Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb.
Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.
Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin reallaşdırılmasını stimullaşdırır.
Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.
İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya alt proqramı çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı, innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Qurum dövlət-özəl tərəfdaşlığı üzrə beynəlxalq standartların, model qanunların və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edən əsas platformalardan hesab olunur.
çap et