525.Az

BDU-nun Coğrafiya fakültəsində “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılır


 

BDU-nun Coğrafiya fakültəsində “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılır<b style="color:red"></b>

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılacaq.

BDU-dan 525.az-a bildirilib ki, yeni ixtisaslaşma iqlim dəyişikliklərinin ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsirlərinin qiymətləndirilməsi, bu təsirlərin azaldılması və dəyişən iqlim şəraitinə uyğunlaşma mexanizmlərinin öyrənilməsini əhatə edən müasir və multidisiplinar istiqamətdir. Son illərdə qlobal iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, dayanıqlı inkişaf prioritetlərinin genişlənməsi və iqlim risklərinin idarə olunmasına artan tələbat bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

Müasir dövrdə su qıtlığı, quraqlıq, istilik dalğaları, ekstremal hava hadisələri və digər iqlim risklərinin intensivləşməsi müxtəlif sahələrdə uyğunlaşma tədbirlərinin hazırlanmasını tələb edir. Yeni ixtisaslaşma iqlim dəyişikliklərinin təsirlərinin elmi əsaslarla öyrənilməsi, adaptasiya strategiyalarının hazırlanması, təbii resursların səmərəli idarə olunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi istiqamətində yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

BDU-nun Coğrafiya fakültəsi “İqlim dəyişmələrinə adaptasiya” istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün müasir elmi və pedaqoji potensiala malikdir. İxtisaslaşma çərçivəsində magistrantlar iqlim risklərinin qiymətləndirilməsi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında adaptasiya tədbirləri, ekosistemlərin qorunması, şəhərsalma və iqlimə davamlı planlaşdırma, təbii fəlakətlərin idarə olunması, coğrafi informasiya sistemləri (CİS) texnologiyalarının tətbiqi, iqlim siyasəti və dayanıqlı inkişaf istiqamətləri üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.

Tədris prosesində müasir iqlim modelləri, CİS və məsafədən zondlama texnologiyaları, beynəlxalq iqlim siyasəti sənədləri, adaptasiya strategiyaları, həmçinin milli və beynəlxalq təcrübə əsasında hazırlanmış metodologiyalar tələbələrə nəzəri və praktiki aspektlərdə öyrədiləcək.

“İqlim dəyişmələrinə adaptasiya” üzrə magistr hazırlığı ölkədə iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlığın artırılmasına, ekoloji təhlükəsizliyin təmin olunmasına, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə və bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək. İxtisaslaşma üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, aidiyyəti dövlət agentliklərində, ekoloji və mühəndislik şirkətlərində, enerji və kənd təsərrüfatı sektorunda, eləcə də elmi-tədqiqat və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərə biləcəklər.

 





01.07.2026    çap et  çap et