Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun "525-ci qəzet"ə müsahibəsi.
- Cənab səfir, artıq il yarımdır ki, Azərbaycanda diplomatik missiyaya rəhbərlik edirsiniz. Ölkəmiz, insanlarımız və burada keçirdiyiniz müddət sizdə hansı təəssüratları yaradıb?
- Azərbaycan artan təsir gücünə malik çox dinamik inkişaf edən bir ölkədir. Mən Azərbaycanın tarixi və müasir ambisiyaları necə uzlaşdırmasına heyranam. Burada dərin köklərə malik ənənələri hiss edə bilərsiniz, lakin eyni zamanda, qurmaq, əlaqələri genişləndirmək və irəliyə doğru addımlamaq istəyini də aydın görmək olur. Bir diplomat üçün bu, işi həm mənalı, həm də dinamik edir.
Mənim xüsusilə dəyər verdiyim cəhətlərdən biri insanların səmimiyyəti və açıqlığıdır - burada söhbətlər çox isti və mehriban keçir. Həmçinin azərbaycanlıların öz keçmişini və tarixini yenidən kəşf etməsini yüksək qiymətləndirirəm. Ölkəniz haqlı olaraq bununla qürur duyur.
Xalqınız çoxsaylı çətinliklərdən keçib, işğalçıların Azərbaycan kimliyini silməyə yönəlmiş cəhdləri ilə üzləşib. Lakin Azərbaycan xalqı imperiya qüvvələrindən daha güclü olduğunu sübut edib. Siz fəxr edə bilərsiniz ki, xalqınız bir dəfə qaldırılan Azərbaycan bayrağının heç vaxt enməyəcəyini sübut etdi.

- Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? İkitərəfli əməkdaşlıqda hansı istiqamətləri prioritet hesab edirsiniz?
- Litva ilə Azərbaycan arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və praqmatizm prinsiplərinə əsaslanır. Coğrafi baxımdan bir-birimizdən uzaq ola bilərik, lakin bizi keçmişdən gələn bir çox oxşar tarixi səhifələr və bu günün praktiki maraqları birləşdirir.
Prioritetlər aydındır: siyasi əlaqələrimizi daha da gücləndirmək, mədəniyyət və təhsil, eləcə də tarixi yaddaşımızı yaşadan layihələr vasitəsilə xalqlarımız arasında dostluğu inkişaf etdirmək.
Biz nəqliyyat və logistika sahələrində əməkdaşlığı inkişaf etdirmək, ikitərəfli ticarət, rəqəmsallaşma, kənd təsərrüfatı, ətraf mühit və enerji sahələrində yeni imkanlar axtarmaq niyyətindəyik. Bundan əlavə, biznes dairələri arasında əlaqələrin, innovasiyaların və turizmin inkişafı üçün də böyük potensial görürəm.
- Ticarət-iqtisadi əlaqələrini, eləcə də enerji və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hansı perspektivlər var?
- Litva şirkətləri logistika, kənd təsərrüfatı, qida texnologiyaları, rəqəmsal həllər, ətraf mühit və təmiz enerji sahələrində öz təcrübələrini bölüşə bilərlər. Azərbaycan isə öz növbəsində iqtisadiyyatını şaxələndirir və yeni sektorlara investisiya yatırır.
Enerji, xüsusilə mühüm əməkdaşlıq sahəsidir. Azərbaycan artıq Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır və bərpa olunan enerji mənbələri bu əməkdaşlıqda yeni bir səhifə açır.

Dənizdə külək enerjisi, günəş enerjisi, enerji səmərəliliyi və yaşıl texnologiyalar, xüsusilə də bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulması kimi konkret sahələrdə əməkdaşlıq üçün böyük potensial görürəm. Litva özü böyük enerji transformasiyasından keçib, ona görə də enerji dayanıqlığının, yaşıl keçidin və səmərəli şəbəkə bağlantılarının strateji dəyərini başa düşürük.
- Siz nəqliyyat və logistika sahələrini qeyd etdiniz. Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzi kimi rolu nəzərə alınarsa, bu sahələrdə Litva ilə əməkdaşlığın artırılması üçün hansı imkanlar mövcuddur?
