525.Az

Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...


 

Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...<b style="color:red"></b>

İllərin o üzündə qalanların hamısı tarixdimi? Yoxsa tarix o illərdə olmuşların yadda qalanlarıdımı? Tarixmi bizdən alıb, bizmi tarixdən?.. Düşüncələrimdən üzülməyən, ancaq özümə ünvanlanan bu sorğulara cavab axtarmamışam. Axtarmaram. O tarix ömrümüzdən düşüb qalanlardı. Yaddaşlarımızda sədaqətlə saxlanılır. O tarixdə İbrahim oğlu Tariyel də vardı. Tariyel İbrahim oğlu ilə həmyaşıdıq. 1956-cı il iyunun 30-da Mincivan qəsəbəsində (rəsmi sənədə əsasən 1957-ci il yanvarın 14-də Qafan şəhərində) anadan olub. Uşaqlığı Qazançı kəndində keçib. İbtidai təhsilini Ağkənd 8 illik məktəbində alıb. Təhsilini Mincivan qəsəbə 36 saylı dəmiryol orta məktəbində (sonradan Məhəmməd Əsədov adına orta məktəb) davam etdirib, orta məktəbi 1973-cü ildə bitirib...

Təhsili sevmişdi, müəllimlərini sevmişdi. Bu sevgi onun peşə seçimini də müəyyənləşdiribmiş. Müəllim olmaq istəyirdi. Əhliman müəllim kimi, Şamxal müəllim kimi, Süleyman müəllim kimi, Şəfiqə müəllim kimi, Rübabə müəllim kimi, Fərman müəllim kimi, Oktay müəllim kimi. Onun seçimini valideynləri də bəyənmişdi, müəllimləri də. “Yaxşı ustad davamçısı çox olan ustaddı, istedadlıların ustadı olmaq məsuliyyətlidi. Biz bu məsuliyyəti qürurla yaşayırıq. İllər sonra sinif otaqlarında nə vaxtsa bizim xeyir-duamızla müəllimliyi seçənlərin nəfəsi olacağını xatırlayanda həm də sevincin kükrəyir...”, - sonralar Tariyelin müəllimlərindən biri belə deyibmiş... Tariyel İbrahim oğlu SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) qəbul imtahanları verirdi. Həmin vaxtlarda qəbul imtahanından “əla” qiyməti ancaq rektorun razılığı ilə yazırdılar: “Əla” almaq istəyən abituriyentin son sorğularında rektor şəxsən iştirak edirdi. Tariyel ingilis dilindən imtahan verəndə rektor, professor Zenfira Verdiyeva da iştirak edib, Tariyelə onun razılığı ilə “əla” yazılıb. Bu, həmin dövr üçün olduqca qürurlandırıcı hadisə idi. Tariyelin valideynləri üçün də, müəllimləri üçün də, Tariyeli tanıyanlar üçün də. Şagird kimi necə məsuliyyətli idisə, tələbə kimi də elə məsuliyyətli oldu. Yaxşı oxuyurdu. İnstitutu da yaxşı və əla  qiymətlərlə bitirdi.

Aradan on illər keçəndən sonra da qayğıkeş və tələbkar müəllimlərini – İsmixan Rəhimovu, Oruc Musayevi, Rafiq Orucovu, Məryəm Qarayevanı, İnna Peçerskayanı, Həcər Nağıyevanı, Fikrət Seyidovu, Şərif Haqverdiyevi, Səməd Səmədovu, Fəridə Məmmədbəylini... ehtiramlarla xatırlayır.

O illərdə yaxşı tələbə ancaq yaxşı oxuyanlara deyilmirdi, həm də ictimai işlərdə fəallara deyilirdi; Tariyel yaxşı tələbə idi. Xətrini əzizləyirdilər. Müəllimləri də, tələbə yoldaşları da. Qrup komsomol təşkilatının katibi idi...

