525.Az

Yazıçılar və personajları


 

Yazıçılar və personajları<b style="color:red"></b>

Uğurlu yazıçı olmağın göstəriciləri çoxdur və onlardan biri yaddaqalan personaj yaratmaqdır. Bəzən yaradılmış personajların məşhurluğu yazarınkını qat-qat üstələyir. Məncə, Şerlok Holms olduqca uğurlu nümunə ola bilər. Mümkün haldır ki, kimsə Şerlok Holmsun yaradıcısı Artur Konan Doylun adını eşidib tanımasın, amma mütləq Şerlok Holms adı ilə haradasa rastlaşıb. Əslində bu, yazıçı üçün böyük xoşbəxtlik, təqdirəlayiq uğurdur. Bəs yazıçılar personajları nəyə əsasən yaradır? Məncə, ən təsirli faktor yazıçının özü, həyat tərzi və ya yaşadıqlarıdır. Məsələni izah etmək üçün Cek London yaxşı seçimdir. Cek London dənizçi idi, dənizçilərin peşə xüsusiyyətlərinə, dənizin onlara qazandırdığı bədən forması, xarakter və başqa məsələlərə yaxşı bələd idi. Odur ki, Martin İden kimi dənizçi obrazını yaratmaq ona çətin olmayıb. Cek London dənizə o qədər bağlı idi ki, "Dəniz canavarı" başda olmaqla bir çox əsərində dəniz ya mərkəzi yer tutur, ya da haradasa xatırlanır. Bundan başqa, Cek London həm də həvəskar boksçu idi. Boksun sirlərinə, onun insan psixologiyasına təsirinə və boksçu düşüncəsinə yaxşı bələd idi. Odur ki, boks üzərində qurulan "Oyun" povestini yazmaq, yəqin ki, ona çox zövq verib (Əsas personaj olan Co həm də yelkən təmiri ilə məşğul idi). Ümumiyyətlə, Cek London təbiəti və həyat tərzi baxımından öz əqidəsində əsl kişi, "mujik" və ya "yaxşı oğlan" düşüncəsini daşıyırdı və onun personajları da elə idi. Onlar güclü, qorxusuz, ataman xarakterli, haqsızlığa qarşı çıxan və hər an ağır mübarizəyə hazır insanlardır.

Maraqlıdır ki, Kafka, onun personajları, ideyaları və ya təsvir etdiyi ümumi ab-hava tamam fərqlidir. Kafka yaradılışı etibarilə həm bədəncə, həm də xaraktercə zəif biri olub. Zəiflik, süstlük, daimi şikayət "Milenaya məktublar", "Atama məktub" (bunlar bədii kitab deyil) və başqa işlərində açıq-aydın görünür. Kafkanın personajları da onun kimidir. Belə ki, yazıçının - onları yaradan şəxsin bütün xüsusiyyətləri personajlara da sirayət edib. Odur ki, "Çevrilmə"nin Cek Londonun yox, məhz Kafkanın qələmindən çıxması heç təəccüblü görünmür.

Yazıçıların hansı personajları yaratmalarında, nəyə və kimə üstünlük vermələrində əsas təkanverici amillərdən biri də yazıçının maraq və dəyərləridir. Məsələn, Jül Vernin elmə sevgisi, təbiətə, bizi əhatə edən aləmə şiddətli marağı olmasaydı, çətin ki, "Yerin mərkəzinə səyahət", "Suyun altında 20.000 lye", "Aya səyahət", "80 günlük dünya səyahəti", "Hava şarında 5 həftə" və başqa əsərləri yaza bilərdi. Professor Lidenbrok, Kapitan Nemo, Professor Aronnaks, Barbiken, Mişel Ardan və digərləri elmə maraq, öyrənmə eşqi və kəşf etmə şövqü ilə seçilir. Onların təbiətində bilinməyənə qarşı güclü cazibə, təbiəti və kainatı dərk etmək istəyi, həmçinin insan ağlının imkanlarına inam əsas yer tutur.

