Bu günlərdə Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər. Bu fərman ixracın dəstəklənməsi üçün yeni maliyyə mexanizminin hüquqi əsasını yaradır.
Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub. Onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, rəqabət qabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənib.
İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son illər Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən biri olan qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasına xüsusi önəm verilib. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti materialları, maşınqayırma və digər sahələrdə istehsal imkanları genişlənib. Lakin ixrac prosesində xüsusilə kiçik və orta sahibkarların qarşılaşdığı əsas problemlərdən biri əlavə xərclərin yüksək olması ilə bağlıdır. Məsələn, gömrük rəsmiləşdirilməsi zamanı ödənilən yığımlar bəzi hallarda ixracın rentabelliyinə mənfi təsir göstərir. Yeni fərman isə məhz bu çətinliyi aradan qaldırmaq məqsədi daşıyır: "Bundan sonra Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını xarici bazarlara çıxaran mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ödədikləri gömrük rəsmiləşdirilməsi xərcləri dövlət tərəfindən kompensasiya olunacaq. Bu yanaşma sahibkarların maliyyə yükünü azaltmaqla yanaşı, ixrac əməliyyatlarını daha cəlbedici və sərfəli edəcək. Xatırladım ki, indiyədək respublikada ixrac təşviqi mexanizmləri əsasən məhsulun ixrac dəyərinə görə verilən təşviqlər, sərgilərdə iştirakın maliyyələşdirilməsi, "Made in Azerbaijan" brendinin daha geniş coğrafiyada təqdim olunması və marketinq dəstəyi formasında həyata keçirilirdisə, sözügedən fərmanın icrası bu prosesin stimullaşdırılması üçün maliyyə baxımından yeni sisteminin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Başqa sözlə, sənəd ixracın inzibati və maliyyə xərclərinin azaldılmasını şərtləndirir. Belə bir yanaşma isə dövlətin artıq təkcə ixracın nəticəsini deyil, eyni zamanda, bu prosesin təşkilini də maliyyə baxımından dəstəkləməsi deməkdir. Eyni zamanda, bu, beynəlxalq təcrübədə geniş istifadə olunan "ticarətin asanlaşdırılması" siyasətinin mühüm elementlərindən biridir".
Millət vəkiliin sözlərinə görə, fərmanın diqqətçəkən xüsusiyyətlərindən biri də onun yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinə şamil edilməsidir. Bu isə təsadüfi deyil. Çünki böyük şirkətlər, adətən, kifayət qədər maliyyə imkanlarına və logistika resurslarına malik olur. Kiçik müəssisələr isə xarici bazarlara çıxarkən əlavə xərclər səbəbindən daha çox çətinliklə üzləşir. Dövlət məhz bu kateqoriyaya aid sahibkarları dəstəkləməklə yeni ixracatçıların formalaşmasına şərait yaradır: "Bu siyasət nəticəsində ixracatçıların sayı getdikcə artacaq, regionlarda fəaliyyət göstərən müəssisələrin xarici bazarlara çıxışı genişlənəcək, kənd təsərrüfatı və emal sənayesi məhsullarının satış imkanları çoxalacaq, yeni iş yerlərinin yaradılması sürətlənəcək. Eyni zamanda, Azərbaycan mənşəli məhsulların təşviqi daha çox diqqət mərkəzində saxlanılacaq. Mexanizmin hazırlanması zamanı bir sıra vacib məsələlərin nəzərə alınması onun səmərəliliyini daha da artırar. Bunun üçün, ilk növbədə, dövlət dəstəyi bütün qeyri-neft məhsullarını əhatə etməməlidir. Prioritetlər müəyyən edilərkən məhsulların strateji əhəmiyyəti, daxili bazarın təminatındakı rolu və ixrac potensialı kompleks şəkildə qiymətləndirilməlidir. Əgər hər hansı məhsulun ölkə daxilində istifadəsi iqtisadi və sosial baxımdan ixracından daha çox fayda yaradırsa, həmin məhsulun xaricə satışının əlavə təşviqinə ehtiyac olmaya bilər. Buna görə də dəstək daha çox yüksək əlavə dəyər yaradan və milli iqtisadi maraqlara uyğun gələn məhsullara yönəldilməlidir".
Ekspertlərin fikrincə, dəstək bütün qeyri-neft məhsullarına avtomatik şəkildə tətbiq edilməməlidir. Məhsullar seçilərkən onların strateji əhəmiyyəti, daxili tələbatın ödənilməsindəki rolu və ixrac potensialı nəzərə alınmalıdır. Əgər hər hansı məhsulun daxili bazarda istifadəsi və ölkə iqtisadiyyatına və Azərbaycan istehlakçısına verdiyi fayda onun ixracından əldə olunan faydadan daha yüksəkdirsə, həmin məhsulun ixracı təşviq edilməməlidir. Dəstək əsasən ölkəyə əlavə gəlir gətirən və ixracı milli maraqlara uyğun olan məhsullara yönəldilməlidir. İxrac ölkələri və ya ölkə qrupları müəyyən edilərkən daha uzunmüddətli perspektivdən yanaşmaq məqsədəuyğun olar. Hüquqi bazanın tez-tez dəyişdirilməsi praktik olmadığı üçün potensial ixrac bazaları mümkün qədər geniş nəzərə alınmalıdır. Nəticədə, dəstək yalnız faktiki ixrac həyata keçirildikdə veriləcəyindən, geniş yanaşma gələcək imkanların qarşısını almadan çevikliyi təmin edə bilər.
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın yeni tələblərə uyğun dəstəklənməsi, xüsusilə də ixracyönümlü qeyri-neft məhsullarının istehsalına təkan verilməsi istiqamətində çox mühüm addımlar atılır. Bu addımlar iqtisadiyyatın qeyri-neft sektorunun, ələlxüsus da kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verməklə, Azərbaycan iqtisadiyyatında artım dinamikasını sürətləndirəcək.
Sevinc QARAYEVA
çap et