Azərbaycan Pedaqöji Xarici Dillər İnstitutu digər institutlardan müəyyən özünəməxsusluğuyla fərqlənirdi. Tələbələr xarici dil (dillər) öyrənirdi və öyrəndiyi dili mükəmməl mənimsəməliydi. Mükəmməl mənimsəmə həm də öyrənilən dilin leksik vahidlərini düzgün tələffüzü ilə bağlı idi. Tariyel Yolçiyev institutda keçirilən dil üzrə tələffüz yarışlarında 1975-ci ildə 2-ci, 1976-cı ildə isə 1-ci yeri tutmuşdu. İnstitutu 1978-ci ildə bitirdi (mən də həmin ildə həmin institutu bitirmişəm). O vaxtlarda ciddi təyinat bölgüsü olurdu, gənc mütəxəssis mütləq təyinat yerinə getməli idi. Dövlət bunu ciddi nəzarətdə saxlayırdı. Tariyelin təyinatını Qərbi Azərbaycanın Qafan rayonuna vermişdilər. Getmişdi. 1983-cü ilin iyununa kimi Qafan rayonunun Oktar kənd orta və Xələc kənd 8 illik məktəblərində ingilis dili müəllimi işləmişdi. Təyinat müddəti (üç il) bitdikdən sonra, 1983-cü ilin sentyabrında SSRİ Dövlət Xarici Turizm Komitəsində – “İnturist”in Bakı filialında tərcüməçi işlədi.

1987-ci ilin oktyabrında SSRİ Müdafiə Sənayesi Nazirliyinin xətti ilə imtahanlardan keçərək Hindistan Respublikasına uzunmüddətli ezamiyyətə göndərildi. Belə bir təyinatın əzəli zəmanəti bilik, savad olurdu, sonra mütəxəssisin dəyanəti, əqidəsi, dürüstlüyü. Bu xarakterə malik olmayana belə bir təyinat verilməzdi. 1987-ci ilin noyabrından 1990-cı ilin yanvarına kimi Hindistanın Mədrəs şəhərində hərbi zavodda tərcüməçi kimi çalışdı. O illərdə hind incəsənəti dünyanın maraq dairəsində idi və bu maraq Azərbaycana da sirayət etmişdi. Tariyel 1990-cı ilə kimi bu mədəniyyətin cazibəsində gözəl anlar yaşamışdı. Sonralar o illəri ömrünün möcüzə illəri adlandırırdı. Hindistanın abidələrini, adət-ənənələrini də sevə-sevə yaddaşına, yaddaşından könlünə köçürmüşdü. Hələ musiqisi. Hələ Raç Kapur! Hələ ruhun titrəyişinə dönən bədii filmlər! Hindistandan qayıdandan sonra yenidən “İnturist” sistemində böyük tərcüməçi-bələdçi vəzifəsinə təyin olundu, müxtəlif dövlət qurumlarının rəhbərliyini xarici ölkələrə müşayiət edirdi. Həm yaxşı mütəxəssis kimi, həm də səbatlı əqidəyə malik olan vətəndaş kimi respublikamızın rəhbəri olmuş Kamran Bağırovun, Ayaz Mütəllimovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin xarici dövlətlərin rəsmiləri ilə görüşlərində tərcüməçi kimi iştirak edib. Ona inanırdılar. Bu inam böyük səriştənin, Vətənə böyük sevginin, işə məsuliyyətin, dövlətçiliyə sədaqətin inamı idi.

Tariyel 1991-ci ildə Ağdam-Füzulidə, 1992-ci ildə isə Şuşa bölgəsində “Sərhədsiz həkimlər” təşkilatını müşayiət etmişdi. Tariyel xatırlayır ki, 1992-ci ilin fevral ayında Şuşaya uçduqları helikopter atəşə tutuldu. Bu baxımdan o da döyüşlər görüb. Xarici vətəndaş olan rəsmi sərnişinlərə Ermənistanın ədalətsiz müharibəsinin mahiyyətindən də danışıb, ermənilərin törətdiyi faciələrdən də. “Taleyimdən razıyam ki, Vətən üçün xarici rəsmilərə beş-üç kəlmə deyə bildim, öz dillərində. Öz ləhcələrində, özlərinin öyrəndikləri, bildikləri söz tərkibləri ilə...”, - Tariyel belə deyir. Bu kəlmələr də vətəndaşlığın təzahürüdür...