Yuxarıda haqqında danışılan yaradıcılıq prinsipi təkcə elmi-macəra ədəbiyyatı üçün deyil, başqa janrlarda yazılmış əsərlər üçün də xarakterikdir. Bu mənada Fərman Kərimzadənin oxucu kimi məndə yeri ayrıdır. Fərman Kərimzadənin də Hüseyn bəy Lələ Şamlı, Şah İsmayıl, Pənahəli xan, Kərbəlayi İsmayıl kimi olduqca uğurlu tarixi-bədii personajları yarada bilməsi məhz onun tarixə, həmçinin vətənə bağlılığı ilə birbaşa əlaqəlidir. Digər böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığı isə böyük ölçüdə cahillik, fanatizm, xurafat ilə mübarizə, elmə, ağıla bağlılıq dəyərləri üzərində qurulmuşdur. Bu səbəbdən onun qələmindən savadsızlıq timsalı olan Novruzəli, fanatik istismarçı Şeyx Nəsrullah, mübariz İsgəndər, Gülbahar kimi personajlar yaranıb.

Mövzunu daha dərindən araşdırdıqda məlum olur ki, həyat tərzi, maraq və dəyərlər kimi faktiki şərait, mövcud olan vəziyyət də yazıçıların yaratdığı personajlara güclü təsir göstərir. Məsələn, dahi rus yazıçısı Turgenevin "Atalar və oğullar" kitabının əsas mövzularından biri nihilizmdir və görürük ki, bu cərəyan XIX əsrdə Rusiya İmperiyasında olduqca populyar olub. Turgenevin də Rusiyada tüğyan edən bu cərəyandan təsirləndiyi məlumdur. Onun yaratdığı Bazarov nihilizmin bütün xüsusiyyətlərini daşımaqla bərabər, həm də özünəməxsus cəhətləri ilə çox yaddaqalandır. O, məğrurdur, bir çox şeyə etinasızdır, emosiyalarının təsirində deyil, çox şeyi mənasız görür və heç nəyə görə təəccüblənmir. Hətta ölümü belə normal, mətanətlə qarşılayır. Bu, bəlkə də bəşərin yüksələ biləcəyi ən uca zirvədir. Çünki nəfsani istəklərdən və kiçik məqsədlərdən ucadır.

Yaradıcılığa siyasi-fəlsəfi mühit böyük təsir göstərsə də, ona ən şiddətli formada təsir edən ətraf-mühit halı, yəqin ki, müharibədir. Erik Maria Remarkın dünyaca məşhur "Qərb cəbhəsində yenilik yoxdur" kitabı, Haynrik Teodor Böllün möhtəşəm əsəri "O illərin çörəyi" müharibənin dəhşətini təsvir edən ən nəfəskəsici işlər arasında göstərilə bilər. Bu əsərlərdə diqqət mərkəzində olan əsas cəhət personajların müharibə şəraitində formalaşan xarakteridir. Remarkın əsərində Birinci Dünya müharibəsində gənc əsgər obrazları qorxu, yorğunluq və ümidin itməsi ilə seçilir. Böllün personajları isə İkinci Dünya müharibəsindən sonrakı həyatda sadəlik, yoxsulluq və daxili boşluq içində təqdim olunur. Hər iki yazıçı personajlar vasitəsilə müharibənin insan üzərində yaratdığı dəyişimi göstərir.

Siyasi-fəlsəfi və hərbi-iqtisadi mühit yazıçıların yaratdıqları personajların necəliyinə təsir etdiyi kimi, texnoloji inkişaf da təsirsiz ötüşmür. Texnoloji inkişaf ilə birlikdə nəinki robot personajlar görünməyə başlayıb, artıq onları heç kəs yadırğamır. Piter Braunun "Vəhşi robot", Li Bekonun "Sonuncu insan" kitabları və başqa nümunələr artıq kifayət qədər populyarlıq qazanıb.

Beləliklə, personajlar yalnız yazıçının təxəyyülünün məhsulu deyil. Onların formalaşmasında müəllifin xarakteri, həyat təcrübəsi, maraqları, dəyərləri, yaşadığı dövr və cəmiyyət mühüm rol oynayır. Buna görə də bəzən personajları öyrənməklə onları yaradan yazıçını da daha yaxından tanımaq mümkün olur. Buna görə ədəbiyyat təkcə maraqlı hekayələr deyil, həm də insanı və cəmiyyəti anlamağın ən təsirli vasitələrindən biridir.

 





03.07.2026    çap et  çap et