İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda əsasən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edilib.
Şuranın sədri Mehriban Əliyeva çıxışında bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kiber təhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir.
Birinci vitse-prezident Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə məlumat verib. O bildirib ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Prezidentin köməkçisi Şahmar Mövsümov Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatlarının hazırlandığını bildirib. O qeyd edib ki, islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır.
Elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin rəqəmsallaşdırılması, "Rəqəmsal məktəb" layihəsinin icrası, elektron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə şagirdlərin rəqəmsal bacarıqlarının inkişafının və insan kapitalının gücləndirilməsinin prioritet olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda da rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyev bu ilin fevralın 27-də Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd ölkədə rəqəmsal transformasiya proseslərinin daha sistemli şəkildə idarə olunmasını təmin etmək, dövlət qurumları arasında koordinasiyanı gücləndirmək və bu sahədə vahid siyasətin həyata keçirilməsinə nail olmaqdır. Fərman rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya istiqamətlərində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların inkişafı, məlumat sistemlərinin inteqrasiyası və innovativ həllərin tətbiqi bu istiqamətdə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, milli texnoloji potensialı gücləndirmək və rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməkdir. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirilir. "Mygov" platformasının xidmət dairəsi genişləndirilir, son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb.
Eyni zamanda, ölkə başçısının müvafiq tapşırığına əsasən, dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinin icrasına rəhbər müavini səviyyəsində cavabdeh şəxslər təyin edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov "525"ə deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında süni intellekt və rəqəmsal inkişaf üzrə strateji istiqamətlər müzakirə edildi: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsasən ölkəmizdə qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunub. Əsas hədəflərdən biri də məhz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Əgər qlobal iqtisadi artım 3 faiz arasında dəyişirdisə, süni intellekt tərəfindən yaradılan dəyərdə artım illik 20 faizdən çoxdur. Növbəti dekadada bu sahədə 30 faizlik artım proqnozlaşdırılır. Bütün bunlar bir daha təsdiq edir ki, artıq rəqabət yalnız ənənəvi sektorlar deyil, həmçinin süni intellekt və rəqəmsal inkişaf üzrə aparılır. Bu kontekstdən Azərbaycanda həyata keçirilən sistemli tədbirlər bir tərəfdən bu sahədə daha çox dəyər yaratmaqla iqtisadi diversifikasiyanın sürətlənməsinə, digər tərəfdən isə iqtisadi artımın innovativ sektorlar vasitəsi ilə dəstəklənməsinə imkan yaradacaq".
Deputat deyib ki, Yol xəritəsində əksini tapan vacib istiqamətlərdən biri də bu sahədə qanunverici bazanın daha da möhkəmləndirilməsidir. Onun sözlərinə görə, "Kraudfandinq" haqqında Qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Bu layihənin qəbulu startaplar daxil olmaqla, kiçik və orta sahibkarların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq: "Beynəlxalq təcrübə göstərir ki, süni intellekt və rəqəmsal inkişafda startaplar xüsusi töhfəyə və paya malikdirlər. Bu baxımdan, bu sahədə qanunverici bazanın güclənməsi kontekstində "Startaplara Dövlət Dəstəyi" haqqında Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu startapların maliyyə resurslarına çıxış imkanlarını artırmaqla onların süni intellekt və rəqəmsal inkişafda rolunu daha da gücləndirərdi. Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək. Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intelektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intellekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu, ekosisteminin keyfiyyətcə daha da yenilənməsi üçün xüsusi baza formalaşdırır. Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə qeyri-neft ümumi daxili məhsulunun 2,8 faizi informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3,3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir".
İqtisadçı ekspert Elman Sadıqov isə "525"ə deyib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyevanın 3 önəmli sitatı ciddi təhlillər tələb edir. Birinci sitat budur ki, "Biz yaranan risklərə hazır olmalıyıq". Həqiqətən də süni intellekt, texnoloji inkişaf bir sıra ölkələr üçün ciddi risklər formalaşdırır. Bunlar təkcə hər birimizin hər gün mətbuatdan oxuduğumuz risklər deyil. Bu risklərin bir çoxu dövlətçilik, milli təhlükəsizlik, iqtisadi inkişaf və digər strateji istiqamətlər üzrədir. İndiyə qədər çeynənmiş klişe risklərdən əlavə, digər strateji risklərin də müəyyənləşdirilib yumşaldılması üçün tədbirlərin görülməsi növbəti 3 ilin əsas prioritetlərindən biri olacaq".
Onun sözlərinə görə, digər sitat budur ki, "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir". Ortaya siyasi iradə qoyulub, vizyon müəyyən olunub. Səsləndirilən bu vizyonu gerçəkləşdirmək üçün düzgün strategiyanın müəyyən olunması doğru sualların qoyuluşundan keçir.
Üçüncü vacib sitat isə budur: "Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır". Önəmli mesajdır. İqtisadiyyatda olduğu kimi, bu sahədə də copy-paste (kopyala yapışdır) yanaşması və ya bu məsələdə digər ölkələrin aktiv fazalarda cəlbi sonradan müəyyən fəsadlar yarada bilər: "Biz ayrı-ayrı iqtisadiyyatlarda da bu fəsadları görürük. Biz bu sahədə nə ediriksə, öz imkanlarımız, potensialımızla etməliyik. Ölkə Prezidentinin Fərmanı ilə yaradılmış bu Şura, Fərmanda qeyd olunan istiqamətlər, Şuranın iclasında Sədrin səsləndirdiyi fikirlər və qeyd etdiyim sitatlar siyasi iradənin olduğunun növbəti bariz nümunəsidir. Siyasi iradənin olması icranın 50 faizinin olması deməkdir. Qalan 50 faiz düzgün icra isə qeyd olunan vizyonun gerçəkləşməsi üçün müəyyən olunacaq peşəkar yanaşma, strateji addım, taktika və hədəflərin düzgün seçimindən, yanaşma tərzlərindən və qurumlarda bu məsələlərin vəzifəsindən asılı olmayaraq hər kəs tərəfindən mənimsənilməsindən asılıdır. Düşünürəm ki, iclasda səsləndirilən mesajlar və qeyd etdiyim 3 sitat qoyulan tapşırıqları yerinə yetirərkən əsas strateji istiqamətlərə çevriləcək".
çap et