525.Az

Azərbaycanda son altı ildə elektron satınalmaların sayı 4 dəfədən çox artıb


 

Azərbaycanda son altı ildə elektron satınalmaların sayı 4 dəfədən çox artıb<b style="color:red"></b>

2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, ümumi məbləği isə 5,3 dəfə artıb.

525.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya elektron satınalma mexanizmlərinə etimadın artdığını və satınalma proseslərinin əsasən elektron platforma üzərindən həyata keçirildiyini göstərir: "2025-ci ildə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 % təşkil edib. Bu isə rəqabətli satınalma mühitinin gücləndiyini və elektron satınalma mexanizmlərinin effektiv nəticələr verdiyini təsdiqləyir".

E. Bağırov bildirib ki, ötən il 2 mindən çox satınalan təşkilat tərəfindən 19 min dövlət satınalması keçirilib və bu proseslərdə 9 minə yaxın təchizatçı iştirak edib: "Bu göstərici biznes subyektlərinin dövlət satınalmalarında iştirak imkanlarının genişləndiyini, rəqabətin gücləndiyini və dövlət vəsaitlərindən daha səmərəli istifadəyə şərait yaradıldığını göstərir. 2025-ci ildə açılışı baş tutmuş elektron satınalmalar üzrə müsabiqələrdə orta iştirakçı sayı 3,6 olub ki, bu da hər satınalma üzrə bir neçə təchizatçı arasında rəqabətin formalaşdığını göstərir".

 





01.07.2026    çap et  çap et