“Hazırkı vəziyyətdə ABŞ və İran üçün prioritetlər anlaşma memorandumuna riayət etmək, onu həyata keçirmək, danışıqların impulsunu qorumaq, hərtərəfli razılaşmaya tez bir zamanda nail olmaqdır”.
525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla Pekində danışıqlar zamanı bildirib.
O qeyd edib ki, hazırkı atəşkəs hələ də kövrəkdir, lakin danışıqlar döyüşməkdən daha yaxşıdır, dialoq qarşıdurmadan daha üstündür.
XİN başçısı söyləyib ki, Çin ABŞ və İran arasında danışıqların başlanmasını alqışlayır. Çin gərginliyi azaltmaq, regionda davamlı sülh və sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı ilə işləməyə hazırdır.
İkitərəfli münasibətlərdən danışan çinli diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı ərəb və İslam ölkələri icmasının mühüm üzvü olmaqla yanaşı, çoxqütblü dünyanın formalaşmasında əvəzolunmaz və vacib qüvvədir. Onun sözlərinə görə, Çin Səudiyyə Ərəbistanını daim bərabərlik, qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunan strateji tərəfdaş kimi görür. Əlavə edib ki, Çin-Səudiyyə Ərəbistanı hərtərəfli strateji tərəfdaşlığı on il əvvəl qurulub və o vaxtdan bəri Qlobal Cənubda qarşılıqlı faydakı əməkdaşlıq modelinə çevrilib.
Nazir Feysəl bin Fərhan Əl Səud deyib ki, Səudiyyə Ərəbistanı Çin tərəfindən irəli sürülən bir sıra əsas qlobal təşəbbüsləri dəstəkləyir və Pekinlə çoxtərəfli formatlarda sıx koordinasiya qurmağa, inkişaf etməkdə olan ölkələrin ortaq maraqlarını müdafiə etməyə hazırdır.
Pərvanə Sultanova
çap et