- Azərbaycanın coğrafi mövqeyi son dərəcə əhəmiyyətlidir. Orta Dəhliz və daha geniş Şərq-Qərb bağlantısı Avropa və Asiya üçün yeni imkanlar yaradır. Litva ən inkişaf etmiş logistika sektorlarından birinə və Klaypeda limanı vasitəsilə Avropa bazarlarına mühüm çıxışa malikdir. Nəqliyyat və logistika sektoru ölkənin ÜDM-nin təxminən 12 faizini təşkil edir (Avropa İttifaqı üzrə orta göstəricidən təxminən iki dəfə çox). Bu, sadəcə statistik rəqəm deyil, onilliklər ərzində topladığımız və paylaşmağa hazır olduğumuz təcrübənin sübutudur. Bu sahədə topladığımız təcrübə nəqliyyat sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Beləliklə, ölkələrimiz marşrutları, xidmətləri və təcrübəni birləşdirən təbii tərəfdaşlardır.
Bağlantılar təkcə coğrafiya ilə əlaqəli deyil, burada həm də sürət, etimad və ağıllı sistemlər həlledici rol oynayır. Məhz bu sahələrdə litvalılar yüksək səviyyəli təcrübəyə malikdirlər.

- Bakıda Litva məhsulları satılır. Bəs Litva bazarına Azərbaycan məhsullarının geniş çıxışı üçün hansı addımlar atıla bilər?
- Litva istehlakçıları getdikcə daha çox yeni, yüksək keyfiyyətli və orijinal məhsullara maraq göstərirlər. Azərbaycan məhsulları - nar, digər meyvələr, tərəvəzlər, fındıq, çay, zeytun yağı, şərab, tekstil və ənənəvi qida məhsulları Litva bazarında daha geniş yer tuta bilər. Bu məhsulların təşviqi üçün daha çox birbaşa biznes əlaqələrinə, ticarət sərgilərində iştiraka, dequstasiya tədbirlərinə, daha səmərəli logistika həllərinə və etibarlı distribusiya kanallarına ehtiyac var.
- Cənab səfir, bu günlərdə Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi üzrə ilkin razılıq əldə olunub. Litva Azərbaycan-Aİ münasibətlərinin inkişafına hansı töhfəni verə bilər?
- Litva Aİ-nin Azərbaycanla daha güclü və daha fəal əməkdaşlığını dəstəkləməyə sadiqdir. Çünki bu, qarşılıqlı faydalıdır. Avropa İttifaqı əməkdaşlığı iki istiqamətdə həyata keçirir: Azərbaycanla ikitərəfli formatda və Cənubi Qafqaz regionu ilə. Regiona münasibətdə Aİ-nin əsas strateji marağı Cənubi Qafqazda dayanıqlı və etibarlı sülhün bərqərar olmasıdır. Çünki bu, regionun malik olduğu geniş iqtisadi və inkişaf imkanlarının açılmasına gətirib çıxaracaq.
Gələn il Litva Avropa İttifaqı Şurasında sədrlik edəcək. Aİ Şurasında sədr ölkə kimi biz daha güclü Aİ-Azərbaycan əlaqələrini dəstəkləyəcəyik. Həmçinin Litvanın Aİ islahatlarında, eləcə də iqtisadi və ictimai sektorun transformasiyasında əvəzsiz təcrübəsi var. Düşünürəm ki, bu istiqamətdə də əməkdaşlıq hər iki tərəf üçün maraqlı ola bilər.
- Siz tez-tez Azərbaycanın regionlarına səfərlər edirsiniz. Hansı bölgəmiz sizi daha çox cəlb edib və bunun səbəbi nədir?
- Hər bir bölgənin özünəməxsus xüsusiyyəti var, buna görə də onlardan yalnız birini seçmək çətindir. Qəbələ, Lahıc və Şəki məni öz tarixi, memarlığı və atmosferi ilə çox təsirləndirib. Bu şəhərlərdə mədəniyyətin hər küçədə yaşadığını hiss edirsən.
