“2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatı üzrə dövlət proqramı çərçivəsində aqrar sektor üçün yeni yanaşmalar nəzərdə tutulur. Xüsusilə fermerlərin banklardan götürdüyü konversiya kreditləri üzrə subsidiyaların tətbiqi planlaşdırılır. Eyni zamanda birillik əkinlər üzrə yaranan qısamüddətli maliyyə ehtiyaclarının daha operativ şəkildə qarşılanması məqsədilə dövlət tərəfindən subsidiyanın bir hissəsinin ödənilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin maliyyə xərclərinin azaldılmasına, nəticə etibarilə isə ümumi istehsal xərclərinin optimallaşdırılmasına xidmət edəcək”.
İqtisadçı-ekspert Cəfər İbrahimli bunu 525.az-a söyləyib. İqtisadçı qeyd edib ki, kənd təsərrüfatında uzun illərdir girov problemi mövcuddur:
“Fikrimcə, bu sahədə girov mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Fermerlərin müqavilələr, torpaq sənədləri və reyestr çıxarışları əsasında əldə etdikləri hüquqların girov kimi daha çevik qəbul olunması kreditlərə çıxışı asanlaşdıra bilər. Bu isə həm banklar, həm də fermerlər üçün maliyyələşmənin daha sürətli və əlçatan olmasına şərait yaradar. İkinci mühüm məqam bu islahatların regionlarda emal sənayesinin inkişafına təsiri ilə bağlıdır. Bu addımların kənd təsərrüfatı ilə paralel olaraq emal sənayesini də gücləndirəcəyi gözlənilir. Çünki emal imkanları olmadan məhsulların satışı və realizasiyasında çətinliklər yaranır, bu da fermerlərin risklərini artırır”.
Sevinc Qarayeva
çap et