1992-ci ilin martında Tariyel Yolçiyevi Dövlət Neft Şirkətinə dəvət ediblər. Bu dəvət də digərləri kimi, kamil mütəxəssis amili ilə bağlı olub. Orada neft müqavilələrinin, bu sıradan “Əsrin müqaviləsi”nin hazırlanmasında iştirak edib, protokol şöbəsində rəis müavini vəzifəsində işləyib. Daha üstün təhsil almaq istəyirdi. Həm də dövrün zəruriləşdirdiyi sahədə. 1993-cü ilin aprelindən 1994-cü ilin sentyabrına kimi ABŞ-nin İndiana ştatında Vinsens Universitetində magistratura təhsilini, biznesin idarəedilməsi ixtisasını bitirib, fəaliyyətini yenidən SOCAR-da davam etdirib. 1996-cı ilin sentyabrınadək orada işləyib. 1996-cı ilin oktyabrından 1999-cu ilin martına kimi ABŞ-ın CONOCO neft şirkətinin Bakı ofisinin rəhbəri olub. “Salyan Oil” əməliyyat şirkətinin dəvəti ilə orada şirkətin böyük meneceri vəzifəsində çalışıb.

Tariyel Yolçiyev dövlətçiliklə bağlı hadisələri yaddaşında sədaqətlə yaşadır. 2002-ci ildə ölkə Prezidenti Heydər Əliyevlə xarici dövlətlərin rəsmi nümayəndələrinin görüşü də yaddaşındadı. Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətin tələblərinə cavab verməyi da bacarmışdı, istər biliyi, savadı, istərsə də erudisiyası, davranışı, bu və ya digər fikri çatdırma məharəti ilə protokol tələblərini də yerinə yetirirdi. Sonralar onun belə tədbirlərdə iştirakı mütləqləşmişdi. Tariyel tərcüməçi kimi, tərcüməçi-vətəndaş kimi böyük tarixi şəxsiyyətin rəğbətini qazanmışdı. Görüşlərdən sonra dövlət başçımız şirkətin işindən razı olduğunu bildirmişdi, daha mükəmməl fəaliyyət üçün xarici şirkətlərin nümayəndələrinə tövsiyə etmişdi ki, respublikamızın hər hansı bölgəsində həmin bölgənin sosial problemlərində fəal iştirak etsinlər, o sahələrə sərmayə qoymağı hazırladıqları iş proqramlarına daxil etsinlər. Dəyərli və gərəkli tövsiyə idi. Azərbaycançılıq tövsiyəsi idi, Azərbaycanın iqtisadi inkişafının daha da yüksəlişi baxımından tarixləşən tövsiyə idi. Bu görüşün nəticəsi idi ki, “!Salyan Oil” şirkəti növbəti illərdə sosial məsələlərdə fəal iştirak edərək Salyan rayonunda 7 məktəb, 3 kənd xəstəxanası, bir neçə idman kompleksi, ...inşa etmişdi, rayon ictimaiyyətinin, eləcə də dövlət sturukturlarının rəğbətini qazanmışdı. Bu işlərə rəhbərlik Tariyel Yolçiyevə tapşırılmışdı. “Bu tapşırıqlar yerinə yetirildikcə mənə elə gəlirdi ki, Vətənə vətəndaşlıq hesabatı verirəm. İşimin bəyənildiyini duyunca illəri Vətən üçün yaşamağımdan qürur duyuram. Bu, ömür deməkdi...”, - Tariyel Yolçiyev o illərin mahiyyətinin mənəvi üfüqlərini ömrünə sədaqətlə köçürüb... Tariyel Yolçiyev 2004-2005-ci illər Xəzər Universitetində “Neft Mühəndisliyi və Menecment” ixtisası üzrə magistraturanı bitirib. Neft sənayesindəki səmərəli fəaliyyətinə görə 2012-ci ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Dünyanın 36 dövlətində məsuliyyətli ezamiyyətlərdə olub, Azərbaycanı öz ixtisası müstəvisində təmsil edib. 2022-ci ildən təqaüddədir... “70 ilin hansı dövrünü, illərini daha həssaslıqla xatırlayırsan?” - soruşmuşdum. Sezilməsi çətin olmayan kövrəkliklə, “Uşaqlığımı. O illərdə atam-anam da vardı, duruluq daha gözəl idi...” - demişdi. Razılaşdıq ki, uşaqlığımızın, yeniyetməliyimizin ünvanına nəfəs-nəfəsə gedək. Onda Oxçu çayının dalğaları “Zəngilanım” şərqisinin nəqəratına dönsün...

 





01.07.2026    çap et  çap et