İşğaldan azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesi çərçivəsində təşkil olunan təlimlərin növbəti mərhələsi yekunlaşıb. Bu mərhələ üzrə Xocalı rayonu Təzəbinə və Xanabad kəndlərində keçirilən təlimlərdə 100 nəfər uğurlu nəticə göstərərək “Müvəffəqiyyət sertifikatı”na layiq görülüb. Ağdərə rayonu Suqovuşan qəsəbəsində təşkil olunan təlimlərdə isə 121 nəfər sertifikatla təltif olunub.
525.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, sessiyalar zamanı iştirakçılara elektron kənd təsərrüfatı sistemlərinin tətbiqi, meyvəçilik və tərəvəzçilik sahəsində müasir yanaşmalar, bitkiçilik və əkinçilik texnologiyaları, heyvandarlıqda düzgün bəslənmə və saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları barədə geniş məlumat verilib. Eyni zamanda, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin becərilməsi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri kimi vacib mövzular da əhatə olunub.
Həmçinin interaktiv formada təşkil olunan təlimlərdə azad edilmiş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı davranış qaydaları, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək mexanizmləri və mövcud imkanlardan istifadə yolları ətraflı şəkildə izah edilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu günədək işğaldan azad edilmiş ərazilərdə — Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində, Xocalı rayonunun Ballıca, Təzəbinə, Xanabad və Xanyurdu kəndlərində, Laçın rayonunun Zabux kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Ağdərə rayonunun Həsənriz kəndi və Suqovuşan qəsəbəsində yaşayan sakinlər üçün 229 təlim təşkil olunub. Bu təlimlərdə 729 nəfər proqramları uğurla başa vuraraq sertifikat əldə etmişdir.
çap et