Cənubi Qafqaz regionu ümumi nəqliyyat dəhlizi rolunu oynaya biləcək iri layihələrin həyata keçirilməsi üçün əlverişli platformaya çevrilməkdədir.
525.az xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Gürcüstanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün regionda yeni bir mərhələ başlayır:
"Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin yeni səviyyəyə qaldırılması istiqamətində atılan addımlar gələcəkdə Qara dəniz və Xəzər hövzələrinin sülh məkanına çevrilməsinə, iqtisadi rifahın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək. Əminliklə deyə bilərik ki, regionumuz ümumi nəqliyyat dəhlizi rolunu oynaya biləcək iri layihələrin həyata keçirilməsi üçün əlverişli platformaya çevrilməkdədir".
Ramil Həsən deyib ki, bu layihələrin uğurla reallaşması üçün parlament diplomatiyası, parlamentarilərin, milli parlamentlərin və parlament assambleyalarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Baş katib TÜRKPA ilə QDİƏT PA arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O həmçinin süni intellekt məsələlərinin bu gün dünyada çox geniş yayıldığını və bu prosesin dövlətlərarası münasibətlərin inkişafına, eyni zamanda vətəndaşların rifahına müsbət təsir göstərməsi istiqamətində maksimal istifadə edilə bilməsi ilə bağlı həm TÜRKPA, həm də QDİƏT PA üzv ölkələrinin qanunverici strukturlarında və qanunlarda yeni düzəlişlərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.
çap et