"Valyuta məzənnəsində baş verən dəyişikliklər ilk növbədə qiymətlərə və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Valyuta məzənnəsində dəyişikliklər istehlak bazarına ən çox qiymətlər kanalı ilə təsir edir. Əgər milli valyuta dəyər itirirsə, idxaldan asılı olan məhsullar bahalaşır. Azərbaycanda bir çox ərzaq məhsulları, məişət texnikası, elektronika və avtomobil ehtiyat hissələri idxal hesabına formalaşdığı üçün məzənnədə zəifləmə bu məhsulların qiymətlərində artım yaradır. Bu artım tədricən pərakəndə satışa da ötürülür və mağazalarda ümumi qiymət səviyyəsi yüksəlir".
Bunu iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert qeyd edib ki, qiymətlərin artması əhalinin alıcılıq qabiliyyətini azaldır. Eyni gəlirlə daha az məhsul və xidmət almaq mümkün olur. Bu isə istehlakçıları daha ucuz alternativlərə yönləndirir və bazarda davranış dəyişikliyi yaradır. Məsələn, brend məhsullar əvəzinə daha ucuz analoqlara tələbat arta bilər və ya bəzi qeyri-zəruri xərclər təxirə salına bilər.
Akif Nəsirli bildirib ki, idxaldan asılı şirkətlər üçün maya dəyəri yüksəlir, bu isə ya qiymət artımı, ya da mənfəət marjasının azalması ilə nəticələnir: "Yerli istehsalçılar isə müəyyən hallarda rəqabət üstünlüyü qazana bilər, çünki idxal məhsulları bahalaşdığı üçün yerli məhsullar nisbətən daha cəlbedici olur. Eyni zamanda bazarda qeyri-müəyyənlik artır. Valyuta sabit olmadıqda bizneslər uzunmüddətli müqavilələrdən çəkinə bilər, ehtiyatla qiymət formalaşdırar və bəzi hallarda stoklama davranışı güclənər. Bu da qısa müddətdə qiymətlərin daha dəyişkən olmasına səbəb ola bilər. Ümumiyyətlə, məzənnə dəyişiklikləri istehlak bazarında həm qiymət səviyyəsini, həm də istehlak davranışlarını dəyişdirən əsas iqtisadi faktorlardan biridir və təsiri ən çox gündəlik tələbat mallarında hiss olunur".
İqtisadçı ekspert İlqar Hüseynli deyib ki, valyuta məzənnəsində baş verən dəyişkənlik həmin ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir: "Xüsusilə idxaldan asılı olan ölkələrdə bu təsir daha kəskin hiss olunur. Azərbaycan da istehlak malları baxımından xarici bazardan asılı olduğu üçün valyuta məzənnəsindəki dəyişikliklər gündəlik istehlak bazarına birbaşa təsir edir. Bu məsələni bir neçə aspektdən izah etmək olar. Birincisi, Azərbaycanda istehsal prosesi kifayət qədər inkişaf etməmişdir. Hətta daxili istehsal mövcud olsa belə, bir çox məhsulların istehsalında xarici xammaldan istifadə olunur. Bu da ölkəni dolayı yolla idxaldan asılı vəziyyətdə saxlayır. Nəticədə valyuta məzənnəsindəki dəyişikliklər qiymətlərə birbaşa təsir göstərir. Məsələn, sahibkarlar xaricdən məhsulları əsasən xarici valyuta ilə alırlar. Manatın məzənnəsində baş verən dəyişikliklər isə daxili bazarda qiymətlərin artıb-azalmasına səbəb olur. Nəticə etibarilə əhalinin alıcılıq qabiliyyəti zəifləyir və xərcləmə davranışında dəyişikliklər baş verir. İnsanlar daha çox qənaət rejiminə üstünlük verməyə başlayırlar".
Ekspertin dediyinə görə, əhali əldə etdiyi milli valyutanı xarici valyutaya çevirməyə və ya onu qorumağa daha çox meyilli olur: "Bu da istehlak bazarında ümumi xərcləmələrin azalmasına gətirib çıxarır. Azərbaycan formal olaraq tam üzən məzənnə rejiminə keçməsə də, manatın sabit saxlanılması üçün dövlət tərəfindən valyuta ehtiyatlarından istifadə olunur. Bu isə müəyyən iqtisadi balansın qorunmasına xidmət etsə də, uzunmüddətli perspektivdə əlavə təzyiqlər yaradır. Nəticə olaraq, valyuta məzənnəsindəki dəyişikliklər həm qiymətlərin formalaşmasına, həm də əhalinin iqtisadi davranışına birbaşa təsir göstərir. İdxal məhsullarının bahalaşması, gəlirlərin yalnız milli valyutada olması və insanların qənaətə meyilli davranışı bu prosesin əsas nəticələrindəndir. Eyni zamanda, insanlar əldə etdikləri vəsaiti daha çox xarici valyutada saxlamağa və ya daşınmaz əmlak kimi investisiya vasitələrinə yönəltməyə üstünlük verirlər. Belə vəziyyətlərdə istehlak davranışlarında da dəyişikliklər müşahidə olunur. İnsanlar daha çox premium və bahalı məhsullar əvəzinə nisbətən ucuz və funksional məhsullara üstünlük verməyə başlayırlar. Bu dəyişikliklər xüsusilə xidmət sektorunda daha aydın görünür. Turizm sahəsini nümunə götürsək, valyuta məzənnəsindəki dəyişikliklər və xarici səfərlərin bahalaşması nəticəsində insanlar alternativ, daha sərfəli xidmətlərə yönəlirlər. Logistika xərclərinin artması da ümumi xidmət qiymətlərinə təsir göstərir. İstehlakçılar daha ucuz və əlçatan xidmətlərə üstünlük verməyə məcbur qalırlar. Bu da xidmət sektorunda rəqabətin və seçimlərin dəyişməsinə səbəb olur. Ümumilikdə, valyuta məzənnəsində baş verən dəyişikliklər istehlak bazarına ciddi təsir göstərir və insanların xərcləmə vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdirir".
Sevinc QARAYEVA
çap et