Mən Şuşa, Kəlbəcər, Xankəndi və Qarabağın digər yerlərini ziyarət etdim. Qarabağda aparılan yenidənqurma işləri və təbiətin gözəlliyi məni heyran etdi. Həmçinin cənub bölgələrini - Lənkəran və Leriki dağları, qonaqpərvərliyi və çay mədəniyyəti ilə sevirəm. Lənkərandan yenicə, iyunun 28-də qayıtmışam. Həmin səfərlə bağlı xoş xatirələr hələ də çox təzədir.

Mənim üçün bölgələrə səfər etmək çox vacibdir. Azərbaycanı daha yaxşı başa düşmək istəyirəm və buna görə də ölkənizin müxtəlif bölgələrinə tez-tez səfər etməyə çalışıram. Bölgələr bu ölkənin gözəlliyini üzə çıxarır.
- Azərbaycanın zəngin mədəni irsi, incəsənəti və ənənələri barədə təəssüratlarınız necədir? Sizcə, iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığı üçün hansı yeni imkanlar mövcuddur?
- Azərbaycanın mədəni irsi olduqca zəngindir, muğam və xalçalardan tutmuş ədəbiyyata, memarlığa, müasir incəsənətə və mətbəxə qədər. Mənim üçün xüsusilə maraqlı olan məqamlardan biri də ənənələrlə müasir yaradıcılıq arasındakı tarazlıqdır. Litva və Azərbaycan mədəniyyət sahəsində birlikdə daha çox iş görə bilərlər. Biz muzeylər arasında əməkdaşlığı inkişaf etdirə, incəsənət nümayəndələrinin mübadiləsini həyata keçirə, birgə sərgilər, musiqi layihələri, film nümayişləri, eləcə də ədəbiyyat və tarixi yaddaşa həsr olunan tədbirlər təşkil edə bilərik.
Gələn il hər ikisi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında daxil edilən Azərbaycan muğamı və Litvanın sutartinesinə (mahnı növü) həsr edilmiş birgə konsert keçirməyə ümid edirik. Bu günlərdə Litva səfirliyi Azərbaycan Yazıçılar Birliyi və Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəblə birlikdə repressiya qurbanlarının xatirəsini və Mikayıl Müşfiqin böyük irsini yad etmək üçün tədbir təşkil etdi. Ümid edirəm ki, hər iki ölkənin tarixi yaddaşını yaşadan belə tədbirləri gələcəkdə də davam etdirə biləcəyik. Həmçinin Azərbaycan şairi Mikayıl Müşfiqin yaradıcılığını və həyat yolunu Litva ictimaiyyətinə daha yaxından tanıtmağa nail olacağımıza ümid edirəm.
- Cənab səfir, son olaraq, təhsil sahəsində Azərbaycan və Litva arasında əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Tələbə və müəllim mübadiləsi, eləcə də universitetlərarası əməkdaşlığın genişləndirilməsi üçün hansı perspektivlər var?
- Təhsil əməkdaşlığımızın perspektivli sahələrindən biridir. Mən tələbə mübadiləsinin genişlənməsini, birgə elmi tədqiqatların aparılmasını, müəllimlərin mobilliyinin artırılmasını və universitetlər arasında birbaşa tərəfdaşlıqların inkişafını görmək istərdim. Təhsil uzunmüddətli əlaqələr yaradır. Litvada təhsil alan tələbə təkcə diplom qazanmır, eyni zamanda ölkəmizlə şəxsi bağlar qurur. İyun ayında fəal məzunlarla birlikdə Litvada və ümumilikdə Baltikyanı ölkələrdə təhsil almış azərbaycanlıların ilk məzun görüşünü təşkil etdik. Hazırda qeydiyyat prosesindən keçən məzun təşkilatının aktiv fəaliyyət göstərəcəyinə ümid edirəm. Düşünürəm ki, Litvada təhsil alan çoxsaylı azərbaycanlılar bu gün ölkələrimiz arasındakı dostluğa töhfə verən ən yaxşı səfirlərdir.
- Cənab səfir, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Pərvanə SULTANOVA
çap et