müharibəsində qazanılan qələbənin müstəqil fəaliyyət göstərə bilən kiçik bölmələrin çevikliyindən və komandir heyətinin peşəkarlığından asılı olduğunu vurğulayıb.
Bu səbəbdən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 dekabr 2023-cü il tarixli Fərmanına əsasən Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasında hərbi kolleclərin təsis edilməsinin böyük məqsədlərə xidmət edən tarixi əhəmiyyətli strateji addım olduğu xüsusi qeyd olunub.
Məzunlar adından çıxış edən kurs birinciləri təhsil müddətində yaradılan şəraitə görə ölkə, Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, eləcə də müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Buraxılış mərasiminin proqramına uyğun olaraq məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplom, sertifikat və fəxri fərmanlar təqdim edilib.
Tədrisdə və intizamda fərqlənən məzunlar tərəfindən rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulub, Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.
Daha sonra hərbi orkestrin müşayiəti ilə kursantlar hərbi kollecin marşını ifa ediblər.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
çap et